“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki.

Hörmətli xanımlar və cənablar, dəyərli insanlar, xaricdə yaşayan soydaşlarımız.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyəti və dəyərli üzvləri adından Sizi və xalqımızı qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq, milli mənlik, el-obamıza, ölkəmizə, dünyamıza əmin-amanlıq arzulayıram!

31 Dekabr tarixi artıq 26 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi Azərbaycanda və dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar tərəfindən geniş şəkildə qeyd edilir. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının milli ideologiya kimi qəbul edilməsindən sonra bu ideologiya ətrafında 50 milyondan çox azərbaycanlı toparlanaraq Azərbaycan naminə birləşərək həmrəy oldular. Məhz 31 Dekabr tarixinin də ümummilli bayram kimi qeyd edilməsinin məzmun və mahiyyətində xalqımıza, millətimizə mənsubluq, Heydər Əliyev siyasətinə sədaqət dayanır. Həmçinin bu gün dünyada Azərbaycanın maraqları uğurunda yorulmaq bilmədən çalışan, mübarizə aparan cənab Prezident İlham Əliyevin ətrafında həmrəylik göstərərək bir yumruq kimi birləşməyimiz də bu günün böyük tarixi əhəmiyyətindən xəbər verir. 

“Qazax Xeyriyyə” İctimai Birliyi də ictimai təşkilat olaraq ölkəmizin milli maraqları naminə  aparılan daxili və xarici siyasəti dəstəkləyib, bütün sahələrdə həmrəylik nümayiş etdirərək prezident cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşmişdir. Hər zaman ölkənin hər bir yerində olduğu kimi Qazax mahalının dəyərli insanları da Azərbaycanın adını hər yerdə ucalara qaldıraraq ölkəmizin inkişafına böyük töhfələr vermişdir.

Dəyərli həmvətənlilərimiz, həmçinin biz sizlərlə Yeni il bayramı ilə yeni – 2018-ci ili də qarşılayırıq. Yola saldığımız 2017-ci il ölkəmizin həyatında bir çox uğurlarla yadda qaldı. Dünyada baş verən böhranlı iqtisadi və pozucu siyasi kataklizmlərin dalğası ölkəmizə çatmadan neytrallaşdırıldı. Əlbəttə ki, bu cür hadisələrin qarşısında yüksək əzmkarlığa, dəmir iradəyə, hərtərəfli siyasi hazırlığa malik, xalqı ilə bir olan hakimiyyət dayanır. Məhz cənab Prezidentin gərgin əməyi və uğurlu fəaliyyəti nəticəsində Azərbaycanda aparılan iqtisadi, siyasi, hərbi, elm-təhsil və digər sosial məsələlər sahəsində böyük uğurlar qazanılmışdır. Əldə edilən böyük uğurların təməlində isə hər birimizin bu və ya digər formada zəhmətləri olmuşdur. Bütün uğurların təməlində isə möhtəşəm birlik dayanır. Atalarımız da demişdir ki, “Güc birlikdədir!”. Biz bu birliyimizlə hələ çox uğurlara, tərəqqilərə nail olacağıq.

Doğma vətənimiz Azərbaycanın hərtərəfli inkişafında Qazax mahalının – Qazax və Ağstafa rayonlarının insanlarının da böyük əməyi olmuşdur. Hər bir görülən yaxşı əməlin ölkə rəhbərliyi səviyyəsində qiymətləndirildiyi, dəyərləndirildiyi kimi Qazax və Ağstafadan olan zəhmətkeş insanların, alimlərin, müəllimlərin, sənətkarların də əməyinə yüksək qiymətlər verilmişdir. Tək onu qeyd edə bilərəm ki, cari ildə Prezident İlham Əliyevin müfafiq sərəncamları ilə bir neçə həmyerlimiz ölkənin ən ali orden və medallarına, fəxri adlara və mükafatlara layiq görülmüşdür. 10 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycanın xalq şairi, “Qazax Xeyriyyə” Cəmiyyətinin yaradıcılarından olan, Nəriman Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzaladı. Biz Nəriman Həsənzadəyə verilən bu dəyəri cənab Prezidentin bütünlüklə Qazax mahalına verilən dəyəri kimi qəbul etdik. Bundan başqa, 2017-ci ildə cənab Prezidentin müvafiq sərəncamları ilə “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev “Şöhrət” ordeni ilə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev və Samux rayon İcra Hakimiyyəti Başçısı Alı Qocayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov “Tərəqqi” medalı ilə təltif edilmiş, “Şöhrət” ordenli texnika elmləri doktoru Qasım Abdullayevə “Əməkdar mühəndis”, sevimli müğənnimiz Vasif Məhərrəmliyə isə “Əməkdar artist” fəxri adları verilmişdir. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir və həqiqi üzvlüyünə keçirilən seçkilərdə Nizami Cəfərov, Şahin Mustafayev AMEA-nın həqiqi üzvü, Bilal Bilalov, Arif Məmmədov, Məhəmməd Babanlı AMEA-nın müxbir üzvü seçilmişdir. Bundan başqa cənapəb Prezidentin müfafiq sərəncamı ilə millət vəkili Kamran Nəbizadə yeni yaradılmış “Azərbaycan Sənaye Koperasiyası” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir. Belə yüksək fəxri adlara, təltiflərə, təyinatlara, insanların əməyinə verilən yüksək qiymətə, ədalətli və şəffaf seçkilərə və seçim şəraitinin yaradılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə bir daha minnətdarıq ki, el-obamızın dəyərli insanlarına, ziyalılarına bu cür qiymət vermişdir. Daim Azərbaycan mədəniyyətini, incəsənətini dünyada yorulmadan təbliğ edən, cənab prezidentin ən sadiq siyasi dəstəkləyicisi, Heydər Əliyev Fondunun direktoru, YUNESKO-nun və İSESKO-nun xoşməramı səfiri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da apardığı siyasi fəaliyyətdə Qazax və Ağstafa elinin ziyalıları, dəyərli insanları, sadə vətəndaşları onunla həmrəylik nümayiş etdirirlər. Eloğlumuz, tanınmış hüquqşenas Gündüz Kərimovun Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkçisi təyin edilməsi bizim qarşılıqlı fəaliyyətimizə və güvəncimizə olan bir töhfə kimi dəyərləndirilməlidir.

Bundan başqa 2017-ci ildə AMEA-nın müxbir üzvü, Məhəmməd Babanlı kimya elmi sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən layiqli alim” məqsədli qrant müsabiqəsi çərçivəsində “İlin alimi” seçilmişdir. Professor Mahmud Allahmanlını TÜRKSOY-un “Molla Pənah Vaqif” medalı ilə təltif edilmişdir. 2017-ci ildə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Prezident sərəncam imzalayıb. Çox sevindirici haldır ki, Səməd Vurğunun nəticəsi, Aybəniz xanım Vəkilovanın nəvəsi Bakı Musiqi Akademiyasının tələbəsi, hal-hazırda Fransada Paris Musiqi Akademiyasında təhsil alan Vurğun Vəkilov da Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.

El-obamızın bu uğurları ilə yanaşı itkilərimiz də olmuşdur. Ölkənin ictimai-siyasi, sosial həyatında xidmətləri olan dünyadan köçmüş dəyərli insanlarımıza uca Allahdan rəhmətlər diləyərək, məkanları cənnət olsun deyirəm. Bu itkilərin ən böyüyündən biri isə türk dünyasının böyük ozanı, Azərbaycanın ustad sənətkarı Aşıq Ədalət Nəsibovun haqq dünyasına qovuşması oldu. Aşıq Ədalət öz vəsiyyətinə uyğun olaraq Qazaxda dəfn olunmuşdur. Hər zaman onun sənətinə dövlət tərəfindən yüksək qiymət verilmişdir.  Aşıq Ədalətin sənətini sevən, onun xatirəsinə, yaradıcılığına hörmət edən insanların qəlbində isə əbədi və əzəmətli USTAD heykəli ucalmışdı. Allahdan böyük Ədalətimizə rəhmətlər diləyirəm.

“Qazax Xeyriyyə” İctimai Birliyi 2017-ci ildə təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq işlərini uğurla başa vurmuşdur. Prezidentin müvafiq sərəncamı ilə həyata keçirilən bütün təbdirlərdə, həmçinin Qazax və Ağstafa ilə bağlı olan digər tədbirlərdə yaxından iştirak etmişik. “Qazax Xeyriyyə” İctimai Birliyi tərəfindən təşkil edilən tədbirləri həyata keçirmişik. Bu işlərdə daim bizə dəstək olan Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə, millət vəkilləri akademik Nizami Cəfərova, Kamran Nəbizadəyə və Ülviyyə Ağayevaya minnətdarlığımızı bildirirk.

Məlumdur ki, 2017-ci ilin yanvar ayından “Qazax Xeyriyyə” İctimai Birliyinin rəhbərliyində dəyişikliklər edilmiş və Birliyin fəaliyyəti müasir standartlar çəriçivəsində nizama salınmış və müvafiq komissiyaların yaradılması ilə iş bölgüsü aparılmışdır. 24 oktyabr 2017-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrında “Qazax Xeyriyyə” İctimai Birliyinin hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Birliyin 25 illik fəaliyyətinə diqqət yetirilmiş və 2017-ci ildəki fəaliyyətinə qiymət verilmişdir.

2018-ci ildə “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyət planında nəzərdə tutulmuş işlərin sırasını genişləndirərək daha vacib sahələrə aid işlər görəcəyik. Ən böyük və vacib işlərimizdən biri isə yanvar ayının sonunda Qazax mahalının böyük oğlu, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadovun Qazaxda və Bakıda keçiriləcək 90 illik yubileyinə hazırlıq işlərinin görülməsidir. Respublika əhəmiyyətli olan bu yubiley tədbirini böyük təntənə və bayram ruhunda həyata keçirməyi planlaşdırmışıq. Bunun üçün İctimai Birliyin müvafik komissiyaları qarşılıqlı formada tədbirlər planının mexanizmini hazırlamaqla məşğuldurlar.

Həmçinin ölkə rəhbərliyi tərəfindən insan kapitalının inkişafına xüsusi diqqət yetirildiyindən biz də fəaliyyətimizdə bu prinsipləri rəhbər tutacağıq. Cəmiyyətdə sağlam düşüncəli, peşəsinə, sənətinə bağlı, ölkəmizin inkişafina, bayrağımızın ucaldılmasına çalışan, lakin bu yolda bəzi çətinlikləri olan hər bir kəslə birgə olacağıq. İnanırıq ki, sizlərin də dəstəyi ilə 2018-ci ildə 2017-ci ildə əldə olunan böyük nailiyyətlərin sırası davam edəcək. Ölkəmizin inkişafı naminə yorulmadan, usanmadan böyük işlər görəcəyik. 

Sizi bir daha 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, ən gözəl, ən xoş arzularımı bildirirəm!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here