Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Məhərrəm Paşa oğlu Qasımlı Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, ədəbiyyatşünas, folklorşünas, şair, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının Azərbaycan ədəbiyyatının, ozan-aşıq sənətinin inkişafı istiqamətində misilsiz və müstəsna xidmətləri olmuşdur. Həmçinin professor M.Qasımlı uzun illərdir ki, “Qazax Xeyriyyə” İctimai Birliyinin yaxın dostu olaraq İctimai Birliyin fəaliyyətində yaxından iştirak edir.
“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, professor Əhməd Vəliyev, Vidadi Bayramov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından hamının sevimlisi, ozan-aşıq sənətinin mükəmməl təbliğatçısı, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlını “Şöhrət” ordeni alması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.
P.S. Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmişdir.
AMEA-nın Ədəbiyyat İnstitutunda işləyir. İnstitutun folklor şöbəsinin müdiridir. 1992-ci ildən Ədəbiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini təyin olunub.
1994-cü ildən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi hazırlayan alimlərdəndir. 2003-cü ildən nəşr olunan “Folklor və etnoqrafiya” jurnalının baş redaktorudur.
2008-ci ildə “Novruz” ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə “Ozan-aşık sanatı” adlı kitabı çap olunub. Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. “Sənə sözüm var” (2004) adlı şeirlər kitabı çap olunub. “Ozan-Aşıq” ensiklopediyası üzərində işləyir.
Ədəbiyyatşünas alim professor M. Qasımlı elmi məktəbində 21 nəfər fəlsəfə doktoru (elmlrər namizədi) yetişdirmişdir. Azərbaycanda 250-dən çox elmi, yüzlərlə elmi-publisistik məqalələsi və 2 monoqrafiyası çapdan çıxmışdır. Xaricdə isə 20 elmi məqaləsi çıxmışdır.
2016-cı ildən Azərbaycan Aşıqlar Birliyinin sədri seçilmişdi.
Məhərrəm Qasımlı işlədiyi müddətdə Dövlət Mükafatı Laureatı, “Əməkdar elm xadimi” fəxri adını qazanmışdır.