Akademik Nizami Cəfərovun 60 illik yubileyi keçirilmişdir

0
271

5 Oktyabr  2019-cu ildə “Qazax” Xeyriyyə İB-nin təşkilatçılığı ilə Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Şöhrət” ordeni laeuratı Nizami Cəfərovun 60 illik yubileyi keçirilmişdir.

Yubiley tədbirini giriş sözü ilə “Qazax” Xeyriyyə İB İdarə Heyətinin sədri professor İlham Pirməmmədov açaraq qonaqları salamladı və qeyd etdi: – “Yubiley tədbiri iştirakçılarının diqqətinə çatdırıram ki, 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Beynəlxalq Müəllimlər günü 1966-cı ildə Yuneskonun qərarı ilə təsis olunub. UNESCOnun 1994-cü ildə qəbul etdiyi növbəti qərara əsasən isə müəllimlər günü dünya əhəmiyyətli bayram elan olunub. Azərbaycanda isə Ulu Öndər Heydər Əliyevin sərəncamına əsasən 1994-cü ildən 5 oktyabr  Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

Nizami müəllim, bu gün gözəl bir gündür. Yubileydə bizimlə birgə olan insanların doxsan beş faizi təhsil işçiləridir. Ali təhsil ocaqlarında, orta məktəblərlərdə, Elmlər Akademiyasında çalışan insanlarımız var. Rektorlarımız, akademiklərimiz, professorlarımız bizimlə birlikdədir bu gün. Yüz nəfərlik məclis olsa da, ağırlıq çəkisinə görə min nəfərlik məclisə bərabərdir. Çünki bu gün bizimlə elm işığı yandıran insanlar bir aradadır. Müəllimlərin bayramı hər kəsin bayramıdır. Kiçik yaşlı körpələr, böyük yaşlı məktəblilər, institut tələbələri hər kəs bu gün öz müəllimini təbrik edir. Hətta biz də bizə dərs demiş müəllimlərimizi təbrik edirik. Dünyadan köçənləri rəhmətlə yad edirik. Ulu Öndərin tapşırığına əsasən 1998-ci il sentyabr ayının 24-də Respublika sarayında (indiki Heydər Əliyev sarayında) Azərbaycan Müəllimlərinin XI qurultayı (Müstəqil Azərbaycan Respublikasının isə I qurultayı) keçirildi. Ulu Öndər sona kimi qurultayda iştirak etdi. Misir müəllim bu gün bu məclisdə bizimlə birlikdədir. Həmin vaxt Misir müəllim 6 ay idi ki, təhsil naziri işləyirdi. Biz qurultay öncəsi fikirləşdik ki, keçmiş SSRİ-də müəllimin ən yüksək fəxri adı “SSRİ Xalq müəllimi” idi. Azərbaycanda bu adı daşıyan müəllimlər var idi. Mənim yadımdadır Yevlax rayonunda məktəb direktoru işləyən Zahid Şöyübov “SSRİ Xalq müəllimi” idi. Nazirlikdə məslətləşmədən sonra belə qərara gəldik ki, müstəqil Azərbaycan respublikasının prezidenti Heydər Əliyevi “Azərbaycanın Xalq müəllimi” fəxri diplomu ilə təklif edək. Əlbəttə bu vaxta qədər Prezidentimizə çox fəxri adların verilməsi təklif olunmuşdur. Ancaq o təkliflərin heç biri ilə razılaşmamışdı. Hörmətli Misir müəllim bu təklifi Ulu Öndərə dedikdə o “Azərbaycan Xalq müəllimi” diplomunun ona təqdim olunmasına etiraz etməmişdi. Təhsil Nazirliyində həmin fəxri diplom hazırlandı. Misir müəllimin qurultayda geniş məruzəsindən sonra 40 il Bakı şəhəri 190 saylı məktəbə rəhbərlik etmiş Sona Tağıyeva səhnəyə çıxdı. Sona xanım çıxış etdi və dedi: – Hörmətli qurultay nümayəndələri! Bu gün biz müəllimlər qurultayının işinə yekun vururuq. Çətinliklərimizin olmasına baxmayaraq, çıxış edənlərin hamısı təhsil haqqında əldə etdikləri müvəffəqiyyətləri qeyd etdilər. Əlbəttə, respulikamızda müəllimlər qurultayı çox uğurla keçdi. Bu qurultay əvvəlki qurultaylardan onunla fərqlənir ki, biz hazırda müstəqil ölkə kimi müəllimlərin ali məclisini keçiririk. Hər kəs öz sözlərini və öz çətinliklərini dedi. Hamımız üçün bunlar aydındır. Çox sağ olsunlar ki, bütün çətinliklər yavaş-yavaş aradan götürülür. Bütün bunların səbəbkarı, bütün bunları yaradan Heydər Əliyev cənablarıdır, bizim hörmətli Prezidentimizdir. Hörmətli Heydər Əliyev cənabları! Mən sizi 1963-cü ildən tanıyıram. 1969-cu ildə Siz Azərbaycan KP MK-nın birinci katibi seçilmisiniz. İşə başladığınız gündən mədəniyyətə, maarifə yaxından kömək etmişsiniz. Bir çox rəhbərlər görmüşük. Amma sizin kimi təhsilə ürək yandıranı görməmişik. Siz xarici ölkələrlə dostluq əlaqələri yaratmışsınız. Siz biz müəllimlərə yaxından kömək edirsiniz. Siz hər bir müəllimi dinləyirsiniz. Mən də adicə bir müəlliməm. Amma müəllimlər mənim də yanıma gəlirlər. Bütün qurultay adından, bütün təhsil ictimaiyyəti adından mən Sizə çatdırıram ki, Vətənimizdə “Azərbaycan Xalq müəllimi” adı ilk dəfə sizə verilibdir, hörmətli prezidentimiz.

Hörmətli Prezident! Mən sizi buraya dəvət edirəm. Bu gün həm çıxış edəsiniz, həm də diplomu sizə təqdim edəcəyəm. Prezident səhnəyə gəldi. Hamı ayağa qalxdı. Sürəkli alqışlarla Sona xanım “Azərbaycan Xalq müəllimi” diplomunu Ulu Öndərə təqdim etdi.

Ulu Öndər təhsilə böyük önəm verirdi. O, deyirdi: “Mən dünyada müəllimdən yüksək və şərəfli bir ad tanımıram”. Mən də bu müqəddəs gün münasibətilə müəllimləri, bütün təhsil işçilərini təbrik edirəm, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. İki gün öncə cənab prezident İlham Əliyevin sərəncamı ilə bir sıra müəllimlər fəxri adla təltif edildilər. Həmin müəllimlərdən biri də Hüseynov Rahimdir. Rahim müəllimi də biz bu gün Nizami Cəfərovun yubileyinə dəvət etmişik. Rahim müəllim Bakı şəhəri 193 saylı məktəbin direktorudur. Əvvəllər TQDK-da məsul vəzifədə, sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksində direktor vəzifəsində çalışıb. Daha sonra Misir Mərdanovun əmri ilə 193 saylı məktəbə direktor vəzifəsinə təyin edildi. Həmin məktəbdə də Rahim müəllim öz işini şərəflə yerinə yetirir. Prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən Rahim Hüseynov dünən “Əməkdar müəllim” adına layiq görülüb. Müəllimlik həqiqətən şərəfli peşədir. Bu gün dəyərli ziyalılar bizimlə birlikdə Nizami Cəfərovun 60 illik yubileyində iştirak edirlər. Mən hesab edirəm ki, burada hər kəs bir-birini tanıyır. Bu gün bizim əzizimiz Misir Mərdanov, hörmətli qardaşımız, dostumuz akademik Əhliman Əmiraslanov, akademik Əli Abbasov, ağsaqqalımız, fəxrimiz, Xalq şairi, Heydər Əliyev mükafatı laeuratı Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, akademik Əli Abbasov, Milli Aviasiya Akademiyasının kafedra müdiri, akademik Arif Məmmədov, Nizami müəllimin qudası akademik Adil Qəribov, milli məclisin deputatı İlham Əliyev, hamımızın yaxşı tanıdığımız, dostumuz Tağı Əhmədov burdadır. Eyni zamanda bu gün doğma Qazaxımızın icra başçısı Rəcəb Babaşov, rayonumuzun millət vəkili Kamran Nəbizadə, dünya çempionu, AGF-in vitse-prezidenti, fəxrimiz Firdovsi Umudov, tanınmış iş adamı, “CARÇIOGLU GROUP” MMC-nin direktoru, dostumuz Elçin Carçıyev burdadır. Hamımızın əzizimiz millət vəkili Qənirə Paşayeva və əmisi dostumuz, professor Qəzənfər Paşayev burdadır. ADPU-nun rektoru professor, hörmətli Cəfər Cəfərov, Professor Şirindil Alışanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, tanınmış kimyaçı alim, əzizimiz akademik Məhəmməd Babanlı, AzTU-nun professoru Rasim Əlizadə burdadı. BDU-nun “Filologiya fakultəsi”nin dekanı professor Elçin Məmmədov və ADPU-nun “Filologiya fakultəsi”nin dekanı professor Buludxan Xəlilov da məclsimizdədir. PA-da Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini, prezidentin sərəncamı ilə “Vətənə xidmətə görə” I dərəcəli ordenlə təltif olunmuş eloğlumuz Məhərrəm Əhmədov, 30 ildən artıq Yekaterinburq şəhərində yaşayan eloğlumuz, iş adamı Şahin Şıxlınski burdadır. Şahin Şıxlınski Yekaterinburq şəhərində “Azərbaycan Diasporu”nun rəhbəridir. Onunla bərabər bu gün Rusiya Federsiyasından gələn qonaqlar da məclisimizdə iştirak edir. Həmin qonaqlar artıq bir həftəyə yaxındır ki, Bakı şəhərindədirlər. Avrasiya ölkələrinin assambleyasının Bakıda tədbirlərini keçirirlər. Mənim dostum, AzTU-nun prorektoru, professor Elton Məmmədov, general Mahmud Həmzəyev, polis-polkovniki Namiq İsmayılov da məclisimizdədir. AYB-nin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, 25 il “Qazax Xeyriyyə Cəmiyyəti”nə rəhbərlik etmiş Vidadi Bayramov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, Ağstafa rayonunun hörmətli ağsaqqallarından biri olan Akif Abbasov burdadır. Bununla yanaşı “Qazax Xeyriyyə” İB-nin çoxlu sayda üzvləri də məclisimizdə iştirak edirlər. Gördüyünüz kimi bizim gözəl və dəyərli xanımlarımız da burada iştirak edir. Mən onları da salamlayıram. Məclisimizi müğənnilər Sahib İbrahimov və Eldar Ələkbərov idarə edəcəklər. Aşıq Şaiq, Aşıq Avdı bizimlə birlikdədirlər. Hörmətli məclis üzvləri, müəyyən üzrlü səbəblərdən məclisimizdə iştirak edə bilməyən insanların təbriklərini də diqqətinizə çatdırmaq istəyirəm. Ağsaqqalımız, akademik Teymur Bünyadovun, sevimli yazıçımız, Əməkdar incəsənət xadimi Vidadi Babanlının, Akademiyanın müxbir üzvü Bilal Bilalovun, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedarasiyasının prezidenti Məmməd Musayevin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin, bizim dostumuz, iş adamı Fikrət Hacıyevin, millət vəkili Ülviyyə Ağayevanın salam və təbriklərini sizlərə çatdırıram.

Elə indi Xalq artisti Mənsum İbrahimov “Qarabağ üçlüyü” ilə məclisimizə qədəm qoydu. Mənsum müəllim 10 il bundan əvvəl bu gün olduğumuz “Xarı Bülbül” sarayında Nizami Cəfərovun 50 illik yubileyində də Elçin Haşımov və Elnur Əhmədovla iştirak etmişdi. Bu günkü məclisimizdə iştirak edən insanların bir çoxu həmin məclisdə də iştirak edirdilər. Nizami müəllim, arzulayıram ki, 70 illiyinizdə də Mənsum müəllim öz dəstəsi ilə sizi təbrikə gəlsin. İstəyirəm ki, Nizami Cəfərovun 60 illik yubileyi ərəfəsində onu “Şöhrət” ordeni ilə təltif etdiyi üçün cənab prezidentimiz İlham Əliyevi ayaq üstündə alqışlayaq və ona cansağlığı, ölkəmizin inkişafı yolunda uğurlar arzulayaq. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya cansağlığı və hörmətli Prezidentimiz cənab İlham Əliyevlə qoşa qanad kimi ölkəmizin inkişafı naminə uğurlar arzulayaq. Biz də Nizami Cəfərovu təbrik edirik. Elə hesab edirəm ki, Azərbaycanda Nizami müəllimi tanımayan yoxdur. Hər kəs onun xətrini çox istəyir. Nizami müəllim təmkinli, sadə insandır. Məntiqli danışığı insanlara örnəkdir. Elm yolunda yetərincə zəhmətlər çəkən insandır. Mən deyərdim ki, Nizami müəllim təkcə filosof, ədəbiyyatşünas, dilçi deyil, o həm də tarixçidir, siyasətşünasdır, insanşünasdır. Nizami müəllim, bir daha sizi təbrik edirik. Sizə həm də ona görə sağ olun, deyirik ki, Atatürk Mərkəzinin qapısı “Qazax” Xeyriyyə İB-nin üzünə açıqdır. Biz dəfələrlə Atatürk Mərkəzində Pezidentin sərəncamı ilə təltif olunan insanlarla bağlı dövlət əhəmiyyətli tədbirlər keçirmişik. İsmayıl Şıxlının 100 illik yubileyini, İsa Muğannanın 90 illik yubileyini, “Qazax Müəllimlər Seminariyası”nın 100 illik yubileyini və eləcə də digər tanınmış şair, yazıçıların kitab təqdimatlarını, yaradıcılıq gecələrini, ad günlərini biz Atatürk Mərkəzində keçirmişik. Hörmətli Nizami müəllim, bu diqqətiniz üçün də sizə çox sağ olun, deyirəm. İndi isə sözü sizə verirəm.

Akademik Nizami Cəfərov qonaqları salamladı: Əziz dostlar, mənim əzizlərim hamınız xoş gəlmişsiniz. Bu gün belə bir məclisə ağsaqqallıq etdiyi üçün hörmətli professorumuz İlham Pirməmmədova təşəkkürümü bildirirəm. Mənim 40 yaşımda da İlham müəllim diqqət ayırıb, 50 yaşımda Misir Mərdanovun rəhbərliyi ilə İlham müəllim yenə də yubiley günümə diqqətlə yanaşıb. İndi 60 illik yubileyimdir. İlham müəllim bu ənənəni davam etdirir. Qismət olsa 70 yaşda da bir yerdə olacağıq. Əməyimi yüksək qiymətləndirərək məni “Şöhrət” ordeni ilə təltif etmiş cənab prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.

Sonra isə Azərbaycan Milli Məclisinin deputatı, “Şöhrət” ordeni laeuratı, “Qazax” Xeyriyyə İB-nin üzvü, akademik Nizami Qulu oğlu Cəfərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına, elmin inkişafındakı xidmətlərinə görə, “Qazax” Xeyriyyə İB-nin işlərində aktiv fəaliyyətinə və anadan olmasının 60 illik yubileyi münasibətilə “Qazax” Xeyriyyə İB-nin təsis etdiyi “Xalq şairi Səməd Vurğun” adına diplom ilə təltif olundu. Bu diplom ilk dəfə Nizami Cəfərova təqdim olundu. İlham Pirməmmədov qeyd etdi: “1956-cı ildə Səməd Vurğun Azərbaycanın ilk Xalq şairi adına layiq görüldü. Bu gün isə Nizami Cəfərov ilk olaraq böyük şairin adına təsis olunmuş diploma layiq görüldü.”

Əməkdar elm xadimi Qəzənfər Paşayev, millət vəkili Qənirə Paşayeva yubiliyarı təbrik edərək, Nizami Cəfərov haqqında dəyərli fikirlərini məclis iştirakçılarının diqqətinə çatdırdan sonra əslən Borçalı kökənli, dünya şöhrətli rəssam Sabir Çopuroğlunun yaratdığı rəsm əsərini hədiyyə olaraq Nizami Cəfərova təqdim etdilər.

Xalq şairi Nəriman Həsənzadə, Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov Nizami Cəfərovu təbrik etdilər.

Təbrik üçün söz Misir Mərdanova verildi. Misir Mərdanov Nizami Cəfərovu təbrik etdi.

Misir Mərdanov da həmçinin “Qazax” Xeyriyyə İB tərəfindən fəxri diplomla təltif edildi: “Qazax” Xeyriyyə İB-nin fəxri üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru, Əməkdar elm xadimi, Şöhrət ordeni laeuratı, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professsor Misir Cumayıl oğlu Mərdanov Azərbaycan Respublikasının təhsil quruculuğu sahəsində, ölkənin təhsil strategiyasının yerinə yetirilməsində müstəsna xidmətlərinə, ictimai-siyasi həyatda iştirakına və elmin inkişafında xidmətlərinə, həmçinin “Qazax” Xeyriyyə İB-nin tədbirlərində aktiv fəaliyyətinə görə təltif edildi.

Söz Qazax rayon icra hakimiyyətinin başçısı, Qazaxda əsl qazaxlı kimi çalışan Rəcəb Babaşova verildi.

Daha sonra “Qazax” Xeyriyyə İB tərəfindən bir neçə nəfər təltif olundu. Əməkdar müəllim Rahim Hüseynov, dünya şöhrətli yazıçı Varis Yolçuyev, Aşıq Şaiq İncəli fəxri diplomla təltif edildilər.

Akademik Mustafa Babanlı, akademik Şahin Mustafayev, professor Elçin Məmmədov, professor Buludxan Xəlilov, professor Məhəbbət Dəmirçiyeva, filologiya elmləri doktoru Məti Osmanoğlu, YAP-ın Yasamal rayon təşkilatının sədi Tağı Əhmədov, şair Barat Vüsal, Gülgün Kərimov, professor Rüstəm Kamal, iş adamı Şahin Şıxlinski, “Hədəf kursları”nın həmtəsisçisi və baş direktoru Şəmil Sadiq, “İstanbul” liseyinin direktoru Söhrab Abdullayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Dürdanə Vəkilova, xeyriyyəçi Sultanxanım Nəsibova, təhsil üzrə ekspert Almaz Həsrət, şairə Gülamayıl Murad, şairə Cığatel İsaqızı və onun qızı Leyla Camal, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, professor Rasim Əlizadə, ədəbi tənqidçi Əsəd Cahangir çıxış edərək, ad günü münasibətilə Nizami Cəfərovu təbrik etdilər.

Yubiley iştirakçılarına Gülamayıl Muradın Nizami Cəfərov haqqında yazdığı “Zəka Çırağı” kitabı da təqdim olundu.

Sonda Nizami Cəfərov “Qazax” Xeyriyyə İB-nin İdarə heyətinin sədri professor İlham Pirməmmədov başda olmaqla bütün məclis iştirakçılarına təşəkkürünü bildirdi və 70 illik yubileyində burada iştirak edən insanlarla bir yerdə olmağı arzuladı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here