İbrahim İlyaslının “Şair olmaq zülmdü” kitabı “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülüb

0
1953

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətini qeyd edərək dövlətimizin ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb. “Bu qayğının nəticəsidir ki, hər il ölkəmizdə yaradıcı insanların fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif müsabiqələr, festivallar, kitab bayramları, təqdimatlar, sərgilər keçirilir. Bugünkü tədbir də bunun bariz nümunəsidir. Son iki ayda mədəniyyət sahəsində verilən sərəncam və qərarlar sənət adamlarında gözəl təəssüratlar yaşadır və hər bir yaradıcı ittifaq üçün yeni imkanlar açır. “Qızıl Kəlmə” mükafatına qəbul olan əsərlər və onların sayı, eləcə də keyfiyyəti isə ədəbiyyat sahəsində inkişafın göstəricisidir. Bu dəfə də təqdim olunan bütün əsərlər öz səviyyəsinə görə çox böyük yaradıcılıq potensialı ifadə edir. Əsərlər, eyni zamanda, müasir Azərbaycanın fəlsəfə və təfəkkür mənzərəsini tərənnüm edib. Bu hal olduqca sevindiricidir. Ədəbiyyat yaşayır və cəmiyyətlə birgə inkişaf edir. Mükafatın siyahısında gənc ədəbi nəslin yaradıcılığının stimullaşdırılması üçün nəzərdə tutulan “Şans” ödülü də var. Bu mükafat gənc namizədin qarşısında üfüqlər və imkanlar açır”, – deyə nazir qeyd edib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən hər iki ildən bir yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə “Qızıl Kəlmə” ədəbi mükafatını keçirir. Növbəti dəfə mükafata əsərlərin qəbuluna ötən ilin avqust ayında başlanıb və bu ilin martın 29-da qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.

Diqqətə çatdırılıb ki, akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktorları Azər Turan və Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” ədəbi mükafatı komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

Sonra laureatlar elan edilib və qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə edilib.

Ədəbi mükafatın nəsr nominasiyası üzrə qalibi Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Mübariz Örənin “Balıq gülüşü”, poeziya nominasiyası üzrə Salam Sarvanın “Heykəl tənhalığı”, Vaqif Bəhmənlinin “Qansız savaş”, İbrahim İlyaslının “Şair olmaq zülmdü” kitabları olub.

Ədəbi tənqid və publisistika nominasiyası üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabları, orijinaldan bədii tərcümə nominasiyası üzrə Vilayət Hacıyevin Haynrix Böllün “Kişisiz ev”, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanları seçilib.

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları qalib olub.

Həmçinin “Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülü Şahanə Müşfiqin “Şahanənin nağılı”, Sadıq Qarayevin “Sahibsiz kölgələr” kitablarına təqdim olunub.

Qaliblər çıxışlarında ədəbiyyat sahəsinə və yaradıcılıqlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər, təqdim edilən mükafatların yaradıcı insanlara bir stimul olduğunu vurğulayıblar.

Təqdimatın sonunda münsiflər heyətinin üzvi Xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova Azərbaycan ədəbiyyatının inkişafı və mükafatın ədəbiyyatımıza, mənəvi dəyərlərimizə xidmət etdiyini diqqətə çatdırıblar. Nazirliyin ədəbiyyat sahəsində təsis etdiyi mükafatı mənəvi varlığımızın qorunmasına yönələn addım kimi dəyərləndiriblər.

Şair İbrahim İlyaslını “Qızıl kəlmə” mükafatına layiq görülməsi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin bütün üzvləri adından ürəkdən təbrik edirik.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here