Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilən kütləvi vətənpərvərlik bayramında Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, istefada olan hərbçi, general-mayor Mahmud Həmzəyev, Azərbaycan Respublikası Müdafiə Nazirinin müşaviri Abdulla Qurbani, Milli Məclisin deputatları Ülviyyə xanım Ağayeva və Xanhüseyn Kazımlı, “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədr müavini Arzuman Abdulkərimov, “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, ağsaqqal Vidadi Bayramov, professor Məhəbbət Dəmirçiyeva, yazıçı, jurnalist Natavan Dəmirçioğlu, iş adamı Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Salatın Əhmədli, Rafail İncəyurd, Rüstəm Kamal və başqaları iştirak edirdilər.
Tədbir iştirakçıları Fəxri qazaxlılar parkına gəldilər. Sonra Şəhidlər Xiyabbanına baş çəkərək memorialın önünə gül dəstələri qoydular və şəhidlərin əziz xatirələrini yad etdilər. Daha sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev parkına gələrək Ulu öndərin əziz xatirəsini yad edib abidəsi önünə gül çiçək dəstələri qoydular.
“Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilən tədbirin layihə rəhbəri Abdulla Qurbani tədbirin məqsəd və əhəmiyyətindən danışaraq mərasimi açıq elan etdi.
Ümummili lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Dövlət Himni səsləndi.
“Azərbaycan fanforası” hərbi orkestr tərəfindən ifa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazax və qazaxlılar haqqında çıxışı monitor vasitəsilə nümayiş etdirildi.
Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov təbrik nitqi ilə çıxış etdi. Bildirdi ki, hörmətli qonaqlar və Doğma Azərbaycanımızın “Qərb qapısı” Qazax rayonunda, Azərbaycan-Ermənistan sərhəddində Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən əziz əsgərlərimiz! Sizi və sizin timsalınızda Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini Qazax rayon İcra Hakimiyyətinin rəhbərliyi və Qazax ictimaiyyəti adından salamlayıram! Siz müasir müstəqil respublikamızın Milli Ordusunda – Azərbaycan Ordusunda Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edir, şərəfli, həm də çətin, məsuliyyətli xidmətinizdə qazandığınız uğur və nailiyyətlərlə ölkə rəhbərliyinin, qədirbilən xalqımızın, eləcə də öz valideynlərinizin etimadını doğruldursunuz.
Sanra hərbiçilərin ifasında səslənən “İlhamla gedirik gələcəyə biz” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Daha sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qazax – xidmət etdiyim diyar” kitabının ilk nüsxəsini general-mayor Rasim Əliyevə təqdim etdi. Qeyd olundu ki, bu kitab Qazaxda hərbi xidmətdə olan əsgərlərə veriləcəkdir.
Tədbir Silahlı Qüvvələrin mahnı ansamblının ifasında səslənən “Biz gedirik Qarabağa” mahnısı ilə başa çatdı.