Ustad aşıq Dədə Ədalətin 80 yaşı tamam oldu

0
3538

Bu gün türk dünyasının böyük sənətkarı, ozanı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun anadan olmasının 80 illik yubileyidir.

Bir-birindən bəznzərsiz saz ifaları ilə milyonların məhəbbətini, sevgisini, hörmətini qazanmış ustad Ədalət aşıq sənətinə də yeniliklər, müasirlik gətirmişdir. Dədə Ədalətin sazında ifa olunan bütün havalar bir tarix kimi yaddaşlarda yaşayıb, bundan sonra da yaşayacaq. Çünki Aşıq Ədalətin bütün ifaları ruhu ilə, canı ilə ifa olunurdu. Ustad Aşıq yaşadığı bütün ömür boyu daim dövlətinin də sevgisini qazanmışdır. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” və başqa bu kimi saz havaları Ustad Ədalətin ifasında daha gözəl, fərqli bənzərsiz ifaçılıqla alınmışdır.

Ürəyimizdə, tariximizdə,aşıq sənətində əvəzedilməz iz qoymuş, dahi sənətkarımız Aşıq Ədalət Məhəmmədəli oğlu Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub. O, saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. Uşaqlığında bir məclisdə saz çalmağı Xalq şairi Səməd Vurğunu heyran etmişdir, dahi şairimiz də onun sazının vurğunu olmuşdur. Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.

14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. Öz vəsiyyətinə uyğun olaraq 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi Qazax rayon İcra Hakimiyyəti ilə birgə ustad aşıq Dədə Ədalətin xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidəsi ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş Natiq Əliyev olmuşdur.

Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Xaçmaz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dədə Ədalətin möhtəşəm büstü ucaldılmışdır.

15 sentyabr 2018-ci ildə xalq izdihamı ilə ustad aşıq Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin açılışı olmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin tədbirlər planına əsasən Qazax rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi ilə birgə bu il ustad aşıq Dədə Ədalətin 80 illik yubiley tədbirləri öncə Qazaxda, sonra isə Bakıda təntənəli şəkildə qeyd ediləcək.

80 illik yubileyin mübarək, USTAD! Ruhun şad olsun, DƏDƏ ƏDALƏT!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here