Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərancama əsasən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü Musayev Məmməd Qurban oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Qeyd edək ki, Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində şair, yazıçı, pedaqoq Qurban Musayevin ailəsində doğulmuşdur. 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir.  1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır.  O, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.

İşlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.  M.Q.Musayev 1987-ci ildə “Dövlət Bankı əlaçısı” fəxri adına, 1998-ci ildə isə iqtisadi elmlər namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. O, Respublikanın elmi və dövrü mətbuatında mütəmadi olaraq çıxış edir.

Həmçinin Prezident cənab İlham Əliyevin həmin sərəncamı ilə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti, Qazax rayonunun Eynallı kəndində anadan olmuş, “Müller İnteryer” şirkətlər qrupunun təsisçisi və baş direktoru Zeynalov Vüqar Eldar oğlu da Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Məmməd Musayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Vüqar Zeynalovun isə “Tərəqqi” medalı ilə təltif etməsi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevə “Qazax” Xeyriyyə İctimai Birliyi və bütün Qazax ictimayiəti adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Həmçinin Məmməd Musayevi və Vüqar Zeynalovu da “Qazax” Xeyriyyə İctimai Birliyi adından təbrik edir, onlara can sağlığı, uzun ömür və ölkəmizin iqtisadiyyatının inkişafı naminə yorulmaz əmək fəaliyyəti arzulayırıq.

qazaxib.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here