Şair İbrahim İlyaslının 55 yaşı və yeni kitabının təqdimatı qeyd olundu

0
1985

Oktyabrın 6-da Atatürk Mərkəzində “Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilatçılığı ilə çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi İbrahim İlyaslının 55 illiyinə həsr olunmuş tədbir və çapdan çıxmış “Şair olmaq zülümdü” kitabının təqdimatı keçirildi. Şairin çoxsaylı oxucularının, qonaqların, qələm adamlarının və poeziyasevərlərin iştirak etdiyi tədbiri Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, akademik Nizami Cəfərov açaraq, İbrahim İlyaslının keçdiyi həyat yolundan söz açıb. Onu müasir Azərbaycan şeirndə öz dəst-xətti olan mükəmməl bir şair kimi səciyyələndirən N.Cəfərov, şairin yaradıcılıq məziyyətlərindən bəhs edib.

Tədbirin aparıcısı, professor Rüstəm Kamal, ilk öncə, İbrahim İlyaslı şeirinin poetik xüsusiyyətlərindən danışaraq, onun doğulub boya-başa çatdığı Qazax Mahalının İncə dərəsində yetişən qələm insanlarının yaradıcılığı barədə ətraflı söhbət açıb. R.Kamal İbrahim İlyaslını təkcə gözəl şair kimi deyil, həm də maraqlı publisist, tərcüməçi və redaktor kimi səciyyələndirib.

Fəlsəfə doktoru, dosent Yusif Alıyev, qurum yetkilisi olaraq “Qazax Xeyriyyə” İctimai Birliyi adından çıxış edərək, birliyin sədri, professor İlham Pirməmmədovun adından tədbir iştirakçılarına təşəkkür və minnətdarlıqlarını bildirərək İ.İlyaslını təbrik edib, ona yeni sənət uğurları arzulayıb. Y.Alıyev həmçinin onu da qeyd etdi ki, yaxın günlərdə məhz bu gözəl məkanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamının icrasına uyğun olaraq Azərbaycanın Xalq yazıçısı İsa Hüseynovun (Muğannanın) 90 illik yubileyi ilə əlaqədar Elmi-praktik konfrans keçiriləcək.

Azərbaycanın Gürcüstandakı keçmiş səfiri, tanınmış ziyalı Hacan Hacısoy, şairə Fərqanə Mehdiyeva İbrahim İlyaslıya xoş sözlərini yetirərək, ona həsr etdikləri şeirlərini oxuyublar.

BDU-nun professoru Nəsir Əhmədli, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, fəlsəfə doktoru, şairə Aadilə Nəzər, M. Kaşqari fondunun rəhbəri, şair Elxan Zal Qaraxanlı, DGTYB-nin yaradıcısı şair Əkbər Qoşalı, fəlsəfə doktoru, yazıçı Natəvan Dəmirçioğlu, jurnalist Aida Eyvazlı, tədqiqatçı-şair Hafiz Rüstəm, şair Mübariz Qaragözlü, şair Mikayıl Bozalanlı, rəssam Nəvai Mətin, şair Rəfail İncəyurd çıxış edərək onun yaradıcılığının incə çalarlarından danışıaraq, İbrahim İlyaslını yubileyi münasibətilə təbrik edib, ürək sözlərini dilə gətiriblər.

Tədbirdə Aşıq Şaiq İncəli və Aşıq Şəhriyar Qaraxanlı saz havaları üstdə şairin şeirlərindən oxuyublar.

Tədbirin sonunda söz alan şair İbrahim İlyaslı göstərilən diqqət və sayğı üçün “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov başda olmaqla İctimai Birliyin bütün üzvlərinə, Atataürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov başda olmaqla mərkəzin əməkdaşlarına və tədbirdə iştirak edənlərin hər birinə öz təşəkkürünü bildirib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here