Xalq artisti Tariel Qasımov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub

0
1648

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə  Xalq artisti Qasımov Tariel İsgəndər oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Xalq artisti Tariel Qasımovu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. 

P.S. Tariel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə – Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub.
1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Azərbaycanfilmdən başqa Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: “Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı), “Qızıl rəngi” (1975, Türkmənfilm), “Çilidə gecə” (1982, Mosfilm), “Əlvida, yaşıl yay” (1983, Özbəkfilm), “Həyatın mənası” (1983, Özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (1981-1983, Özbəkfilm, 17 seriyalı), “Sahib” (1983, Özbəkfilm), “Sonya raport verir” (1983, 2 seriyalı, DEFA (Almaniya).
1979-cu ildən Əməkdar artist, 1991-ci ildən isə Xalq artistidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here