Ötən ilin aprel ayında təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Orxan Məhəmməd oğlu Əliyevin ölümündən bir il keçir. İldönümlə əlaqədar şəhidin doğulub boya-başa çatdığı  Qazaxın Aslanbəyli kəndində anım tədbiri keçirilmişdir.
Rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım tədbirinin  iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət etmiş, üstünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçən ilin aprel ayında erməni işğalçılarının təmas xəttində törətdikləri təxribatlardan və bu təxribatların qarşısının alınmasında sücaət göstərən  Azərbaycan Ordusunun uğurlarından danışmışdır. Qeyd etmişdir ki, 4 günlük döyüşdə  ordumuz nəyə qadir olduğunu göstərərək düşmənə layiqli cavab vermiş və işğal olunmuş torpaqlarımızın bir hissəsini geri qaytarmışdır. Aprel döyüşlərində öz ordusu haqqında miflər uyduran Ermənistanın təbliğatına da çox ciddi zərbə vurulmuşdur.
Qarabağ müharibəsi  iştirakçıları Kamil Musavi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev, kənd ağsaqqalı Omar Mustafayev və başqaları çıxış edərək Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı uğurlardan, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışmışlar. Qeyd edilmişdir ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Orxan Əliyev kimi igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcəkdir.
Məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş  şeirlər söyləmişlər. Həmin gün Orxan Əliyevin şəhid olmasının birinci  ildönümü ilə bağlı ehsan süfrəsi açılmışdır.
Qeyd edək ki, Orxan Məhəmməd oğlu Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş, adına Qazax şəhərində bulaq  kompleksi inşa edilmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here