24 oktyabr 2017-ci il tarixdə Rəşid Behbudov adına Mahnı Teatrında “Qazax Xeyriyyə” İctimai Birliyinin hesabat yığıncağı keçirilmişdir.
“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov tədbir iştirakçılarını salamladıqdan sonra “Qazax Xeyriyyə” İctimai Birliyinin hesabat yığıncağını idarə etməyi “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadovdan xahiş etdi.
İ.Pirməmmədov Qazax Xeyriyyə Cəmiyyətinin yaradılması və fəaliyyətində əməyi olan hər kəsə minnətdarlığını bildirib, Aslan Kəmərli, Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Mirvarid Dilbazi, Ağamalı Sadiq Əfəndi, Həmid Abbas, Fərman Eyvazlı, Hüseyn Çəndirli və digər dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.
“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədovun hesabat məruzəsi:
“- Hörmətli yığıncaq iştirakçıları!
Bildiyiniz kimi, inzibati cəhətdən iki rayon kimi mövcud olan Qazax və Ağstafa rayonları qədim Qazax mahalının tarixi əraziləridir.
Qazax və Ağstafa rayonlarının əhalisi bir-biri ilə o qədər doğma və yaxındılar ki, bundan sonra yüz il də keçsə qazaxlı ağstafalını özününkü, ağstafalı da qazaxlını öz doğması biləcəkdir.
Fürsətdən istifadə edərək dostlarımız olan Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova və Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə öz adımdan və “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri adından dərin təşəkkürümü bildirirəm ki, onlar da hər iki rayonun tarixi keçmişinə, adət və ənənələrinə hörmətlə yanaşaraq, bu məhəbbəti daha da artırmışlar.
Ulu öndər Heydər Əliyevin 1998-ci ildə Qazax rayonuna səfəri zamanı dediyi “SIZ, ƏZİZ QAZAXLILAR, BURADA HƏM ÖZ TORPAĞINIZI QORUYURSUNUZ, HƏM DƏ AZƏRBAYCANI QORUYURSUNUZ. SIZ BÜTÜN AZƏRBAYCAN XALQININ DAYAĞISINIZ” sözlərini biz onun Qazax mahalına və orada yaşayan qədirbilən insanlara verdiyi ən böyük qiymət kimi qəbul edir, yüksək dəyərləndiririk.Məhz bu dəyərlər içərisində Ulu öndərin tapşırığına əsasən ölkənin ən möhtəşəm sarayı olan Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) 1996-cı ildə Azərbaycanın dahi şairi Səməd Vurğunun 90 illik, 1998-ci ildə isə Xalq şairi Mirvarid Dilbazinin 85 illik yubileylərinə həsr olunmuş tədbirlərin keçirilməsi durur. Hər iki tədbirdə Ulu öndər Heydər Əliyev şəxsən iştirak etmiş və tədbirlərin sonunda çıxış etmişdir.
Qeyd edilən tədbirlərdə “Qazax Xeyriyyə” Cəmiyyətinin üzvləri yüksək aktivliklə təmsil olunmuşdu. Həmçinin deyə bilərəm ki, bu gün bizimlə bu iclasda olan üzvlərin böyük əksəriyyəti həmin tədbirlərdə iştirak etmişdilər. “Qazax Xeyriyyə” Cəmiyyəti 2000-2015- ci illərdə bir çox tədbirlər həyata keçirmişdir.
Bunlara misal olaraq, 2008-ci ildə akademik Teymur Bünyadovun 80 illik və 2013-cü ildə isə 85 illik, 2009-cu ildə akademik Nizami Cəfərovun 50 illik, 2010-cu ildə şair Məmməd İlqarın 60 illik, 2009-ci ildə Vidadi Bayramovun 70 illik, 2012-ci ildə Vidadi Babanlının 85 illik yubileylərini qeyd etmək olar. Bununla yanaşı 2012-ci ildə şair Nüsrət Kəsəmənlinin Türkiyədə türk dilində çap olunmuş kitabının təqdimatı Bakı şəhərində Cəmiyyət tərəfindən yüksək səviyyədə keçirilmişdir. Həmçinin Cəmiyyətin üzvləri tərəfindən Qazax və Ağstafa ilə bağlı çoxlu sayda kitab, məqalə və tanınmış nüfuzlu şəxsləri haqqında xüsusi buraxılışlar da hazırlanmışdır. Bütün görülmüş işlər “Qazax Xeyriyyə” Cəmiyyətinin hər bir üzvü tərəfindən, ümumiyyətlə, mahalımızın insanları tərəfindən yüksək dəyərləndirilmişdir. Bu işlərin təşkilində və təbliğində “Qazax Xeyriyyə” Cəmiyyətinin bir çox üzvləri ilə yanaşı, Vidadi Bayramovla Rövşən Babanlının çox böyük xidmətləri olmuşdur.
Qeyd etmək istəyirəm ki, “Qazax Xeyriyyə” Cəmiyyəti 2015-ci ildən Ədliyyə Nazirliyində “Qazax Xeyriyyə” İctimai Birliyi adı ilə qeydiyyatdan keçmiş və bundan sonra bu təşkilat “Qazax Xeyriyyə” İctimai Birliyi kimi fəaliyyət göstərmişdir.
“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə heyəti və üzvlərinin 14 yanvar 2017-ci il tarixli toplantısında Birliyin sədri Vidadi Bayramov İdarə Heyətinə istefa ərizəsi ilə müraciət etdikdən sonra “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri vəzifəsinə mənim namizədliyimi irəli sürdü. Lakin işlərimin çoxluğunu və vaxtımın az olmasını bildirib israrla Birliyin İdarə Heyətinin sədri vəzifəsinə başqa bir namizədin təklif olunmasını xahiş etdim. Cəmiyyətin İdarə Heyətinin üzvü olan ziyalılar və ağsaqqallar etirazımı qəbul etməyərək, bu vəzifəni öz üzərimə götürməyi yenidən israrla təkid etdilər. Sədr seçkisindən sonra İctimai Birliyin İdarə Heyətinin və Birliyin üzvlərinin təklifi ilə Puşkin Əhmədov və Arzuman Abdulkərimov “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədr müavinləri seçildilər. İdarə Heyətinin yeni tərkibi də yenilənərək 25 nəfər müəyyənləşdirildi və təsdiq üçün Ədliyyə Nazirliyinə göndərildi. “Qazax Xeyriyyə” İctimai Birliyi 16 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsində qeydiyyata alındı.
Qeyd edim ki, mənim İctimai Birliyə rəhbərlik etdiyim 9 ay ərzində tərəfimizdən bir çox işlər görülmüşdür.
Hər şeydən əvvəl qeyd edim ki, İctimai Birlik yeni ünvanda (Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan küçəsi, 19a), geniş imkanları olan ofisdə fəaliyyətə başlayıb.
Cari ilin aprel ayında «Qazax Xeyriyyə» İctimai Birliyinin internet saytı yaradılıb və www.qazaxib.az ünvanı ilə fəaliyyətə başlayıb və saytda “Bizimlə əlaqə” bölməsində e-mail ünvanımız (info@qazaxib.az) açılıb, həmçinin saytdan birbaşa bizə onlayn yazmaq imkanı da yaradılıb. İctimai Birlik tərəfindən görülən bütün işlər və tədbirlər barədə Birliyin bütün üzvlərinə bu sayt vasitəsilə məlumat vermək imkanı yaranıb. Hələlik saytda 10 bölmə müəyyənləşdirilmişdir ki, burada Qazax və Ağstafanı əhatə edəcək bütün rəsmi məlumatları, ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, şair və yazıçıları, elm, təhsil, mədəniyyət sahəsinin insanları haqqında məlumatlar, elanlar yerləşdirilir. Həmçinin Qazax Rayon İcra Hakimiyyətinin rəsmi mətbu orqanı olan “Göyəzən” qəzetinin, Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmi mətbu orqanı olan “Ağstafa” qəzetinin hər bir nömrəsi saytımızdakı müvafiq bölmələrdə yerləşdirilmişdir.Bundan başqa “Qazax Xeyriyyə” İctimai Birliyinin mətbu orqanı olan və 1994-cü ildən çap edilən “Dəli Kür” qəzetinin formatında dəyişiklik aparılaraq artıq rəngli formada və keyfiyyətli kağızda 700 nüsxə çap olunur. “Dəli Kür” qəzetinin hər bir nömrəsindən Qazax və Ağstafa rayon icra hakimiyyətlərinin hər birinə 300 ədəd göndərilir və oradan da İcra Hakimiyyətinin müvafiq şöbəsi tərəfindən aidiyyəti qurumlara paylanılır. Yaxın vaxtlarda qəzetin redaksiya heyətində də müəyyən dəyişikliklər aparılacaq. Qəzetin forma və məzmun keyfiyyəti daha da yüksəldiləcək. Qəzetin səhifələrində ölkəmizdə və dünyada baş verən hadisələr, rəsmi ictimai-siyasi xəbərlər də yer alacaqdır. Qəzetimiz ayda bir dəfə çap olunsa da İctimai Birliyin internet saytındakı xəbərlər hər gün yenilənir. Bundan başqa, “Dəli Kür” qəzetinin hər bir nömrəsi saytımızdakı müvafiq bölmələrdə yerləşdirilir ki, ölkəmizdən kənarda yaşayan, qəzetləri əldə edə bilməyən həmyerlilərimiz saytımıza daxil olaraq “Dəli Kür” qəzetini oxuya bilsinlər.
Bir daha qeyd etmək istərdim ki, bizimlə əlaqə saxlamaq istəyən, hansısa ərizə, məktub, təbrik və digər məlumatlarını bizə ünvanlamaq istəyən insanlar bizim saytımıza daxil olub “Bizimlə əlaqə” bölməsini açaraq onlayn formada yaza və yaxud bizim info@qazaxib.az e-mail ünvanımıza yaza bilərlər.
Bundan başqa, bizim fəaliyyətimiz dövründə “Qazax Xeyriyyə” İctimai Birliyi tərəfindən aşağıda qeyd olunan tədbirlər həyata keçirilib:
– Cari ilin fevral ayında 120-ə yaxın mötəbər qonağın iştirakı ilə Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubiley tədbiri geniş şəkildə keçirildi və ona “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Əliağa Şıxlınski” diplomu təqdim olundu;
– 3 mart 2017-ci il tarixində Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbçisi Süleymanov Süleyman Elçin oğlunun doğulduğu Qazax rayonunun Daş Salahlı kəndindəki Şəhidlər Xiyabanında dəfnində iştirak etdik.
Şəhidimizin qəbirüstü abidəsinin götürülməsi və ətrafının abadlaşdırılması “Qazax Xeyriyyə” İctimai Birliyinin vəsaiti hesabina həyata keçirildi. Şəhid balamız haqqında akademik Teymur Bunyadovun saytımızda və “Dəli Kür” qəzetində məqaləsi dərc edildi;
– 21 mart 2017-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş Novruz şənliklərində “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyəti geniş tərkibdə iştirak etdi.Qazaxda olduğumuz bir gün ərzində Xalq şairi Səməd Vurğunun, Xalq yazıçısı İsmayıl Şıxlının və Xalq yazıçısı Mehdi Hüseynin abidələri ziyarət edildi. Qeyd edim ki, Tanrının xoş bir təsadüfidür ki, bu üç dahinin doğum günləri bir-birinin ardınca gəlir. Belə ki, 21 mart Səməd Vurğun, 22 mart İsmayul Şıxlı, 23 martda isə Mehdi Huseyn anadan olmuşdur;
– 14 aprel 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 65 illik yubileyi münasibətilə barelyefinin açılış mərasimində iştirak etdik;
– 15 aprel 2017-ci il tarixində Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir, prezident təqaüdçüsü Vidadi Babanlının 90 illik yubileyi 150 nəfərə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd edildi və yubliyara “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Əliağa Şıxlınski” diplomu təqdim olundu. Bundan başqa, “Qazax Xeyriyyə” İctimai Birliyi “Dəli Kür” qəzetinin 44 səhifəlik xüsusi buraxılışını da Vidadi Babanlıya həsr etmişdir;
– 13 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Qazax rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan və Qazax şəhərində keçirilən Azərbaycan şairi və mütəfəkkiri Molla Pənah Vaqifin 300 illik yubiley tədbirində böyük nümayəndə heyəti ilə iştirak etdik;
– 10 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycanın xalq şairi, “Qazax Xeyriyyə” Cəmiyyətinin yaradıcılarından olan, Nəriman Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalamışdır.Bundan başqa, cənab Prezidentin müvafiq sərəncamları ilə:
“Odlar Yurdu” Universitetinin rektoru, Əhməd Vəliyev “Şöhrət” ordeni ilə,
Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun “Tərəqqi” medalı ilə təltif edilməsi,
Azərbaycan Respublikasının Əməkdar artisti aktyor Sabir Məmmədovun beşinci dəfə Prezident mükafatına layiq görülməsi,“Şöhrət” ordenli texnika elmləri doktoru Qasım Abdullayevə “Əməkdar mühəndis” fəxri adının verilməsi,
həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir və həqiqi üzvlüyünə keçirilən seçkilərdə Nizami Cəfərovun, Şahin Mustafayevin AMEA-nın həqiqi üzvü,
Bilal Bilalovun, Misir Mərdanovun, Arif Məmmədovun, Məhəmməd Babanlının AMEA-nın müxbir üzvü seçilmələri,
Ramiz Göyüşovun növbəti dəfə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri seçilməsi münasibətiylə may ayının 20-də “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən təltif olunanların iştirakı ilə onları təbrik etmək üçün geniş tədbir keçirildi. Həmin tədbirdə belə yüksək fəxri adlara, təltiflərə, insanların əməklərinə verilən yüksək qiymətə, ədalətli və şəffaf seçkilərə və seçim şəraitinin yaradılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edildi. Qeyd edim ki, yuxarıda adları çəkilən təltif edilən və seçilənlərin hər biri “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləridir.
– İyun ayında Bakıda keçirilən IV İslam Oyunlarında pəhləvan güləşi üzrə ikinci yerə çıxaraq gümüş medal qazanan, üçqat Avropa Çempionu, üçqat Dünya çempionu Tural Əliyevlə görüş keçirildi;
– 12 iyun 2017-ci il Hədəf nəşrləri və Qazax Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə böyük yazıçı İsa Muğannanın doğum günü ilə əlaqədar Fəxri Xiyabanında yazıçının məzarı başında anım günü və həmçinin yazıçı Şamil Sadiqin İsa Muğannaya həsr etdiyi “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiyasının təqdimatı keçirildi;
– 20 iyun 2017-ci il tarixində Ağstafa rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi və ona Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Heydər Əliyev mukafatının verilməsi münasibətilə Ağstafa rayonunda təşkil olunmuş tədbirdə geniş heyətlə iştirak etdik;
– Hamınıza məlumdur ki, 14 sentyabr 2017-ci ildə Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkar, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalət Nəsibov dünyasını dəyişdi. Böyük sənətkarla vida mərasimi Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Qazax Mədəniyyət Mərkəzində təşkil edildi. Aşıq öz vəsiyyətinə uyğun olaraq 15 sentyabr 2017-ci ildə Qazax rayonundakı Ağköynək qəbiristanlığında dəfn olundu. Həmin tədbirdə “Qazax Xeyriyyə»İctimai Birliyinin üzvləri geniş tərkibdə iştirak etdi. Aşıq Ədalətin 3-7 mərasimləri Bakı şəhərində Heydər Məscidində Qazax Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Dədə Ədalətin 40 mərasimi isə 22 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində yerləşən “Tural” Mərasim evində “Qazax Xeyriyyə” İctimai Birliyi tərəfindən təşkil olundu.
Qeyd edim ki, “Qazax Xeyriyyə” İctimai Birliyi tərəfindən ustad Aşıq Ədalətə həsr edilmiş “Dəli Kür” qəzetinin 36 səhifəlik nəfis formada hazırlanmış xüsusi buraxılışı mərasim iştirakçılarına paylandıqdan sonra “Dədə Ədalətin ruhunun işığında” adlı 1 saatlıq film nümayiş olundu.
Aşıq Ədalətin qəbrüstü abidəsi onun sənətinə və adına layiq formada Qazax Rayon İcra Hakimiyyəti və “Qazax Xeyriyyə” İctimai Birliyinin vəsaitləri hesabına hazırlanacaq.
“Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri üçün də keçən bu müddət çox uğurlu və yaddaqalan olmuşdur:
– 2017-ci ildə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Prezident sərəncam imzalayıb. Çox sevindirici haldır ki, Səməd Vurğunun nəticəsi, Aybəniz xanım Vəkilovanın nəvəsi Bakı Musiqi Akademiyasının tələbəsi, hal-hazırda Fransada Paris Musiqi Akademiyasında təhsil alan Vurğun Vəkilov da Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür;
– iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Alı Qocayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir;
– sentyabr ayının 15-də sevimli müğənnimiz, “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü Vasif Məhərrəmliyə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Əməkdar artist” adı verilib.Sağ əlinin Sahib İbrahimlinin və Eldar Ələkbərovun başına olmasını arzu edirəm.
Yuxarıda sadalanan bu dəyərli təltiflər münasibətilə İctimai Birliyin bütün üzvləri adından onların hər birini ürəkdən təbrik edirəm.
– “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, Sərbəst Güləş üzrə Azərbaycan Milli komandasının baş məşqçısı Firdovsi Umudovun yetirməsi Hacı Əliyev üçqat Dünya çempionu olmuşdur. sentyabrın 29-da Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirində ölkə Prezidenti cənab İlham Əliyev baş məşqçini və güləşçimizi son dünya çempionatında qazanılan uğur münasibətilə təbrik edib və bundan sonra da onlardan yaxşı nəticələr gözlədiyini deyib;
– cari ilin oktyabr ayında Salatın Əhmədli və Rövşən Babanlının tərtib etdikləri 512 səhifəlik “Qazax mahalının alimləri” adlı ensiklopedik məlumat kitabı çap olunub;
– oktyabrın 16-da “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, bugünkü tədbirimizdə iştirak edən, AMEA-nın müxbir üzvü, Məhəmməd Babanlı kimya elmi sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən layiqli alim” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” kimya üzrə qalibi olmuşdur;
Hörmətli tədbir iştirakçıları!
Bu məqamda xüsusi olaraq qeyd edim ki, “Qazax Xeyriyyə” İctimai Birliyinin həyata keçirdiyi tədbirlrdə sənətkarlar, muğənnilər, aşıqlar baxımından hec bir problemimiz yaşanmır. Cunki bu tədbirlərdə cəmiyyətimizin üzvləri olan Əməkdar artist Vasif Məhərrəmli, əməkdar artist Zaur Əmiraslanov, Eldar Ələkbərov, Sahib İbrahimov, Gülnar İsayeva, Aşıq Avdı, Aşıq Şaiq, Solmaz Kosayeva, Aşıq İlham və adını çəkmədiyim bir çox sənətkarlar “Qazax Xeyriyyə»İctimai Birliyinin üzvləri kimi özləri də tədbirlərimizdə fəal iştirak edirlər.
Təbii ki, bunlar hamısı bizim keçmişdə qalan uğurlarımızdır. Biz gələcək uğurlarımız uğrunda çalışmalıyıq. Ona görə də bir məsələni də xüsusi vurğulamaq istərdim ki, bundan sonra “Qazax Xeyriyyə” İctimai Birliyi tərəfindən il ərzində görüləcək işlərin tədbirlər planı hazırlanacaq və təsdiq olunacaqdır. Artıq biz bundan sonra görüləcək işləri həyata keçirmək üçün yeni faəliyyət mexanizmləri düşünüb ortaya qoymuşuq. Belə ki, Birliyin Nizamnaməsinə uyğun olaraq təsdiq olunmuş illik fəaliyyət planında nəzərdə tutulan tədbirləri həyata keçirmək üçün Birliyin İdarə heyətinin sədri yanında katibliyin və müvafiq işçi komissiyaların yaradılması məqsədəuyğun sayılmışdır. Katibliyə Hüquq xidməti, Dəftərxana, Mühasibatlıq və Mətbuat xidməti daxil olacaqdır. İşçi komissiyalar Birliyin İdarə Heyətinin qərarı ilə yaradılacaq və Birliyin sədri tərəfindən təsdiq oluna və ya ləğv edilə biləcəkdir. Komissiyaların üzvləri İctimai Birliyin üzvlərinin könüllü olaraq ərizə ilə müraciətləri əsasında formalaşacaqdır. Komissiyaların sədrləri Birliyin İdarə Heyəti tərəfindən komissiyanın üzvləri içərisindən seçiləcəkdir. Seçim zamanı onların aidiyyatı sahədə iş təcrübəsi, nailiyyətləri və ictimaiyyət arasında olan nüfuzu nəzərə alınacaqdır. Lazım gəldikdə komissiya sədrlərinin təqdimatı əsasında İdarə heyətinin qərarı ilə komissiya sədrlərinə müavinlər də təyin oluna bilər. Qeyd edim ki, komissiya üzvlüyünə müraciətlər 10 dekabr 2017-ci il tarixinədək Birliyin www.qazaxib.az saytındakı onlayn müraciət bölməsinə yazıla və ya info@qazaxib.az e-mail ünvanına göndərilə bilər.
“Qazax Xeyriyyə” İctimai Birliyi nizamnaməsinə uyğun olaraq ölkədaxili və beynəlxalq qrant layihələrində iştirak edə bilər. QHT fondundan da qrantlar ala bilər.
Aşağıda adları göstərilən komissiyaların yaradılması təklif olunur.
1. Təhsil və mədəniyyət komissiyası
2. Əmək və sosial məsələlər komissiyası
3. Beynəlxalq əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş komissiyası
4. Gənclər və idman komissiyası
5. Məsləhət və intizam komissiyası
6. Biznes və sahibkarlarla iş komissiyası
7. Nəzarət-təftiş komissiyası
Müvafiq komissiya sədrləri seçilib təsdiq edildikdən sonra onlar İdarə Heyətinin sədr müavinləri və katibliklə birgə rəhbərlik edəcəkləri komissiyaların əsasnamələrini hazırlayır və təsdiq üçün İdarə Heyətinin sədrinə təqdim edir. Əsasnamələr təsdiq edildikdən sonra onlar Əsasnamələrə uyğun fəaliyyət planlarını hazırlayacaqlar. Hazırlanmış fəaliyyət planları təklif verilməsi üçün Qazax və Ağstafa Rayon İcra hakimiyyətlərinə göndəriləcəkdir. Fəaliyyət planları həmin rayon rəhbərlərinin əsaslandırılmış təklifləri nəzərə alındıqdan sonra təsdiq olunacaqdır. Çünki bizim bir çox tədbirlərimiz bu rayonlarla birgə təşkil olunacaqdır.
Komissiyaların hüquq və vəzifələri, səlahiyyət çərçivəsi, işinin təşkili müvafiq Əsasnamələrdə öz əksini tapacaqdır.
Komissiyanın üzvləri mütəmadi olaraq Qazax və Ağstafa rayonlarına ezam olunacaqlar. Rayon İcra başçılarının vətəndaşların qəbulu günündə İctimai Birliyin nümayəndəsi kimi iştirak edəcəklər. Orada səslənən problemlərin bizə aid olan hissəsini həll etməkdə köməklik edəcəyik. Hətta gələcəkdə İcra başçıları səlahiyyətimiz daxilində olan bəzi məsələləri həll etmək üçün İctimai Birliyin İdarə Heyətinin sədrinə məktubla müraciətlər də edəcəklər. Komissiya sədrləri hər ilin sonunda Birliyin İdarə Heyətinə geniş formatda hesabat verəcəklər. Komissiyaların fəaliyyətinə Birliyin sədr müavinləri tərəfindən nəzarət edilir. İctimai Birliyin illik fəaliyyət planı komissiyaların fəaliyyət planları əsasında tutulur.
Qeyd edim ki, bu sadaladığımız işlər bizim görmək istədiklərimiz işlərin çox kiçik bir hissəsidir. Ulu öndər Heydər Əliyevin belə bir hikmətli deyimi var: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Biz də bu müdrik fikirə analoji olaraq belə deyə bilərik ki, bizi öz sıralarında birləşdirən “Qazax Xeyriyyə” İctimai Birliyi o vaxt güclü olacaq ki, onun iş görmək üçün müəyyən vəsaiti olsun. Əgər maliyyə bazamız, büdcəmiz olmayacaqsa, illik fəaliyyət planında qeyd edəcəyimiz işlərin heç birini həyata keçirə bilməyəcəyik.
“Qazax Xeyriyyə” İctimai Birliyinin Nizamnaməyə uyğun olaraq gələcəkdə Gəncədə, Sumqayıtda, Qazaxda və ölkədən xaricdə nümayəndəliyini açmağı düşünürük.
Bir də onu qeyd edim ki, “Qazax Xeyriyyə” İctimai Birliyinə ixtiyari bölgədən üzv ola bilərlər, necə ki, bu gün bizim sıralarımızda Ağdamdan, Şuşadan, Ucardan, Qaxdan və digər rayonlardan olan üzvlərimiz də var. Birliyin bütün üzvləri bir-biri ilə səmimi ünsiyyət saxlamaqla, bütün etik çərçivələr daxilində fəaliyyət göstərəcəklər. Birliyin bütün üzvləri eyni hüquqlara malikdirlər. Birliyin görəcəyi bütün işlər Nizamnamədə göstərilən tələblərdən kənara çıxa bilməz.
Onu da qeyd edim ki, bu gün Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri təsdiq edilib. Bu siyasətin həyata keçirilməsində biz də İctimai Birlik olaraq strateji yol xəritələrində QHT-lərə aid olan istiqamətlər üzrə köməklik edəcəyik. Mən burada sizin qarşınızda söz verirəm ki, gələn il 2018-ci ilin hesabatı verəndə daha çox uğurlarımızdan danışacağıq. Çünki ölkə Prezidentinin həyata keçirdiyi uğurlu işlərin fonunda bizim daha çox işləməyimiz lazımdır. Bu da bizim hər birimizdən asılıdır.
İnanıram ki, 2018-ci ildə daha yaxsi hesabat verəcəyik. 2018-ci ildəki hesabatimiz daha çox şaxəli olacaq. Səbr və təmkinlə bizim hesabat məruzəmizi dinlədiyinizə görə hər birinizə təşəkkürümü bildirirəm.”
İlham Pirməmmədov sonda bildirdi ki, hesabat məruzəsi və yeni struktur ətrafında olacaq çıxışlardan sonra səslənən təklif və müraciətlərə münasibət bildirəcək.
“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov hesabat məruzəsini bitirdikdən sonra akademik Teymur Bünyadov geniş məzmunlu, əhatəli və ətraflı çıxışına görə ona təşəkkür etdi və çıxış etmək üçün sözü “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü Vidadi Bayramova verdi.
Vidadi Bayramov qeyd etdi ki, bugünkü günü Qazaxın tarixi üçün böyük əhəmiyyətə malik gün hesab edir. “Mən 25 il “Qazax” Xeyriyyə Cəmiyyətinin sədri olmuşam. Lakin düz 20 ildir ki, bizim tədbirimiz, iclasımız, yığıncağımız olmur.
Cəmiyyət 90-ci illərin ortalarında Qazaxa çox böyük dayaq durdu, çoxlu yaddaqalan işlər gördü. Qazaxın ermənilərdən müdafiə olunmasında hər cür çətinliklərə qatlaşdı. Biz ayda iki-üç dəfə yığışıb Qazaxa gedirdik. Oradakı problemləri gözlərimizlə görüb gəlib Bakıda onları həll edirdik. Rus ordusunun zabitləri ilə danışıqlara girib onlardan vəsaitlərimiz hesabına 21 ədəd tank, BTR və digər silahlar alıb Qazax və Ağstafanın sərhəd kəndlərinə göndərdik. Qazaxın ağsaqqallarından Teymur Bünyadov, İsmayıl Şıxlı, Vidadi Babanlı, Fərman Eyvazlı və digər ağsaqqallar mütəmadi olaraq Qazaxa gedirdi və camaat qarşısında, əsgərlər qarşısında çıxışlar edərək onları burada möhkəm durmağa çağırıardılar. O zaman dövlət orqanlarında çalışan insanlarla da çox yaxın münasibətlərimiz vardı deyə problemlərin həllində kömək olurdular bizə. Bir sözlə biz keçmişdə böyük işlər gördük.” Sonra V.Bayramov bu tədbiri ərsəyə gətirdiyinə görə “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədova təşəkkürünü bildirdi. O qeyd etdi ki, “mən İlham müəllimdə olan təəssübkeşliyi, işgüzarlığını gördüyümə görə məhz onun Cəmiyyətin sədri olacağı təqdirdə vəzifəmdən gedəcəyimi bildirmişəm. Elə də oldu, əgər o razı olmasaydı, mən heç kimə etibar etməyəcəkdim Cəmiyyətin taleyini. Çıxışdan da gördüyünüz kimi işçi komissiyalar görəcəyi bütün işləri qabaqcadan planlı şəkildə qurub sonra icra edəcək. Bu işlərdə İlham müəllimə də, Puşkin müəllimə də, Arzuman müəllimə də uğurlar arzulayıram.”
Sonra Qazaxdan Milli Məclisə deputat seçilmiş, millət vəkili Kamran Nəbizadə çıxış edərək “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədovun hesabat məruzəsini diqqətlə dinlədiyini, burada böyük işlərin görüldüyünü və gələcək planların ətraflı şəkildə vurğunamdığını qeyd etdi. Bildirdi ki, “bu işlər bizim ümumi uğurlarımızın tərkib hissəsidir. Mən sözün həqiqi mənasında Birliyin İdarə Heyəti sədrinin, üzvlərinin təşkilati məsələlərə necə həssas yanaşdığını gördükdə çox sevinirəm.
Qazax və Ağstafa rayonları bu gün digər bölgələrimiz kimi sürətlə inkişaf edir. Bu inkişafın təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Həmçinin bu iki rayonun icra başçıları Rəcəb Babaşova və Məhərrəm Quliyevə təşəkkürlərimi bildirəm. Onu da qeyd etmək istərdim ki, “Qazax Xeyriyyə” İctimai Birliyi Qazaxdan olan məşhur insanların doğum günlərini, nailiyyətlərini qeyd etməklə çox yaxşı iş görürlər. Bununla yanaşı mən düşünürəm ki, Birliyin əsas istiqamətlərindən biri də imkansız insanlarımıza, səhəti ilə bağlı problemləri olan insanlara kömək etmək olacaq. Həmçinin ən vacibi isə gənclərlə iş olmalıdır. Bu gün çox aktiv gənclərimiz var ki, onları düzgün işlərə yönəltmək lazımdır. Təbii ki, tək əldən səs çıxmaz. Biz güclərimizi birləçdirərək Birliyin daha çox işlər görməsinə kömək etməliyik. Burada əsasən problem yenə də maddiyatın üzərinə düşdüyündən, gəlin bu problemin də həll edilməsinə birgə köməkliklər göstərək.”
Sonra akademik Teymur Bünyadov sözü Xalq şairi Nəriman Həsənzadəyə verdi.
Nəriman Həsənzadə qeyd etdi ki, bəzən insan hardasa özünü tək hiss edir. “Adama elə gəlir ki, görüləsi işləri tək görəcək. Amma bu gün İlham müəllimin buradakı çıxışını gördükdən sonra gördüm ki, yox tək deyilik. Adam da tək olmayanda daha güclü olur. Mən bu çıxışa qulaq asanda çox sevindim. Böyük planlar hazırlanmışdır. Hər kəsin görəcəyi işlər aydın formada göstərilmişdir. “Dəli Kür” qəzetinin yaradılmasında mənim də böyük əməyim olmuşdur, qəzetin adını da mən qoymuşam. Bu qəzetdə tarix var. Kaş ki, bu tarixi yaza biləydik. Vidadi Bayramova da təşəkkür edirəm ki, uzun illər bu Cəmiyyəti və qəzetimizi qoruyub saxlamışdılar. Bir də istərdim ki, Qazağın, Ağstafanın rəsmi qəzetləri “Dəli Kür” qəzeti ilə əlaqəli işləsinlər. Biz bundan sonra da əlimizdən gələn qədər sizinlə bir yerdə olacağıq.”
Daha sonra akademik Nizami Cəfərov çıxış edərək qeyd etdi ki, bu hesabat tədbirinin keçirilməsi çox böyük əhəmiyyətə malikdir.O qeyd etdi ki, “mən Vidadi Bayramovun çıxışına diqqətlə qulaq asdım və bir anlıq tarixi keçmişə qayıtdım. Nə yaxşı ki, bu işləri görmüsüz. Sizlər gücünüz çatmayan işləri belə görmüsüz. İndi isə yeni dövr gəlir. İlham müəllim bizə izah etdi ki, “Qazax Xeyriyyə” İctimai Birliyi bundan sonra bugünkü standartlarla, bügünkü Azərbaycanın inkişaf tempinə uyğunlaşmaqla fəaliyyət göstərəcək. Yəni müasir idarəedicilik modellərini nəzərə almaqla, yüksək idarəetmə mədəniyyəti ilə hər kəs vəzifə bölgüsü ilə öz işini icra edəcək. Bu da bizdə İctimai Birliyin haqqında böyük əminlik hissi yaradır. Bu cür idarəçilik quruluşunun yaradılması çox gözəl hadisədir. Amma burada maddi vəsait əsas məsələdir. Amma biz burada da əsas hədəf kimi ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi maddi kapitalı insan kapitalına çevirməliyik. Çətinliklər olsa da, işlər gedəcək, çünki hədəf bəllidir. Bir də mən təklif edirəm ki, Təhsil və mədəniyyət komissiyasına hamımızın çox yaxşı tanıdığı, çox hörmətli AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının namizədliyini irəli sürürəm. Çünki Məhəmməd müəllim sözün əsl mənasında böyük ziyalı, əsl elm xadimidir.”
Sonra çıxış üçün söz AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıya verildi.
M.Babanlı ilk olaraq 90-cı illərdə vətəndaş, ziyalı mövqeyi sərgiləyərək Qazaxın ağır günlərində cəbhədə, səngərdə olan insanlara təşəkkür edərək onların əməlləri qarşısında baş əyirik, dedi. “Bu işlərin görülməsində mən də əlimdən gələni edəcəyəm. Gənclərimizin təhsilə yönəldilməsi istiqamətində bacardığımız nə varsa edəcəyik.”
Sonra çıxış üçün söz Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məhəmməd Alıyevə verildi.
M.Alıyev Qazax rayon İcra Hakimiyyəti başçısının salamlarını tədbir iştirakçılarına çatdıraraq İctimai Birliyin fəaliyyətinə uğurlar arzuladı. Qeyd etdi ki, Qazax rayon İcra Hakimiyyəti hər zaman ölkəmizin inkişafına bağlı, dövləti, dövlətçiliyi dəstəkləyən, cənab prezidentə sadiq, onun ətrafında sıx birləşmiş «Qazax» Xeyriyyə İctimai Birliyi ilə birgə işlər görməyə hazırdır. Bunun üçün bizim əlimizdən gələn nə varsa edəcəyik.
Daha sonra əməkdar artist Vasif Məhərrəmli çıxış edərək Qazax və Ağstafada görülən böyük işlərdən danışaraq, bunun üçün ölkə prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, icra başçısı Rəcəb Babaşova təşəkkürlərini bildirdi. V.Məhərrəmli qeyd etdi ki, Birlik öz xeyriyyəçilik işlərini bundan sonra da davam etdirməlidir.
Sonra müğənni Eldar Ələkbrov çıxış edərək bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə əməyi keçən hər kəsə təşəkkürünü bildirərək «Qazax» Xeyriyyə İctimai Birliyinin görəcəyi bütün işlərdə Birliyin üzvü olaraq hər zaman yaxından iştirak edəcəyini bildirdilər.
Sonra Sərbəst Güləş üzrə Azərbaycan Yığma Komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək “Qazax Xeyriyyə” İctimai Birliyinin görəcəyi işlərdə onun yanında olduğunu bildirdi. O qeyd etdi ki, “idman bir elmdir, fəlsəfədir. Buna görə də bu təşkilatın imkanları daxilində də gənclərimizi pis vərdişlərdən uzaq tutaraq ölkənin idman kursuna uyğun olaraq sağlam tərbiyələndirmək lazımdır.”Daha sonra İctimai Birliyin İdarə Heyətinin digər üzvləri professor Məhəbbət Dəmirçiyeva, Salatın Əhmədli, Labidə Batıyeva çıxış edərək hesabat yığıncağının əhəmiyyətindən danışaraq qeyd etdilər ki, bundan sonra da “Qazax Xeyriyyə” İctimai Birliyinin həyata keçirəcəyi bütün tədbirlərdə yaxından iştirak edəcəklər.
Həmçinin natiqlər İctimai Birliyin maliyyə imkanlarının yaxşılaşdırılması üçün bir sıra təkliflər irəli sürdülər.
Sonra akademik Teymur Bünyadov “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədova və onun müavinlərinə bundan sonrakı işlərində uğurlar arzulayaraq, öz xeyir-dualarını söylədikdən sonra sözü yenidən İlham Pirməmmədova verdi.
İlham Pirməmmədov sonda bunları dedi:
“Hörmətli dostlar, əziz qazaxlılar, öz dəyərli vaxtınızı ayırıb “Qazax Xeyriyyə” İctimai Birliyinin hesabat yığıncağında iştirak etdiyinizə görə bir daha Sizə, İctimai Birliyin bütün üzvlərinə öz təşəkkürümü bildirirəm. Qeyd edim ki, “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri olaraq söz verirəm ki, hər birinizin köməyi və potensialı ilə İctimai Birliyin faəliyyətini var qüvvəmizlə nümunəvi şəkildə həyata keçirməyə çalışacağıq. Çıxış edənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Nəzərinizə çatdırım ki, söylədiyiniz bütün tövsiyə və təkliflərin hər birini incələyərək öz fəaliyyətimizdə nəzərə alacağıq.
Tədbirimizə ağsaqqallıq edib, məclisimizi yüksək səviyyədə idarə etdiyinə görə hamımızın sevimlisi, sağlığında qəlblərdə və Qazaxda heykəli ucalmış akademik Teymur Bünyadova öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Qeyd edim ki, gələn il Teymur müəllimin 90 illik yubiley tədbirini də sizlərin yaxından iştirakı ilə həyata keçirəcəyik.
Bir daha hər birinizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.”
Bununla hesabat yığıncağı bağlı elan edildi.