Azərbaycan yazıçısı Varis Yolçuyevin beynəlxalq miqyaslı uğurları davam etməkdədir.
QAZAXİB.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, azərbaycanlı yazıçı Varis Yolçuyev Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş “İyirmi bir” adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq “Antuan de Sent Ekzüperi diplomu”na layiq görülüb.
Mükafatın təşkilat komitəsi rəsmisi Simon Qarnier yazıçımızın əsərini “İnsanla təbiətin mistik vəhdətinin gözəl nümunəsi” adlandırıb.
Xatırladaq ki, “L`Autographe” dünya yazarlarının seçmə nəsr nümunələrindən ibarət illik ədəbi almanaxdır. Almanax nəsr əsərini təqdim etməklə yanaşı, yazıçının xəttini də avtoqraf kimi oxucularına nümayiş etdirir.
Eloğlumuz Varis Yolçuyevi Fransanın “Antuan de Sent Ekzüperi diplomu”na layiq görülməsi münasibətilə Qazax Xeyriyyə İctimai Birliyinin İdarə Heyəti və Cəmiyyətin bütün üzvləri adından ürəkdən təbrik edib, ona can sağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Qeyd edək ki, istedadlı yazar Varis Yolçuyev əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir.