Görkəmli musiqişünas-alim Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib

0
18

Oktyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, professor Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə, həmçinin musiqişünas-alimin “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” adlı kitabı da təqdim olunub.

Tdbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq təmsil etdiyi qurumda mütəmadi olaraq tanınmış şəxsiyyətlərin, bəstəkarların, musiqişünas alimlərin yaradıcılığına həsr olun yubiley tədbirlərinin keçirildiyini qeyd edib. Bildirib ki, budəfəki tədbir də musiqişünas alim Babək Qurbanovun 80 illiyinə həsr olunub. “Təəssüflər olsun ki, bu gün o aramızda yoxdur. O, uzun müddət Türkiyədə çalışmışdı. Vətənə dönəndən sonra çox yaşamadı. Səhhəti ağır olsa da son nəfəsinədək Qara Qarayev haqqında kitab üzərində çalışdı. Bu da sənətinə, peşəsinə olan sevgidən irəli gəlir. Qara Qarayev haqqında çox kitab yazılıb. Müəllif bu kitabda bəstəkarın ömür yolu və fəaliyyətini xronoloji şəkildə qələmə alıb”, -deyə F.Əlizadə vurğulayıb.

Qeyd edilib ki, Babək Qurbanov Ü.Hacıbəyli adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsində oxuyub və “Azərbaycan aşıq musiqi yaradıcılığı” mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” adlı namizədlik dissertasiyasını, 1981-ci ildə 42 yaşında olanda isə Moskvada SSRİ EA-nın fəlsəfə İnstitutunda “Proqramlı musiqinin estetik prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981-1989-cu illər arası AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992-2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olub, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyib. Professor Babək Qurbanov Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq publisistik və elmi məqalələr həsr edib.

Sonra tədbir məruzələrin dinlənilməsi ilə davam edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Babək Qurbanovun elmi yaradıcılığında Qara Qarayev irsinə müraciət”, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın “Babək Qurbanovun “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” kitabı haqqında”, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovun “Babək Qurbanovun pedaqoji fəaliyyəti haqqında”, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Babək Qurbanovun musiqişünaslıq fəaliyyəti haqqında” mövzusunda məruzələri dinlənilib. Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Tədbirdə “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədovun göstərişinə əsasən İctimai Birliyin üzvlərindən professor Rüstəm Kamal, Rövşən Babanlı, şair Zaməddin Ziyadoğlu, şair rafail İncəyurd və digərləri iştirak etmişdir. Profesor Rüstəm Kamal öz çıxışında qeyde etdi ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədovun tez-tez Babək Qurbanovla görüşərək, onu İctimai Birliyin tədbirlərinə dəvət edərdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here