Qazaxda şair-publisist, jurnalist Məmməd Əfşanın 80 illik yubileyi qeyd olunub

0
1026

Qazaxda yubiley tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb. Belə ki, şairlərin, yazarların, saz, söz adamlarının yubiley tədbirlərinin keçirilməsi, onların yaradıcılığına hər zaman qiymət verilməsi bu ənənənin ən bariz nümunəsidir. Belə yubiley tədbirlərindən biri Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, jurnalist Məmməd Əfşanın (Məmmədov Məmməd Hüseyn oğlu) 80 illik yubileyi münasibətilə keçirilib. Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Məmməd Əfşan yaradıcılığından söhbət açılıb, onun doğma elə, obaya, yurda olan bağlılığından, Vətənə olan sevgisindən danışılıb.

Şəhərin mərkəzində yerləşən Ədəbiyyat Muzeyinin akt zalında təşkil olunan yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, təhsil, mədəniyyət işçiləri, şairlər, aşıqlar, ağsaqqallar, ziyalılar, BDU Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əməkdaşları və tələbələri, yubilyarın yaxınları, doğmaları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal yubiley tədbirini açıq elan edərək təbrik üçün sözü rayon rəhbərliyinə verib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb,M.Əfşanı 80 illik yubileyi münasibətilə təbrik edib, Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət, incəsənət xadimlərinə, şairlərə, söz adamlarına, qazaxlılara verdiyi dəyərdən, göstərdiyi diqqət və qayğıdan danışıb. Rayon rəhbəri ölkə Prezidentinin qazaxlılara verdiyi dəyəri özündə əks etdirən Sərəncamlardan da söz açıb. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzalanmış 3 noyabr 2018-ci il tarixli Sərəncamın Qazax təhsilinə, elminə verilən ən böyük qiymət olduğunu qeyd edib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzalanmış 28 yanvar 2019-cu il tarixli Sərəncamı, daha sonra görkəmli ədibin adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmasını qazaxlı ziyalılara verilən ən böyük dəyər kimi qiymətləndirib. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun şəhərin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını ziyalılara olan ən böyük ehtiram kimi dəyərləndirib.

İcra başçısı rayonda şairlərə, saz, söz adamlarına göstərilən diqqət və qayğıdan söz açaraq keçirilən yubiley tədbirlərini, anım günlərini, kitab təqdimatlarını qeyd edib. Bu gün Qazaxda bütün sahələrə olduğu kimi, mədəniyyət, xüsusilə də ədəbiyyat sahəsində çalışan insanlara xüsusi qayğı ilə yanaşıldığını vurğulayıb. Fəaliyyətə başladığı ilk gündən şairlərə, saz, söz adamlarına, onların yaradıcılığına həmişə yüksək qiymət verdiyini diqqətə çatdırıb. Rayon rəhbəri yubilyarın Vətəninə, elinə, obasına bağlı bir şair, ziyalı olduğunu vurğulayaraq onun yazdığı şeirlərin, əsərlərin, bütövlükdə yaradıcılığının bugünkü gənc şairlər, yazarlar üçün bir məktəb olduğunu bildirib.

Şair Barat Vüsal çıxış edərək tədbirdə iştirak edənləri Məmməd Əfşanın 80 illik yubileyinin keçirilməsi münasibətilə təbrik edib, ziyalılara, şairlərə verilən yüksək qiymətə, göstərilən diqqətə görə başda ölkə başçısı olmaqla rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasını ziyalılara olan qayğının daha bir bariz nümunəsi kimi dəyərləndirib. Şairin həyat və yaradıcılığından söz açan B.Vüsal onun ilk xeyir-duasını Xalq şairlərimiz Səməd Vurğundan, Osman Sarıvəllidən aldığını qeyd edib. Bildirib ki, M.Əfşan 1939-cu ilin 27 iyun tarixində Qazax rayonunun dilbər guşəsi olan Aşağı Əskipara (hazırda düşmən tapdağı altındadır) kəndində dünyaya göz açıb. Azərbaycan Pedaqoji Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olmuş, daha sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində davam etdirib. Əmək fəaliyyətinə “Abşeron” qəzeti redaksiyasında məsul katib kimi başlayıb. İlk şeiri Qazaxda nəşr olunan “Kommuna yolu” qəzetində, ilk məqaləsi “Azərbaycan gəncləri” qəzetində, ilk felyetonu “Abşeron” qəzetində, xaricdə ilk şeirləri Özbəkistanda və Latviyada dərc olunub. İlk şeirlər kitabı “Dostluq töhfəsi” Daşkənddə nəşr edilib.

B.Vüsal bildirib ki, sayca 50-dən artıq kitab müəllifi olan şairin yaradıcılığı olduqca zəngindir. İlk sanballı əsəri “Üç qardaş” povestlər trilogiyasıdır. Sonra iki cildlik “Mən görən kişilər” publisist xatirələr toplusunu yazıb. “Dünya mənim dünyam deyil” adlı seçilmiş şeirlər kitabı nəşr olunub. Daha sonra “Sönməz ocağın dühası” (M.Əlizadə ilə birlikdə), “Ömür karvanı”, “Bir ömrün dastanı” (rus dilinə tərcümə olunub), “Göyçənin tərlanı”, “Kişiliyi yaşadan kişi”, “Əzablı yolların yolçusu”, “Qasırğalar burulğanında”, “Tale hökmü”, “Qaçaq Tavat” adlı povest və romanları, “Buzov” və “Tanrı hökmü” pyesləri şairin yaradıcılığında zənginliyi özündə əks etdirən ən qiymətli əsərlərdir. Ən son şeirlər toplusu olan “Taleyim alnıma yazılıb mənim” kitabı isə bu il nəşr olunub.

Şairə, AYB-nin işçisi Güləmayıl Murad çıxış edərək Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müəllimin M.Əfşanın 80 illik yubileyi münasibətilə yubilyara ünvanladığı təbrik məktubunu oxuyub və səmimi arzularını çatdırıb. Mədəniyyətimizə, incəsənətimizə verilən yüksək dəyərə görə dövlət başçısına və rayon rəhbərliyinə sonsuz təşəkkürlərini bildirib. Yazdığı şeirləri ilə yubilyarı bir daha təbrik edib.

BDU-nun Qazax filialında Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov, rayon ağsaqqalı, Prezident təqaüdçüsü Kamal Əhmədov, AYB-nin Qazax Zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, şairə, AYB-nin üzvü Tamella Poladlı, Aşağı Əskipara kənd tam orta məktəbin müəllimi Əliağa Süleymanov, tədbir iştirakçılarından Fərhad Qocamanov çıxış edərək yubilyarı təbrik edib, onun yaradıcılığından, şairlə bağlı xatirələrindən danışıblar. Bu cür yubileylərin keçirilməsini dahi insanlara, ustadlara böyük ehtiram, bu gün yazıb-yaradan insanlara, şairlərə göstərilən ən böyük qiymət kimi qeyd ediblər. M.Əfşan yaradıcılığından söz açan çıxışçılar onun şeirlərində, yazdığı əsərlərdə doğma Vətənə, elinə, obasına bağlılığının, ana təbiətə vurğunluğunun, Vətən, yurd, torpaq həsrəti çəkməsinin aydın şəkildə əks olunduğunu, Azərbaycan ədəbiyyatında öz dəst-xətti, öz üslubu olduğunu, şeir dili ilə deyə bilmədiklərini nəsrləri ilə çatdırdığını vurğulayıblar.

Yubliyarın qardaşı Əməkdar jurnalist Sərhəd Məmmədov çıxış edərək qardaşı ilə bağlı xatirələrindən danışıb, bir ziyalı, ağsaqqal kimi onunla hər zaman fəxr etdiyini qeyd edib. Dövlətimiz və ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən ziyalılarımıza olan diqqət və qayğını yüksək qiymətləndirib. Bu gün qardaşının yubiley tədbirinin belə yüksək səviyyədə təşkil olunmasına görə əməyi keçən insanlara minnətdarlığını bildirib.

Tədbirdə BDU-nun Qazax filialının Ədəbiyyat ixtisasının I kurs tələbəsi Günel Eyyubova yubilyarın “Şair ürəyi”, II kurs tələbəsi Qənirə Musayeva isə “Səslə məni” şeirlərini tədbir iştirakçılarına və şairə ərmağan ediblər.

Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Aydın Orucovun ifasında şairin böyük fateh Teymurləngə yazdığı “Haqq divanı” əsərindən nümayiş olunan parça da alqışlarla qarşılanıb.

Qazax Aşıqlar Birliyinin sədri Camoy Qurbanov, aşıqlardan Saqif Məzəmli, Yaşar Gülümcanov, Şahin Süleymanov ifa etdikləri mahnı töhfələri ilə yubilyarı təbrik ediblər.

Yubilyar Məmməd Əfşan çıxış edərək onun yaradıcılığına verilən qiymətə, göstərilən diqqət və qayğıya görə başda ölkə başçısı olmaqla rayon rəhbərliyinə və tədbirin ərsəyə gəlməsində əziyyəti keçən insanlara öz dərin minnətdarlığını bildirib.

Sonda yubilyara anadan olmasının 80 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here