Musiqimizin vurğunu, xiridarı, fədaisi

0
422

Şeirə, sənətə, musiqiyə, tarixə, təbiətə, xalqa, millətə, vətənə vurğunluq var. Özü-özlüyündə bu vurğunluq müqəddəsliyə varmaqdır. Fəqət, hər kəs vurğun ola bilirmi? Vurğunlarımız isə çoxdur, biri də önçül sənətkar, sevimli xanəndə, milli opera sənətinin nadir incisi, füsünkar səsini şam-çıraq edib ətrafına milyonları toplayaraq xalqın sevimlisinə çevrilən Baba Mahmudoğlu idi. Belə vurğunlar milli mədəniyyət tariximizdə qalır, ürəklərdə bəslənir, səsi daim radiolarda ekranlarda, qulaqlarımızda, qəlblərdə səslənir, xatırlanır və unudulmur. Nə yaxşı ki, B.Mahmudoğlu da unudulmazlar sırasındadır.

Azərbaycan musiqi mədəniyyətinin və xanəndəlik sənətinin Baba Mahmudoğlu səhifəsi var. Və düşünürük ki, bu səhifə həmişə vərəqlənəcək, heç vaxt solmayacaq, silinməyəcək, tanış olmağa, oxunmağa can atılacaq və qürur hissi keçiriləcək. Bu adın sahibi sənətin, səhnənin, milli operamızın, Azərbaycan xalq musiqisinin, aşıq havacatlarının, muğamların, bəstəkar mahnılarının vurğunu idi. Bir müğənni olaraq o, səsini, sənət fəaliyyətini musiqinin əksər janrlarına həsr etmiş və çox böyük nailiyyətlər qazanmışdı. Doğrudan da el nəğmələri, aşıq sənəti nümunələri, bütünlükdə xalq musiqisi ona doğma yurd, ata ocağı, ana dili, böyük vətən və ulu türk dünyası qədər əziz idi. Musiqiyə xalq mahnıları ilə daxil olmuş, bunların vasitəsilə dinləyici sevgisi qazanmış və tanınmışdı. Bu mahnılarla o, sanki öz könül nəğmələrini, duyğularını, hisslərini tamaşaçı və dinləyici qarşısında sərgiləyirdi.

Təbiidir ki, hər kəsin öz taleyi olduğu kimi, hər sənətkarın da öz sənət taleyi var. Bu bir həqiqətdir ki, Babanın sənət taleyini, sənət bəxtini qadir Allah özü yazmış, qalan işlər isə onun özünə inamı, çalışqanlığı və digər üstün xüsusiyyətləri ilə başa gəlmişdi. Şərqin böyük ustadı Sədi Şirazi yazır:

Başının hər tükündə yüz hünər olsa, əgər,

Bəxtin yoxsa bu hünər bir iş görməz tük qədər.

Baba bəxt anlamına, tale işinə inanan şəxs idi. Şamaxının Çuxuryud kəndində, bağ evində dincələrkən qeydə aldığı “Düşüncələrim” (29.07-27.08.1993) adlı çox dəyərli məqaləsində bu məsələlərə toxunur: “İnsanın taleyi Ulu xilqət tərəfindən hələ ana bətninə düşən andan onun alnında kodlaşan tapşırıqdır ki, onun həyat intervalında onu izləyir. Bəlkə ona görədir ki, ən qədim tibb elminə mənsub tibetlərin təbabətindən bəhs edən “Çu-Şi”də insanın ana bətnində ilk yaranma prosesinin baş hissəsindən başladığı göstərilir. Görünür, mənim taleyimdə də mənə müğənnilik payının verilməsi əvvəlcədən Onun tərəfindən həll edilibmiş. Bəri başdan Sənin yazına şükr deyirəm İlahi.

Xəyalımda həmişə insanlığı bəxt payına görə iki qrupa bölmüşəm. Birinci qrupda bəxt insanlığın belinə ipi bağlayıb, öz ardınca irəli aparırsa, ikincidə insanlıq özü bəxtinin belinə ip sarıyıb, öz arxasınca aparır”.

Şair Əliağa Bakir qəzəllərinin birində deyir:

Bəxt yar olsa sənə, azmayasan yollarını,

Hərdən öz keçmişini bir salasan yada gərək.

Baba taleyinə, bəxtinə, uğurlarına arxayın olub heç vaxt qürrələnmir, özünü yuxarı tutmur, yolunu azmır və öz keçmişini unutmurdu. Müxtəlif mədəniyyət və tədris müəssisələrinə aldığı dəvətlərdə, televiziya, radio verilişlərində, ona həsr olunmuş yaradıcılıq gecəsində öz keçmişini, uşaqlıq dövrünü, kasıb yaşadıqları zamanı xatırlayır, ağır, məşəqqətli 1941-1945-ci illər müharibə illərində, ondan sonrakı çağları xatırlayır, heş bir şəraiti olmayan, qazmada yaşadıqlarını dilə gətirirdi.

Baba Mirzəyev 1961-ci ildə Sənaye İnstitutunu bitirmiş, mühəndis ixtisasına yiyələnmiş, 1962-ci ildə L.Şmidt adına Maşınqayırma Zavodunun könstruktor burosunda çalışmışdı. O, tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan zavodun Mədəniyyət və Texnika Sarayının mahnı və rəqs ansambllarının solisti kimi sənət addımları atmışdı.

Babanın taleyinə xanəndəlik sənəti yazılmışdı, artıq bu çevrədən çıxa bilməzdi. Odur ki, eşqi, həvəsi də onu bu işə yönəldirdi. O, arzularının qanadlarında prəvazlanaraq sevdiyi peşəyə doğru uçurdu. B.Mirzəyev Sənaye İnstitutunda oxuduğu illərdə tələbə yoldaşlarının tövsiyəsi ilə A.Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək Seyid Şuşinskinin muğam dərslərində iştirak edir, dinləyərək öyrənirdi. Bu dərslər gənc Babaya çox şey vermiş və o, muğamlarımıza yaxından bələd olmuşdu.

Baba bu sətirlərin müəllifi, özünün yaradıb rəhbərlik etdiyi “Dastan” folklor, “Misri” x.ç.a. ansamblının musiqi rəhbəri və aranjimançısı ilə söhbətlərində dəfələrlə demişdi: “Mən mühəndis kimi də öz yerində olanlardan idim. Az-çox iş görüb müəyyən qədər tanına bilər, lakin gec-tez itib-bata bilərdim. Lakin müğənni kimi tale mənə böyük xöşbəxtlik, ad-san, şöhrət, fəxri adlar, tamaşaçı sevgisi, xalqın məhəbbətini bəxş etdi. Səsim opera səhnəsindən, qrammofon vallarından, radio və televiziyalardan gəldi. Dünyanı gəzdim, böyük səhnələrdə çıxış edərək milli musiqimizi təmsil etdim. Bütün bunları mənə Ulu Yaradanın verdiyi tale bəxş elədi”.

1969-cu ildə Firudun Səfərov M.Axundov adına Akademik Opera və Balet Teatrına baş rejissor təyin olunur. O, “Leyli və Məcnun” tamaşasını yeni quruluşla hazırlayır. Leyli obrazı üçün gənc Nəzakət Məmmədova ilə məşqlər aparır və Məcnun rolunda da daha bir gənci görmək istəyir. Nəzakət xanım sevincək ona belə bir ifaçının olduğunu bildirir: “Səhnə görkəmi Məcnuna uyğun, səs imkanları çox geniş, sənətə böyük həvəsi olan bir oğlan var, Baba Mirzəyevdir. Çox istedadlıdır. Teatrın rəhbərliyindən inciyib getdi”.

Baba həmin vaxtlar Elmi Tədqiqat Təhlükəsizlik Texnikası İnstitutunda işləyirdi. Ttruppa müdiri Babanın iş yerinə zəng edərək onu teatra dəvət edir. F.Səfərov söhbət aparır və onunla bir ay sınaq müddətində çalışağını bildirir.

Baba Məcnun obrazının mətnini, Füzuli yaradıcılığını dərindən dərk etsin deyə ədəbiyyatşünas alimlərdən Həmid Araslı və Əli Fəhmi ilə görüşür. Bu böyük alimlər, xeyirxah insanlar bu işdə Babaya kömək edirlər. Gənc xanəndə Opera Teatrının müşyiətçi tarzəni, böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə onun çalğısı, tövsiyə və tapşırıqları vasitəsi ilə çox şey əxz edir, səsini muğam parçalarına uyğunlaşdırır, Məcnun roluna aid olan oxuma üslubunu mənimsəyir. F.Səfərov Babanı yoxlamaq üçün bir ay sınaq müddətinə iki həftə də əlavə edir və çox gözəl nəticə alınır. Baba əsl Məcnun kimi səhnəyə çıxarılır. İlk tamaşa uğurlar qazanır və dövrü mətbuatda işıqlandırılır. Məcnun və Leyli rolunun gənc ifaçıları, tamaşanın yeni quruluşu haqqında müsbət fikirlər bildirilir. Təbii ki, teatrşünaslar və tənqidçilərin məqalələrində tamaşa haqqında müxtəlif fikirlərə rast gəlmək mümkün idi.

1908-ci il “Leyli və Məcnun” milli operasının ilk tamaşasından bu günə qədər xeyli sayda Məcnun və Leyli rollarında çıxış edənlərimiz olub. Lakin Məcnun obrazının uğurlu ifaçıları arasında ən çox Hüseynqulu Sarabski və Baba Mirzəyevin adı çəkilib. Bu fikir təbii ki, mübahisə doğura bilər. Lakin məqalə müəllifi kimi mən də öz fikrimdə əsaslıyam. Hazırda da opera səhnəsinə yeni Məcnunlar gəlib və hər birinin perspektivləri var. Lakin onların oynadıqları Məcnun rolu B.Mahmudoğlunun yaratdığı Məcnun obrazı səviyyəsinə yüksəlməyib. Babanın obraza öz yanaşması, doğru münasibəti, əsas xüsusiyyətləri,  mahiyyəti, ideyanı açıb göstərməsi, bir sözlə öz Məcnunu var idi. Həqiqətən bu obrazda o, əsl Məcnun idi, Baba deyildi. Bundan əlavə ümumiyyətlə B.Mahmudoğlu musiqinin, səhnənin, səhnə sənətinin Məcnunu idi. Əbəs deyil ki, onun həyat və yaradıcılığı haqqında yazdığım kitabı “Səhnəmizin Məcnunu Baba Mahmudoğlu”  adlandırmışam (Bakı, “Araz” 2012, 560 s.). Burada Baba sənətinin əsas xüsusiyyətləri, spesifik cəhətləri açılır, yaradıcılığına ekskurs edilir.

Fransa səfərlərinin birindən qayıdarkən İstambul hava limannda Bakı reysini gözlərkən şirin söhbət zamanı Babadan eşitdiklərimdən: “Əhsəncan, mən Ü.Hacıbəylinin “Koroğlu” operasında Koroğlu rolunda oynamaq arzusunda da olmuşam. Özü-özlüyümdə bu obraz üzərində işləyidim də. Lakin orada vokal partiyalardakı səs maneraları, vokal materialı ilə çıxış etməklə milli oxuma qaydalarını, “boğazları”, “səs qaynatmalarını”, “şirin nəfəsləri”, “xırdalıqları” itirəcəyimdən qoxdum və bu yoldan çəkildim. Çünki “Koroğlu”da dünyəvi vokal sisteminə əsaslanan oxuma var, “Leyli və Məcnun”da isə başqadır, bu sırf milli operadır. Əks təqdirdə mən “Koroğlu” ola bilərdim, arzum ürəyimdə qaldı”. Bəli, Baba operaya təsadüfən gəlməmişdi. O, özünü əsl opera sənətçisi kimi hazırlamışdı. Opera sənəti haqqında dünya teatrşünaslarının rus dilində çap olunmuş kitablarını, Moskva və Leninqradda (haz.Sanqt-Peterburq) nəşr olunan mdəniyyət və incəsənət jurnallarını oxumuşdu. Ümumiyyətlə o, mütaliəni sevir, Şərq və dünya incəsənəti barədə xeyli material ilə tanış olmuşdu.

Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də qədim Qazax mahalının Muğanlı kəndində (hazırda Ağstafa ərazisi), sadə bir ailədə anadan olub. Bütün kənd uşaqları kimi məqəddəs Vətən torpağı üzərində qaçıb-yürüyüb, kənddə oynanılan oyunlarda iştirak edib, meşə quşlarının səsini eşidib və s. O, orta məktəbi əla qiymətlərlə oxuyub. 16 yaşında Bakıya gələrək ali məktəbə daxil olub və tale onu ardınca çəkib apararaq ona xanəndəlik şöhrəti bəxş edib və o, məşhur opera sənətçisi olub. Və burada çalışaraq fədai kimi ömrünü bu sahəyə bağlayıb.  O, “Əsli və Kərəm”də Kərəm, “Şah İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal, “Xanəndənin taleyi”ndə Mir Seyid obrazlarını məharətlə yaradıb.

B.Mahmudoğlu peşəkar sənətə qədəm qoyanda Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin bədii kollektivləri ilə yaradıcılıq əlaqələrində olaraq səsini radio fonduna yazdırmış, televiziyada, Bakıda, əyalətlərdə, qonşu respublikalarda konsertlərdə çıxış etmişdir. O, xalq artisti, görkəmli bəstəkar, dirijor S.Rüstəmovun (1907-1983) rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri, xalq artistləri Ə.Bakıxanovun (1892-1973), B.Salahovun (1923-1982), əməkdar artist Ə.Dadaşovun (1924-1976), Y.Heydərovun idarəsi ilə fəaliyyət göstərən xalq çalğı alətləri ansambllarının müşayiəti ilə oxumuşdur. Baba Ə.Quluyevin (1917-1998) Dövlət Filarmoniyasında rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının konsertlərində də çıxış etmişdir.

B.Mirzəyev SSRİ-nin müxtəlif məkanlarında keçirilən Azərbaycan mədəniyyəti günlərində çıxış edən sənət ustalarımız sırasında olurdu. Buradakı uğurlu çıxışlarının nəticəsi olaraq xarici dövlətlərə də göndərilirdi. Dövrü mətbuatda onun uğurları öz əksini tapır, səhnə fotoşəkilləri nümayiş etdirilirdi. Bütün bunlar vokal sənətimzin nadir incisi, əvəzolunmaz sənətkar Rəşid Behbudovun (1915-1990) nəzərindən qaçmamışdı. O, Babanı televiziya ekranından seyr etmiş, dövlət tədbirlərinin birində oxumağını yaxından, çox diqqətlə dinləmişdi. R.Behbudov Babanın səhnə mədəniyyətini, dinamikasını, maraqlı oxuma manerasını, geniş səs diapozonunu, uzun nəfəsini, şaqraq zəngulələrini bəyənmiş, rəhbərlik etdiyi Dövlət Mahnı Teatrına dəvət edib söhbət aparmışdı. Belələiklə B.Mahmudoğlu düz 10 il R.Behbudovla Mahnı Teatrının tərkibində xarici ölkələrin səhnələrində çıxış etmişdi.

Sənətə həvəs Babanı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirməyə də sövq etmişdi.

Baba Mirzəyev Baba Mahmudoğu kimi 1979-cu ilin sentyabr ayında “Dastan” folklor ansambl yaratdığı andan çıxış etməyə başladı. O, folklorçu kimi meydana atılaraq milli soyadla fəaliyyət göstərirdi. “Dastan”ın ilk çıxışını tamaşaçılar həmin il dekabr ayının 31-də seyr etmişdilər. Həmin çıxış həqiqətən böyük marağa səbəb olmuşdu. Müğənninin və ansambl üzvlərinin xüsusi milli geyimi oxunan mahnının məzmununu və ansamblın adını tamamlayırdı. Baba aşıq sənətindən bir nümunə, “Baş müxəmməs” oxumuşdu. Beləliklə, həmin yeni il axşamından etibarən Azərbaycan musiqi dünyasına yeni bir inci, tam fərqli aləm, “Dastan” folklor ansambl daxil olmuşdu. B.Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirmiş, folklor nümunələrimiz, xalq və aşıq mahnıları üzərində yaradıcılıq işi aparaq ifa edib xalqın ixtiyarına vermişdir. O, qədim çalğı alətlərimizin yaşamasına və layiqli səsləmməsinə xüsusi önəm verirdi. Odur ki, həmin musiqi alətlərinə müntəzəm solo ayırırdı. Baba folklor musiqisinə, zəngin aşıq sənətinə bağlı adam idi. Ümumiyyətlə o, folklorumuzu dərindən bilirdi. Daim öz üzərində işləyən bu adam folklor dünyamızı araşdırır, aşıq yaradıcılığına baş vurur, hər bir mahnı üzərində çalışaraq əsl əsər halına gətirirdi. Müğənni bir sıra aşıq mahnılarını öz yaradıcılıq süzgəcindən keçirərək işləyib, oxuyub radionun və televiziyanın fonotekasına təqdim edib. Baba “Dastan” folklor ansamblı yaradıcılıq laboratoriyası sayırdı. Bu ansamblla çalışmaq ona yaradıcılıq sərbəstliyi, böyük həvəs və stimul verirdi. O, burada öz bacarığını, arzu-istəklərini, istedadından süzülüb gələn bütün gücü həyata keçirə bilirdi.

Baba xalq və aşıq mahnılarına, təsniflərə, muğamlara, qəzəliyyata, dastanlara müqəddəs məbəd kimi baxırdı. O, xalqın yaradıcılıq çeşməsindən süzülüb gələn bu incilərə, zəngin nemətə xələl gəlməsinə, təhrif olunmasına qarşı amansız və qəti mübarizə aparırdı. Repertuarına daxil etdiyi xalq yaradıcılığı incilərini dərindən mənimsəyir, göz bəbəyi kimi qoruyur və sevə-sevə oxuyurdu. Elə Babaya ruh verən, yaşadan, ucaldan da bunlar idi. Desək səhv etmərik ki, bu gün onu tarixdə yaşadan da bunlardır.

Baba xalq və aşıq mahnılarının əsər kimi baxır, dramaturji elelmentlərini tapır, süjet xəttini təyin edir, ideyasını açır və məzmununu izah edirdi. O, belə musiqi nümunələrinə sıx doğmalıq, məhəbbət göstərir, həmişəyaşarlıq qazanması yolunda fəaliyyət qururdu. Onunla Bakıdakı təhsil ocaqlarında, pansionatlarda, sanatoriyalarda, qocalar və əlillər evində, əyalətlərdəki mədəniyyət ocaqlarında, hətta pambıq tarlalarnda qurulmuş talvarlar altında (zəhmətkeşlərin istirahət yeri) konsertlər vermişik. O, əksər hallarda oxuduğu mahnının məzmun və mahiyyəti, yaranma tarixi haqqında tamaşaçılara maraqlı məlumat verirdi. Bu zaman auiditoriyalarda daim diqqət  sükut və xüsusi maraq olardı.

Qeyd etmək istərdim ki, Babanın mahnı bəstələmək bacarığı da olub. Sovet dövründə müğənnilərin bəstələdiyi mahnı və təsniflərin onların öz adı ilə müəllif kimi elan olunmasına icazə verilmirdi. Odur ki, B.Mahmudoğlu sözləri, musiqisi onun özünə məxsus olan və yaxud şairlərin sözlərinə bəstələdiyi mahnıları radio və televiziyaya “Dastan”ın müşayiəti ilə öz ifasında xalq mahnısı kimi təqdim edirdi. Çox istərdim ki, onun mahnıları notlara köçürülüb, məcmuə halında nəşr olunub yayılsın. Baba dünyadan gedəndən sonra bu barədə onun ailə üzvləri ilə söhbətim olub.

B.Mahmudoğlu “Dastan”dan başqa “Xəzinə folklor və “Misri” xalq çalğı alətləri ansamblı da yaradaraq rəhbərlik etmiş və onların müşayiətilə səsini radioya bəxş etmiş, televiziyada, səhnələrdə oxumuşdu. Axı, bu bacarıq onda haradan idi? Bu məqalədə qeyd olunub ki, Baba yaradıcı kolektivlərdə çalışmışdı. Və burada o, ansambl qaydalarını öyrənmiş, təcrübə qazanmış, mahnılar, təsniflər üzərində hansı formada işləməyi müşahidə etmiş, həqiqətən çox şeyə nail olmuşdu. Odur ki, bu adamda ansambl yaratmaq, rəhbərlik etmək, işləmək, aranjiman işlərindən faydalanmaq bacağı yaranmışdı. Təbii ki, onun aşıb-daşan istedadı da ortada idi. Baba həqiqətən hərtərəfli istedada malik sənət adamı olaraq musiqi nədəniyyətimizə dəyərli töhfələr verib. Milli radionun fondunda onun ifasında 500-dən artıq nümunələr toplanıb. Buraya onun opera tamaşarında oxuduqlarından bir qisim, təsniflər, muğamlar, bəstəkar, xalq, aşıq mahnılar və özünün bəstələdiyi mahnılar daxildir.

Yaratdığı ansambllarda çalışdığı illərdə Babanın məhsuldar yaradıcılıq işləri və bu kimi aktiv, zəngin fəaliyyəti folklor nümunələrinin, xalq musiqimizin təbliği və inkişafı üçün xüsusi dəyər və misilsiz töhvə sayıla bilər. O, oxuduğu belə nümunələri fəlsəfi məna-məzmun daşıyıcısına çevirmək istəyirdi. Bizcə o, dünyaya gələrkən kəşf edəcəyi ideal gözəlliklər barədə düşünmək və tapmağa can atmaq yükünü öz ruhunda gətirmişdi. Baba ideal arzularla yaşadığı üçün rəhbəri və solisti olduğu ansambllarda öz yüksək fikirlərini, bədii-estetik arzularını yaradıcılıq süzgəçindən keçirmək istəyirdi.

Baba orta məktəb illərindən mütaliəyə başlamış və bu sevimli məşğuliyyətini ömrünün sonuna qədər davam etdirmişdi. Bu onun xobbisi deyildi, Azərbaycan, və dünya ədəbiyyatına, fəlsəfəyə, tarixə, etnoqrafiyaya, teatra, ümumiyyətlə incəsənətin bütün janrlarına olan maraq idi. O, dünya klassiklərini, mədəniyyət, musiqi, teatr, opera haqqında dəyərli və çox maraqlı kitabları oxumaqla çox şey əxs etmişdi. Bütün bu sahələr barədə onun özünün də fikirləri var idi. Baba yalnız müğənni deyil, elmə sahib bir şəxs, hazırcavab insan, xüsusi diqqətçəkən, marağa səbəb olan natiq idi. O, dəvət olunduğu auditoriyalarda, televiziya verilişlərində zəngin və qeyri-adi söz-söhbəti, fikirləri, qəfil verilən suallara cavabları ilə tamaşaçıların dərin sevgisini və rəğbətini qazanmışdı. Faktdır ki, bu baxımdan onun yeri boş qalıb. Ekranlarda, səhnələrdə belə zəngin biliyə malik müğənniyə rast gəlmirik. B.Mahmudoğlu çoxlarının gözündə filosof-müğənni kimi canlanırdı. Onun daxili aləmi çox işıqlı idi, əsl ziyalı kimi formalaşmışdı.

B.Mahmudoğlu yaşa dolan zamandan Şərq və dünya fəlsəfəsi ilə daha dərindən maraqlanır və bu aləmə xüsusi maraqla baş vururdu. O, flosofların həyatı və fəaliyyəti haqqında çox oxuyurdu. Onlardan sitatlar gətirir, maraqlı söhbətlər edirdi. Yəni doğrudan da Baba adi sənət adamı deyildi, müğənni-filosof və gözəl natiq idi. Dost və sənət yoldaşı kimi ona tövsiyyə etdim: “Aşıq və xanəndəlik sənətinin sıx əlaqələri, qovuşuğu bərədə elmi iş yazıb müdafiə elə”. Belə cavab aldım: “Maestro, (o mənə ya maestro, və ya Əhsəncan deyə müraciət edərdi)  mən fəlsəfə tarixindən yazıb müdafiə edəcəyəm”. O, arzusuna istiqamət alsa da, ömür buna imkan vermədi.

B.Mahmudoğlu 1992-ci ildə xalq artisti titulu alıb. 2005-ci ildə Opera və Balet Teatrından pensiyaya göndərilib.

Təbii ki, çox zəngin yaradıcılıq yolu keçən sənətkar haqqında bütün fikirləri bir yazı ilə əhatə etmək mümkün deyildir. Təsəllim oldur ki, “Səhnəmizin Məcnunu Baba Mahmudoğlu” kitabında onun həyatı və bütün yaradıcılıq fəaliyyətini əhatə etməyə çalışmışam. Və bu kitabı istəkli sənət dostum, “Dastan” və “Misri” ansambllarda birlikdə çalışdığım Babanın saf, azad ruhuna, əziz və parlaq xatirəsinə həsr etməklə rahatlıq tapmışam. Arzu edənlər bu kitabla ölkəmizdəki kitabxanalarda tanış ola bilərlər. Düşünürəm ki, B.Mahmudoğlu haqqındakı tədqiqat işlərimin kitaba köçürülmüş səhifələri belə böyük sənətkarın yaradıcılığından elmi iş yazanlara gərək ola bilər. Çünki B.Mahmudoğlunun yaradıcılığı elmi yanaşma, elmi araşdırma tələb edir. Çox heyif ki, B.Mahmudoğlu ömrünün müdrik, yaradıcılığının ən məhsuldar dövründə amansız xəstəliyə tuş gəldi. O, bizimlə, “Misri” ilə çox işlər görmək, yeni yaradıcılıq mərhələsi başlamaq arzusunda idi. Qəfil xəstəlik isə bunların üzərindən xətt çəkdi. O, 2005-cı il noyabr ayında beyin insultu keçirib və 2006-cı il dekabrın 6-da dünyasını dəyişib. 16 yaşında Muğanlı kəndindən Bakıya yol alan Baba bir zamanlar üzərində yürüdüyü doğma torpağın təkinə köçərək uyumaqdadır. Belə bir ünlü sənətkar xalqın yaddaşında və mədəniyyət tariximizdə yaşamaqdadır. Və yaşadıqca yaşayacaqdır.

Yazımın sonunda bunu mühüm məsələyə toxunmaq istərdim. Alimlərin, şair və yazıçıların, sənət adamlarının portretləri rəsm sərgilərimizi, elm və tədris müəssisələrinin salonlarını bəzəyir. Baba Mahmudoğlunun portretini və ya milli operamızda yaratdığı obrazları kətan üzərində canlandırmaq, xalçalarda və ya dəmirdöymə sənət nümunələrində yaratmaq olmazmı? Yaxud da onun büstünü, ağacoymada və ya tuncdan heykəlini yaratmaq olmazmı? Onun yaşadığı binanın girişində barelyevi qoyulmalı, mənzili isə onun ev-muzeyinə çevrilməlidir. Düşünməyə dəyər.

Əhsən Rəhmanlı, tədqiqatşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here