Fəxri Xiyabanda Xalq şairi Səməd Vurğunun anadan olmasının ildönümü qeyd edilib

0
2838

Hər il olduğu kimi bu il də “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin tədbirlər planına uyğun olaraq 21 mart tarixində Novruz bayramı və Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının ildönümü münasibətilə Fəxri Xiyabanda tədbir keçirilmişdir. “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İdarə Heyətinin sədr müavini Puşkin Əhmədov, Xalq şairi Nəriman Həsənzadə, millət vəkili akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, “Qazax” Xeyriyyə Cəmiyyətinin sabiq sədri Vidadi Bayramov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, professor Rüstəm Kamal, filiologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu, filiologiya üzrə fəlsəfə doktoru İlham Sadiq, tənqidçi Əsəd Cahangir, jurnalist Qərənfil Xəlilova, vurğunşünas tədqiqatçı alim, Səməd Vurğunun Seçilmiş əsərlərinin tərtibçisi və şərhlərin müəllifi  Aslan Salmansoy, şair-publisist Aqşin Ağkəmərli, Yusif Rəhimov, televiziya aparıcıları Həmid Hersçi və İlhamiyyə Rza, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Əməkdar məşqçi Firdovsi Umudov, sabiq korpus komandiri, ehtiyatda olan general-mayor Mahmud Həmzəyev, Musa Əhmədov, Bəhruz Əliyev, yazıçı Varis, şair Məmməd Əfşan, Fikrət Xəlolov, Xalq rəssamı, professor Natiq Əliyev, dosent Dürdanə Vəkilova, Zərəngiz Qayalı, Aşıq Solmaz, Aşıq Nurəddin, Kamal Axundov, Fərrux Şıxlınski, Mehman Mansurov, Səbinə Yusif, şairə Cığatel, Osman Əfəndi, Sadəddin Əfəndiyev, Səməd Vurğunun Ev muzeyinin direktoru Nüşabə xanım Vəkilova və çoxsaylı Vurğunsevərlər iştirak etmişdirlər.

Öncə mərasim iştirakşıları dahi Səməd Vurğunun məzarı önünə yığılaraq “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin adından Xalq şairinin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoydular. Daha sonra tədbiri giriş sözü ilə açan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat üzrə elmləri doktoru professor İlham Pirməmmədov tədbir iştirakçılarını və Birliyin bütün üzvlərini Novruz bayramı mübnasibətilə təbrik edərək, əziz bayram günündə, həmçinin dahi şəxsiyyətlərin doğum günündə Fəxri Xiyabana toplaşan hər kəsə öz təşəkkür və minnətdarlığını bildirdi. İ.Pirməmmədov qeyd etdi ki, artıq Səməd Vurğunun doğum və anım günlərinin məzarı başında qeyd olunması bir ənənə halını almışdır. Bu da ondan irəli gəlir ki, Səməd Vurğuna böyük bir el sevgisi vardır, böyük bir məhəbbət vardır.

Professor İ.Pirməmmədov onu da qeyd etdi ki, Səməd Vurğun bütün dövrlərin şairidir. Səməd Vurğun Azərbaycan ilk xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, 2 dəfə Stalin mükafatı laureatı və 2 dəfə Lenin Ordeni kavaleri, 1941-1948-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki və 1954-1956-ci illərdə vitse-prezidenti olmuşdur.

Səməd Vurğunu hər zaman xalq sevib, sevir, sevəcək də. Belə ki, ümummilli lider Heydər Əliyev hər zaman Səməd Vurğun yaradıcılığına, şəxsiyyətinə yüksək dəyər vermişdir. Müstəqillik dövründə Səməd Vurğunun 90 illik yubileyinin Respublika səviyyəsində təşkil edilməsi də bir daha bu sevgiyə, məhəbbətə əyani sübut idi. O, həmin yubiley tədbirindəki çıxışını bu sözlərlə bitirdi:

Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. Bu gün mən bir daha bəyan edirəm ki, biz Səməd Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik. Müstəqil Azərbaycan yaşayacaq. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaqdır. Xalqımız daim sərbəst, öz taleyinin sahibi olacaqdır.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Səməd Vurğun yaradıcılığı!

Səməd Vurğuna eşq olsun!

Hamımız şahidik ki, Ulu öndər Heydər Əliyev “Azərbaycan” şeirini deyərkən qəhərlənərək kövrəlmişdir. Bu da böyük Heydər Əliyevin Azərbaycana olan məhəbbətindən və Səməd Vurğuna olan sevgisindən irəli gəlirdi. Həmçinin professor İ.Pirməmmədov onu da qeyd etdi ki, bu gün də Prezident cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi dəyərlər sayəsində böyük Səməd Vurğunun da adı ucalarda yer alıb.

İ.Pirməmmədov qeyd etdi ki, Fəxri Xiyabandan 200-300 metr aralıda bizim hamımızın şərəf, hörmət məkanı olan Şəhidlər Xiyabanı yerləşir. Orada Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğurunda canlarından keçən şəhidlərimiz uyuyur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Bizim dayandığımız Fəxri Xiyabanda isə Azərbaycan dövlətinə, mədəniyyətinə, incəsənətinə, təhsilinə, elminə xidmət etmiş dövlət xadimləri, alimlər, sənətkarlarımız uyuyur. Onlar Azərbaycan xalqının fəxr etdiləri şəxsiyyətlərdir. Onların burada dəfn olunması xalqın onlara ünvanlanan “biz sizinlə fəxr edirik” ifadəsi ilə eynidir. 2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri mərhum Heydər Əliyevin də Fəxri Xiyabanda dəfn olunması buranı xalq arasında daha böyük sevgi və məhəbbət məkanına çevirdi.

İ.Pirməmmədov qeyd etdi ki, bu gün bizim tədbirimizdə istirak edən iki qonağımız vardır ki, onlar əslən Qazax mahalından olmasalar da Səməd Vurğun haqqında olduqca sanballı yazılar dərc etdirərək dahi Vurğuna ləkə atanlara layiqli cavablar vermişdilər. Onlar filologiya elmləri doktoru İslam Sadiq və İmişlidən gəlmiş “Qızıl qələm! mükafatı laureatı Mirzə Vaqif Alıoğludur. Mən onların hər ikisini sizlərin adından salamlayıram. Həmçinin bizim İctimi Birliyin bəzi üzvləri bayramla əlaqədar olaraq Qazax rayonuna getmişlər və onlar da bu gün bizimlə eyni vaxtda Qazax rayon İcra Hakimiyyətinin təskilatçılığı ilə şairin Qazax rayonunun Yuxarı Salahlı kəndindəki Poeziya evində akademik Məhəmməd Babanlının, Raliz Qaravəliyevin, Natavan Dəmirçioğlunun, Zaməddin Ziyadoğlunun, Barat Vüsalın, Tarıyel İsmayılovun, Yusif Alıyevin, Təbrizdən qonaq gəlmiş şair Suleyman Cəfərinin və digər şair və yazıçıların iştirakı ilə də tədbir keçirilir. Buradan onları sizlərin adından da salamlayırıq.


Həmçinin İ.Pirməmmədov onu da qeyd etdi ki, hər il bizimlə Fəxri Xiyabanda müqəddəs ziyarətdə iştirak edən “Şöhrət” və “Şərəf” ordenləri laureatı akademik Teymur Bünyadov və Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlı bu il səhəti ilə bağlı bura gələ bilmədi və məndən xahiş etdi ki, onun isti salamlarını tədbir iştirakçılarına çatdırım. Hamınızın adından Teymur müəllimə və Vidadi müəllimə Tanrıdan can sağlığı arzu edirik.

Həmçinin bizim İctimai Birliyin bir çox üzvləri Novruz bayramı ilə əlaqədar olaraq burada iştirak edə bilmirlər. İdarə Heyətinin üzvləri adından Məmməd Musayevi, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyevi, Əməkdar mühəndis Qasım Abdullayevi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlını, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevi, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Şahin Şıxlinskini, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevi salamlayaraq Novruz bayramlarını təbrik edib, gələcək işlərində uğurlar arzu edirəm. Yeri gəlmişkən onu da qeyd edim ki, biz hər il “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin tədbirlər planını Qazax və Ağstafa rayonları İcra hakimiyyətləri ilə razılaşdırırıq və bir çox tədbirlərimizi birgə həyata keçiririk. Keçən il Qazax rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkil etdiyi türk dünyasının böyük sənətkarı Aşıq Ədalətin qəbirüstü abidəsinin açılışı Qazax mahalı üçün saz-söz bayramına çevrildi. Bundan başqa biz keçən il Xalq şairi İsa Muğannanın 90 illik yubileyini Ağstafa rayon İcra Hakimiyyəti ilə birgə yüksək səviyyədə Ağstafa şəhərində həyata keçirdik. Xüsusi olaraq qeyd edim ki, 16 yanvar 2019-cu ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin illik hesabatında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatları – Kamran Nəbizadə, Ülviyyə Ağayeva və Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Şahin Şıxlinskini da iştirak etmişdilər. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birliyin üzvləri qarşısında Qazaxda görülən işlər haqqında geniş məzmunlu və əhatəli çıxış etmişdir.

Sonra İ.Pirməmmədov qeyd etdi ki, həmçinin biz bu gün 21 martda anadan olmuş Xalq şairi Səməd Vurğunun məzarı ilə yanaşı, 22 martda anadan olmuş cənab prezidentin sərəncamı ilə 100 illik yubileyi qeyd olunacaq Xalq yazıçısı İsmayil Şıxlının, 23 martda anadan olmuş Xalq yazıçısı Mehdi Huseynin, Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun və Xalq yazıçısı İsa Muğannanın məzarlarını da ziyarət edərək onların da məzarları üzərinə əklil və gül dəstələri qoyaraq onların da ruhlarına hörmət və ehtiramlarımızı bildirəcəyik.

Bundan sonra İ.Pirməmmədov sözü Heydər Əliyev mükafatı laureatı, Xalq şairi, Aviasiya Akademiyasının kafedra müdiri, professor Nəriman Həsənzadəyə verdi. Nəriman Həsənzadə dahi Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı yerindən bəhs edərək, şairi bütün dövrlərin əbədi yaşayan şairi hesab etdiyini bildirdi.

Sonra söz Tehrandan gələn qonaq  Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü şair, ədəbiyyatşünas Aqşın Ağkəmərliyə verildi. A.Ağkəmərli Səməd Vurğunun şeirlərində sətiraltı eyhamlardan danışaraq, şairin “Azərbaycan” şeirində iki dəfə Azərbaycan Azərbaycan deməsini Güney və Quzey Azərbaycanı nəzərdə tutduğunu bildirdi.

Daha sonra filologiya üzrə elmlər doktoru İslam Sadiq, ədəbiyyatşünas Əsəd Cahangir, “Qızıl qələm” mükafatı laureatı Mirzə Vaqif Alıoğlu çıxış edərək Səməd Vurğunun həyat və yaradıcılığından bir çox məlumatlar verdilər.

Sonra tədbir iştirakçıları Xalq yazıçısı Mehdi Hüseynin məzarını ziyarət etdilər. Ədibin məzarı üzərinə “Qazax” Xeyriyyə İctimai Birliyi adından əklil qoyuldu. Sonra Elçin Şıxlı, Vidadi Bayramov, Məti Osmanoğlu böyük yazışının haqqında çıxış etdilər.

Sonra Xalq yazıçısı İsmayıl Şıxlının məzrını ziyarət edildi. Tədbir iştirakçıları bu il ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 100 illiyi dövlət səviyyəsində qeyd olunan böyük İsmayıl Şıxlının məzarı üzərinə əklil və gül dəstələri qoydular. Sonra Xalq şairi Nəriman Həsanzadə, Nizami Cəfərov, Vidadi Bayramov, Elçin Şıxlı çıxış etdilər. Daha sonra jurnalist Səbinə Yusif şair Barat Vüsalın İsmayıl Şıxlıya həsr olunmuş şeirini oxudu.

Daha sonra Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Muğannanın məzarı ziyarət olundu. Onların məzarları üzərinə “Qazax” Xeyriyyə İctimai Birliyi adından əklil və gül-çiçək dəstələri qoyuldu. Böyük ustadların ruhlarına ehtiram və hörmətlərini bildirdilər.

Sonra tədbir iştirakçıları təkrar olaraq Səməd Vurğunun məzarı başına toplaşaraq 27 mayda dahi şairin anım günündə də burada toplaşmağı qərara aldılar. Sonda tədbir iştirakçıları xatirə şəklləri çəkdirdilər.

 

Qazaxib.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here