Yazıçı Varis Yolçuyev Rusiyada 1-ci dərəcəli “Puşkin medalı” ilə təltif ediləcək

0
2138

İyunun 2-də Moskvada – Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir neçə yazar, o cümlədən Azərbaycan yazıçısı Əməkdar jurnalist, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Varis Yolçuyev də “Puşkin medalı” ilə təltif ediləcək.

Mükafatlandırma böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220-ci ildönümü münasibətilə düzənlənən təntənəli mərasimdə baş tutacaq. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial “Rus prozası antologiyası” və “Rus poeziyası antologiyası” nəşrlərində dərc olunan yazarlar laureat adını qazanmışlar.

“Puşkin medalı” laureatlara 2 dərəcə üzrə təqdim olunacaq: 1-ci (qızıl-gümüş tərkibli) və 2-ci (neyzilber tərkibli) dərəcəli. Həmyerlimiz 1-ci dərəcəli “Puşkin medalı” ilə mükafatlandırılacaq. Mükafatlandırma mərasimində Rusiyanın yüksək ranqlı dövlət məmurları, nüfuzlu mədəniyyət xadimləri və media nümayəndələri iştirak edəcək.

İyunun 4-də isə Varis Yolçuyev Moskvanın Qızıl meydanında keçiriləcək ənənəvi Kitab festivalında ayrıca stendlə təmsil olunacaq. Stenddə yazıçımızın Rusiyada çıxan kitabları, o cümlədən 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatına layiq görülmüş “Yanvarın 13 günü”, habelə 2018-ci ildə ona Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl laureatlıq gətirmiş “Metamorfoz” romanları nümayiş olunacaq.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından yazıçı Varis Yolçuyevi Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə 1-ci dərəcəli “Puşkin medalı” ilə təltif edilməsi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

Varis müəllim, biz sizinlə fəxr edirik!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here