Bu gün fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Bilal Bilalovun 55 yaşı tamam olur

0
1927

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Bilal Bilalovun 55 yaşı tamam olur. 

Bilal Bilalov 2 yanvar 1963-cü ildə Qazax rayonunun Fərəhli  kəndində anadan olub. 1986-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tətbiqi riyaziyyat fakültəsini bitirib. 1986-1989-cu illərdə MDU-nun əyani aspirantı olub, akademik Y.İ.Moiseyevin rəhbərliyi ilə “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

200-dən çox elmi məqalənin və üç monoqrafiyanın müəllifi AMEA-nın müxbir üzvü Bilal Bilalov riyaziyyat üzrə dünyada tanınan və əsərlərinə böyük istinadlar edilən alimdir. Onun rəhbərliyi ilə 15 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru hazırlamışdır. Həmçinin elmlər doktorluğu hazırlığı üzrə 2 işin elmi məsləhətçisi olmuşdur.  

Onun elmi əsərləri “Proceedings of the American Mathematical Society”, “Complex Analysis and Operator Theory”, “Journal of Function Spaces and Applications”, “Mathematical Notes” və digər “Thomson Reuters” bazasına daxil olan jurnallarda dərc olunub. Bir sözlə professor Bilal Bilalov azərbaycanlı alim olaraq dünya elminə böyük töhfələr vermişdir. 

Professor Bilal Bilalova Gəncə Dövlət Universitetinin fəxri doktoru adı verilib-

Qeyd edək ki, AMEA-nın müxbir üzvü Bilal Bilalov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı Kuboku uğrunda şahmat turnirində 1-ci yerin qalibi olmuşdur.

Həmçinin Bilal müəllim köklü bir qazaxlı kimi hər zaman el-obasına bağlı bir insan olmuşdur. O, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ziyalıdır.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyəti və üzvləri, Qazax mahalının ziyalıları adından fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Bilal Bilalovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır.

 

 P.S. 
Bilal Telman oğlu Bilalov 2 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1986-1989-cu illərdə MDU-nun əyani aspirantı. 1989-cu ildə akademik Y.İ.Moiseyevin rəhbərliyi altında “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda MDU-da fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 1990-1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır. 1993-1996-cı illərdə MDU-da doktoranturaya qəbul olmuş və orada 1996-cı ildə “Üstlü sistemlərin bazislik xassələri və onların ümumiləşmələri” mövzusunda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi işləyib. 2002-ci ildən indiyə kimi “Qeyri-harmonik analiz” şöbəsinin müdiridir. 2009-cu ildə professor, 2014-cü ildən AMEA-nın müxbir üzvüdür.
Təhsili
1980-1983-cü illərdə Azərbaycan Dövlət Universiteti (indiki BDU), “Tətbiqi riyaziyyat” fakültəsi, tələbə
1983-1986-cı illərdə Moskva Dövlət Universiteti, “Tətbiqi-riyaziyyat və kibernetika” fakültəsi, tələbə
1986-1989-cu illərdə Moskva Dövlət Universiteti, “Tətbiqi-riyaziyyat və kibernetika” fakültəsi, aspirant
1993-1996-cı illərdə Moskva Dövlət Universiteti, “Tətbiqi-riyaziyyat və kibernetika” fakültəsi, doktorant.
Əmək fəaliyyəti
1990-1993-cü illərdə kiçik elmi işçi, Gəncə Texnologiya Universiteti, Riyaziyyat fakültəsi
1996-2002-ci illərdə böyük elmi işçi, AMEA Riyaziyyat və Mexanika İnstitutu, “Funksional analiz” şöbəsi,
2002-ci ildən indiyədək aparıcı elmi işçi, AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri,
2005-ci ildən indiyədək Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” və “Mexanika-Riyaziyyat” fakültələrinin professoru.
Həmçinin fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Bilal Bilalov
Azərbaycan Aktuarlar Assosiasiyasının sədri;
“Azerbaijan Journal of Mathematics” jurnalının baş redaktoru;
“Caspian Journal of Applied Mathematics, Ecology and Economics” jurnalının baş redaktoru;
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədri;
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü;
Azərbaycan Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü;
AMEA Prezidenti yanında Elmlərin Əlaqələndirilmə Şurasının üzvü;
“Riyaziyyat” üzrə Problemlər Şurasının Sədr müavini;
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəyçisi;
Türk Dünyası Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü;
AMEA RMİ-nin doktorluq dissertasiya Şurasının nəzdindəki elmi seminarın rəhbəri kimi alimlik borcunu vicdanla yerinə yetirir.