Qazax ziyarəti

0
1563
“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov zatən torpağa, yurda, mahala bağlı bir insan kimi vaxtı imkan verdikcə rayona baş çəkməyi, doğmalarla görüşüb hal-əhval tutmağı, xüsusilə ağbirçək anası Hava xanıma ziyarət etməyi özünün mənəvi borcu bilir. İkinci tərəfdən Birliyin sədri kimi mahalda baş verən mötəbər tədbirlərdə iştirak etmək üçün son zamanlar rayonda daha tez-tez görünür. Həm Qazağın icra başçısı Rəcəb müəllimlə, həm də Ağstafanın icra başçısı Məhərrəm müəllimlə yaxın dostluq münasibətləri belə təmasları və görüşləri daha dinamik, daha müntəzəm edir.
Bu yaxınlarda İlham müəllimin Qazax mahalına səfərinin əsas sbəbi türk dünyasının böyük ozanı Ədalət Nəsibovun məzarüstü abidəsinin tikintisinə start verilməsi üçün heykəlin müəllifi Natiq Əliyevin (az sonra bu dünya şöhrətli, tanınmış heykəltaraş haqqında daha müfəssəl məlumat verəcəyik) iştirakı ilə Rəcəb müəllimlə görüşüb, məsləhət-məşvərət, müzakirə aparmaq ehtiyacı oldu. Yeri gəlmişkən, qeyd edək ki, səxsən İlham müəllimin rəhbərliyi ilə bərqərar olmuş hazırlıq qrupunun seçimindən, Rəcəb müəllimin bəyənməsindən, aşığın ailə üzvləri və bu sahənin mütəxəssisləri ilə, eləcə də, Teymur Bünyadov, Nəriman Həsənzadə kimi ağsaqqallarla, Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı ilə, akademik Nizami Cəfərov kimi mahalın tanınmışları ilə razılaşmadan sonra ustadın haqqa qovuşmasının ildönümü ərəfəsində abidə-kompleksin tikilib tamamlanması nəzərdə tutulmuşdur. Qazax rayonu İcra Hakimiyyətindəki görüşün məna və mahiyyətinin ana xətti məhz bu məsələydi. Bura abidənin maketi gətirildi, baxış keçirildi və bir daha hamı tərəfindən bəyənildi. Aşığın sazını sinəsində tutmuş şəkildə heykəlin postamentinin hündürlüyü 4 metrə yaxın, eni 1,8 metr olan yüksək keyfiyyətli qranitin içərisində yonulacaq. Heykəlin arxa hissəsində beş metr enində, dörd metr hündürlüyündə xüsusi formalı divar inşa ediləcək. Komplesdə nəzərdə tutulmuş sinə daşı boyunca hazırlanan hamar səthin uzunluğu isə yeddi metrdən çox olacaq. Birlik rəhbərininvə onun yaratdığı təşəbbüs qrupunun, eləcə də ustadın ailə üzvlərinin maliyyə dəstəyi ilə əmələ gələcək heykəlin digər tamamlama işlərini -fon və fasadının, qəbristanlığın girişindən kompleksə qədər uzanacaq pilləkənvari hərəkət zolağının xərclərini isə Rəcəb müəllim öz öhdəsinə götürdü. O, müzakirə zamanı arxa divarın səthini, 35 kvadratmetrlik sinə səthinin və hərəkət zolağını bəzəyəcək,heykəltəraşın nəzərdə tutduğu adi aqilay daşlarının xaricdən gətirilmiş yağışa, istiyə davamlı, uzun ömürlü xüsusi üzlük materialları ilə əvəz olunması təklifini də irəli sürüb, bunun da maliyyə tərəfini öz ohdəsinə götürdü. Bu davamlı diqqətə, yardıma görə biz qazaxlılar, bütövlükdə Türk dünyasının saz sevərləri, Ədalət sənətinə və ruhuna pərəstiş edənlər ona öz minnətdarlığımızı bildiririk. İlham müəllim, Rəcəb müəllim başda olmaqla bu işdə xüsusi canfəşanlıq göstərən hər kəsə ictimaiyyət adından “çox sağ olun”- deyirik. Bu insanlar həm də özlərinin şərəfli tarixə qovuşacaq ömürlüyünün bir hissəsini yazırlar. Çünki, əminik ki, sonda həmin abidə bütün zamanların ozan-aşıq ziyarətgahına çevriləcək. Sağlıq olsun.
Abidədən söz düşmüşkən, sevgilərlə bildirək ki, bu günlərdə Xaçmaz rayonunun mərkəzindəki mədəniyyət parkında qurulmuş abidələr içində Aşıq Ələsgər və Aşıq Şəmşirlə yanaşı Ədalət Nəsibovun büstü də gözləri-könülləri sevindirəcək. Aşıqlar Birliyinin sədri Məhərrəm müəllimin bu təklifini böyük məmuniyyətlə nəzərə alan Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ayın 28-də nəzərdə tutulmuş açılış mərasiminə həm Aşıqlar Birliyinin sədrini, həm də Qazax Xeyriyyə İctimai Birliyinin sədrini öz nümayəndələriylə birgə dəvət eləmişdi. Başçının xaricə rəsmi səfəri ilə əlaqədar təxirə düşən tədbirin iyul ayının əvvəllərində baş tutacağı gözlənilir. Ümumiyyətlə, başçı Şəmsəddin Xanbabayev Xaçmazda çox böyük quruculuq işləri görüb və görməkdədir. Öz fəaliyyəti dövründə hər yerdə yadda qalan işlər görmüş Şəmsəddin müəllimin uzun illərdi Xaçmazda ərsəyə gətirdiyi abadlıq, quruculuq işlərini də xaçmazlılar, bütövlükdə respublika ictimaiyyəti təqdir edir və minnətdarlıqla qiymətləndirirlər. Allah razı olsun!
Bilməyənlər üçün xatırladaq ki, Ədalət Nəsibovun heykəlinin müəllifi Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının professoru Natiq Kamal oğlu Əliyev ilk növbədə ölkə daxilində və xaricdə ümummilli lider Heydər Əliyevin bir sıra abidələrinin müəllifidir.
Onun əsasən 1987-ci ildən sonra yaratdığı bu səpkili əsərləri arasında paytaxtın müxtəlif binalarını bəzəyən Məmməd Səid Ordubadi (1987), Abdulla Şaiq (1988), Şövkət Ələkbərova (1996), İlyas Əfəndiyev (1997), Mirvarid Dilbazi (2004), Əli Tudə (2005), Cabir Novruz (2006), eləcə də Fəxri Xiyabanda qərarlaşan İlyas Əfəndiyev (1996), Həqiqət Rzayeva (1998), Cabir Novruz (2003), Bəşir Səfəroğlu (2005), Osman Mirzəyev(1992), Doktor Cavad Heyət (2015), Habil Əliyev (2016), Zəlimxan Yaqub (2017), akademik Cəlal Əliyev (2017) və akademik Rəfiqə Əliyevanın (2018) məzarüstü abidələrini qeyd etmək olar.
Natiq Əliyev bir sıra yüksək beynəlxalq mükafatlaravə mötəbər fəxri adlara layiq görülüb. O, 2008-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.
…İlham müəllim səfər əsnasında hər kəsin az qala ekizlər kimi qəbul etdiyi qardaşı Həsrət Pirməmmədovun sinif yoldaşları ilə birgə Daş Salahlı kənd orta məktəbini bitirmələrinin 45 illiyini keçirmə yığnağında iştirak edənləri təbrik etmək məqsədi də var idi. Keçən il məhz bu məkanda – Qarabulaqda xeyli qonaqlarn və bu yazının müəllifinin də qatıldıği tədbirdə İlham müəllimin də sinif yoldaşlarının məktəbi bitirmələrinin 45 illiyi böyük təntənə ilə qeyd olunmuşdu.
Rayonda nəzərdə tutduğu işgüzar görüşləri yekunlaşdırır və Damcılıya da baş çəkib məzunları salamlama məqamında Rəcəb müəllimin tövsiyəsi ilə tədbirə qoşulan rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı da onunla birgəydi. Hər ikisi də çıxış edərək məzunları təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. İlham müəllim, həmçinin “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin və bütün üzvlərinin adından məzunları 45 illikləri münasibətilə təbrik edərək, bu mehribanlığın, səmimiliyin ənənə halını alaraq gənc nəslə də nümunə olmasını arzu etdi.
Məzunlarla sağollaşdıqdan sonra İlham müəllim ona doğma olan İncə Dərəsinə – Astanbəyli kəndindəki Hacı Mahmud Əfəndinin türbəsini də ziyarət etmək qərarına gəlir. Bu dəfə də daimi yol yoldaşı, hamımızın sevimlisi, əslən Dərələyəz mahalından olan, Pirməmmədovlar ailəsinin ən əziz dostu Musayla birlikdə İncə Dərəsinə yollanırlar. Türbənin qənşərində dayanıb məqbərəyə daxil olanda giriş qapısının ağzında çoxdan tanıdığı, dəfələrlə ünsiyyətdə olduğu Hacı Nəbini görür. Belə deyək ki, Nəbi kişi İncənin sinəsi sözlü-söhbətli irfan kişilərindəndi və İlham müəllimlə köhnə dostları Ağamalı Sadiqin, Məmməd İlqarın, Akif Səmədin, Məmməd Dəmirçioğlunun, Nazim Əsədoğlunun, Əhməd Dərgahquliyevin, Rəfail İncəyurdun yanında görüb, rəğbət bəslədiyi bir ağsaqqaldı. Bu dəfə qırımından, yəni verdiyi salama aldığı “əleyküm-salam”ın tonundan başa düşür ki, Nəbi kişi onu tanımadı.
Əslində, bəlkə, onu qınamaq da olmazdı. Çünki həmin günü hava bir qədər bozardığına və həm də gün axşama döndüyünə görə, İlham müəllim özü də rahat yol geyimini sevdiyinə görə qalstuklu rəsmi geyimini idman paltarı ilə əvəz eləyib, idman kepkasını da başına qoymuşdu. Nə isə, Molla Nəbinin çaşqın durumundan istifadə edərək onunla zarafat eləmək həvəsinə düşür:
– Ağsaqqal, bu hansı kənddir?
– İncə Dərəsinin Astanbəyli kəndidir.
İlham müəllim gülməkdən özünü saxlayıb dialoqunu davam etdirir:
-Hə, bildim. Bəs bura haradı?
– Buramı? Eşitmiş olarsınız, məşhur övliya, nəqşi-bənd Hacı Mahmud Əfəndinin türbəsidi. Sınaqlı ziyarətgahdı.
– Hə, onda düz gəlmişəm. İcazə verin biz də ziyarət edək. Məni bura sənin dostun İlham Pirməmmədov göndərib. Mən də onun dostuyam.
Bu sözü eşidən kimi onsuz da boyu İlham müəllimin boyundan xeyli balaca olan Molla Nəbi onu çiynindən aşağı dartıb o üzündən, bu üzündən öpür və qayıdır ki:
– Heç bilirsənmi səni necə bir böyük insan, səxsiyyət göndərib. Ona mənim canım qurbandı. Bax, indi elə bil ki, buralar sənindi. İçəri keçin ziyarət eləyək.
Ayaqlarını ziyarətgahın həyətinə basanda İlham müəllim özünü saxlaya bilmir və ürəkdən güləndə Nəbi kişinin canına şübhələr dolur və zəndlə baxanda İlham müəllim onu çox intizarda qoymur. Kefqasını çıxarıb:
– Tanımadınma, a Molla Nəbi?
– Bıy sənin dərdin alem.
– Hə, bax, ay Nəbi kişi, 1:0 mənim xeyrimə.
Amma Hacı Nəbinin yanındakılar İlham müəllimi tanıyıblarmış. Odur ki, İlham müəllim üzünü onlara tutur:
– Məni tanımadığına görə indi bunu necə cərmələyim?
İlham müəllimin uca boyuna, iri biləklərinə diqqət yetirib qayıdırlar ki:
– Qollarından tut, qaldır göyə, burax, yerə düşsün. Bu da olsun cərimə…
Türbəni ziyarət etdikdən sonra həyətdə səliqə ilə quraşdırılmış stolun arxasında əyləşib İncə dərəsinin tarixindən, bu kəndin Azərbaycandakı, Qazaxdakı yerindən, mövqeyindən danışdırlar. Həmçinin bu kəndin sakinlərinin saza-sözə, sənətə verdikləri dəyərlər də müzakirə olunaraq bu kəndin yetirmələri olan şairlər, aşıqlar haqqında maraqlı xatirələr və fikirlər səsləndirildi…
Rəfail İncəyurd
 
 
 
 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here