Xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanov vəfat edib

0
2428

Azərbaycanın xalq şairi, Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib.

Qeyd edək ki, xalq şairinin oğlu uzun illərdir Türkiyənin Qaziantəp Universitetində elmi fəaliyyətlə məşğul olub.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun xüsusi tapşırığı və iştirakı ilə Babək Qurbanov bu gün dədə-baba yurdu İkinci Şıxlı kəndində el coşqusu ilə atası Osman Sarıvəllinin və anası Səyalı xanımın yanında dəfn olunub.

Professor Qəzənfər Paşayev “Ədəbiyyat qəzeti”nin 26 iyun 2009-cu il sayında Babək Qurbanovun 70 illiyi ilə bağlı yazdığı məqalədə sonluğu belə tamamlayır:

“Babək müəllimi 70 yaşa çatmağı münasibətilə təbrik edirəm. Alimin atası Osman Sarıvəlli yazırdı:
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
Osman qağa 85 il yaşadı. Yaradandan təmənna edirəm ki, şairin arzusu yüksək mənəviyyatlı, ləyaqətli oğlu Babəkin həyatında çin olsun”.

… Təəssüf ki, Babək müəllim də 100 il yaşaya bilmədi, hələ atasından da az yaşadı, 80 il.

Bu gün bizim Qazağın Şıxlı kəndində 80 yaşlı oğul 85 yaşlı atanın yanına getdi…
Məkanın cənnət olsun, Babək müəllim.

****************

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, millət vəkili akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, millət vəkili Kamran Nəbizadə, millət vəkili Ülviyyə Ağayeva, Əməkdar mühəndis Qasım Abdullayev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, professor Mustafa Babanlı, professor Əhməd Vəliyev, Fuad Hacıyev, Vidadi Bayramov, professor Qəzənfər Paşayev, general-mayor Mahmud Həmzəyev, polkovnik Namiq İsmayılov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Roman Nağıyev, Ramiz Göyüşov, Əməkdar məşqçı Firdovsi Umudov, polkovnik-leytenant Kamal Axundov, Bəhruz Əliyev, Labidə Batıyeva, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Fəridə Ləman, Dürdanə Vəkilova, Rafail İncəyurd, Həsrət Pirməmmədov, Zaməddin Həmişəyev, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, Qazax-Ağstafa mahalının bütün ziyalıları adından Babək Qurbanovun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here