Aşıq Ədalətin 40 mərasimi keçirilmişdir

0
1937

“Qazax” Xeyriyyə İctimai Birliyindən verilən məlumata görə “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi və iştirakçılığı ilə 22 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində yerləşən “Tural” Mərasim evində ustad aşıq Dədə Ədalətin 40 mərasimi keçirilmişdir. Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Millət vəkilləri Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva, akademik Teymur Bünyadzadə, akademik Nizami Cəfərov, Xalq şairi Nəriman Həsənzadə, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı və Respublikanın tanınmış ictimai-siyasi, elm, təhsil xadimləri, şair və yazıçılar, aşıq sənətinin tanınmış ifaçılarından Ədalət Dəlidağlı, Solmaz Kosayeva, Aşıq İlham, Aşıq Avdi, Aşıq Şaiq və digərləri, bir sözlə ölkənin hər yerindən Ədalətsevərlər ustad sənətkara hörmət və ehtiramlarını bildirmək üçün məclisə gəlmişdilər.

İlk olaraq “Qazax” Xeyriyyə İctimai Birliyinin Ustad Aşıq Ədalətə həsr etdiyi “Dəli Kür” qəzetinin 36 səhifəlik xüsusi buraxılışı mərasim iştirakçılarına paylandı. Sonra ustad aşığın ruhuna “Quran-Kərim”dən surələr oxundu. Ehsanat süfrəsindən sonra Çiçək Mahmudqızının ssenarisi ilə hazırlanmış “Dədə Ədalət ruhunun işığında” adlı filmin nümayişi oldu. Filmdə Ustad Ədalətin ifasında saz ifaları, onun haqqında tanınmış ictimai-siyasi xadimlərin dediyi sözlər səsləndirildi. Daha sonra professor Buludxan Xəlilov, Məti Osmanoğlu Aşıq Ədalət haqqında elmi çıxışlar etdilər. Aşıq Ədalət işığından nurlanan tanınmış aşıq sənətkarların ifasında şeirlər səsləndirildi.

 

Qeyd edək ki, Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkarı Aşıq Ədalət 14 sentyabrı 2017-ci ildə haqqın dərgahına qovuşmuşdur. Böyük sənətkarla vida mərasimi Qazax Mədəniyyət Mərkəzində təşkil edilmişdir. Öz vəsiyyətinə uyğun olaraq Dədə Ədalət 15 sentyabr 2017-ci ildə Qazax rayonunda, Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here