Ötən gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, akademik Şahin Mustafayev və digər qonaqlarla birlikdə əsaslı təmir olunan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olublar.

Qonaqlara məlumat verilib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri nəzərdə tutulub ki, həmin məktəblərdən biri də məhz 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir. Qeyd olunub ki, məktəbin istismara yararsız olması nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunması Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara verilən daha bir yüksək qiymətdir.
İş icraçısı İlqar Səfərov görülən işlər barədə məlumat verərək istər əsas binada, istərsə də təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada bütün işlərin paralel olaraq həyata keçirildiyini qeyd edib. Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 otaq yerləşən ikimərtəbəli yardımçı binada hazırda dam örtüyünün vurulduğunu, xarici və daxili fasadda suvaq işlərinin aparıldığını bildirib.
İş icraçısı əsas məktəb binasında görülən işlər barədə də məlumat verərək qeyd edib ki, hazırda dam örtüyünün vurulması üçün kəmər tökülür, yaxın günlərdə də çatqı qurularaq örtüklərin vurulmasına başlanılacaq. Üçmərtəbəli binanın 3-cü mərtəbəsində söküntü işləri tam başa çatıb. İkinci mərtəbədə isə yekunlaşmaq üzrədir. Bundan əlavə, məktəbin kənarına hasar çəkilməsi üçün özül hissənin qazılması ilə yanaşı, hörgü işlərinə də başlanılıb.
Qonaqlar və rayon rəhbərliyi Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstünün qoyulacağı yerə də baxıb, fikirlərini bölüşüblər. Məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri başa çatdıqdan sonra büstün qoyulmasının nəzərdə tutulduğu vurğulanıb.
Kənd sakini Tariyel Nəsibov ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin əsaslı təmirinə görə bir daha kənd camaatının adından minnətdarlığını bildirib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ərəfəsində onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərinin kənd sakinləri tərəfindən böyük sevinc hissi ilə qarşılandığını söyləyib.

Sonra qonaqlar 2017-ci ilin oktyabrında əsaslı təmirdən sonra istifadəyə verilən 30 yerlik 2 saylı və 25 yerlik 3 saylı körpələr evi-uşaq bağçalarında yaradılan şəraitlə də tanış olublar.


BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here