Bu ilin iyun ayında çağdaş poeziyamızın və jurnalistikamızın ünlü nümayəndələrindən biri olan Avdı Qoşqarın 60 yaşı tamam oldu.

60 illik yubileyinə Avdı yeni bir kitabı ilə gəldi. “Bu çay bu yatağa sığmaz”. Yubiley tədbirlərinin birində mən də iştirak edirdim və onun yeni nəşr olunan bu kitabından mənə də pay düşdü.

Kitabı varaqladıqca Avdının poeziya aləminə vardıqca, şeirləri, bədii-publisistik yazıları ilə tanış olduqca məndə onun yaradıcılığı haqda öz təəssüratlarımı yazmaq istəyi keçdi. Əvvala bir az tərəddüt etdim.

Kitaba iki ədəbiyyat bilicisi akademik Nizami Cəfərov və professor Rüstəm Kamal ön və son söz yazmışdılar. İki “Söz” nəhəngindən sonra mən yeni nə deyə bilərdim ki?

Lakin kitabı oxuduqca, yazmaq istəyim tərəddüdlərimə üstün gəldi.

… Avdını 20 ilə yaxındır tanıyıram.

90-cı illərin sonu idi. Mingəçevirə televiziya üçün verliş hazırlamağa gəlmişdi. Dostumuz professor Rüstəm Kamalın vasitəsilə yaxından tanış olduq. Həmin görüşdə söhbətlərimiz əsasən poeziyadan, sənətdən, ədəbiyyatdan oldu. Elə ilk tanışlıqdan sözümüz tutdu. Deyəsən bir-birimizi başa düşə bilmişdik.

Sonrakı vaxtlarda görüşlərimiz ara-sıra olsa da Avdının yaradıcılığını, fəaliyyətini izləyirdim. Açığı mən onun televiziya jurnalistikası sahəsindəki fəaliyyətini daha çox müşahidə edirdim.

“Bu çay bu yatağa sığmaz” kitabına qədər.

Avdını şair kimi narahat edən problemlər təkcə ətrafında, onu əhatə edən mühitdə, aləmdə baş verən proseslər, haqsızlıqlar, ədalətsizliklər deyil, həm də dünyanı narahat edən problemlərdir.İlk öncə onu deyim ki, “Avdı” adı səslənəndə istər – istəməz məndə bir söz- sənət adamı obrazının təssüratı yaranır. Qazax mahalında Avdı adı şeirlə, aşıq sənəti ilə qoşa səslənir. Bu adı şöhrətləndirən İncə dərəsinin Qaymaqlı kəndində yaşayıb-yaratmış məşhur ustad aşıq Avdı Avdıyev (Avdı Qaymaqlı) olmuşdur. Sonralar Avdı Qoşqarın poeziya meydanında görünməsi, Aşıq Avdı Musayevin aşıq sənətini uğurla davam etdirməsi, Avdı adının daha da məşhurlaşması ilə yanaşı həm də bu adın şeirlə, sənətlə bərabər səslənməsini daha da gücləndirmişdir. Görünür adın özündə bir mistik məna var ki, bu da şeirdə sənətdə özünü təzahür edir. Akademik Nizami Cəfərov kitaba ön sözündə yazır: “Avdı Qoşqarın “Bu çay bu yatağa sığmaz” kitabı, əsasən, son illərdə qələmə aldığı şeirləri, bədii publisistik məqalələri əhatə edir ki, həmin yazıların hər birində, köhnə təbirlə desək, müasirimizin nəbzi döyünür. Bəzən aramla, bəzən yavaş-yavaş, yəni həyatın tempinə uyğun olaraq, bəzən də həyəcanla, sürətlə, şiddətlə… və dərhal hiss edilir ki, şair ürəyi bu narahat insan taleyi üçün risklərlə dolu dünyamızın ritmini, intonasiyasını öz üzərinə götürməkdən çəkinmir”. Avdını yaradıcılığı ilə tanış olduqdan sonra Nizami Cəfərovla razılaşmaya bilmirsən.

Bu problemləri qələmə almaq istəyi onun içindən baş qaldırır və sonra bu duyğular “aramla” misralara çevirir. Avdı Qoşqar,

Bu çay – bu yatağa sığmaz,

Sığmaz, canım-gözüm, sığmaz.

Axar sular dar məcrada,

Axmaz şirin sözlüm, axmaz.

deyəndə bu ikili standartlarla idarə olunan, güclünün “haqq” hesab edildiyi, nizam tərəzinin əyildiyi dünyada, dünya belə getməz, belə getsə taleyin çərxi tərsinə dönər demək istəyir və doğurdan da Avdının nəbzi getdikcə sürətlə döyünür.

Gah düz ağrısı çək, gah daşa dirən

Yer ilə göy ilə baş daşa dirən,

Qohum azarı çək, qardaşa dirən-

Bələ tufanlara, qışa ömrünü.

və yaradıcılığının inkişafı prosesində Avdının nəbzi daha şiddəətlə döyünməyə başlayır.

Cahillik qırdı bizi,

söz anlayan tapılmır,

Anlayan əyri deyir-

düz anlayan tapılmır

Poeziyamızın əzəli və əbədi mövzusu olan məhəbbət şeirləri Avdı yaradıcılığında özünəməxsusluğu ilə seçilir. Bu şeirlər, son dərəcə səmimidir, təkrarsızdır, orjinaldır, yalnız onun özünə məxsusdur. Bu şeirlərdə məhəbbət də var etiraf da, təəssüf də:

Nə gözəl qocalıb, üzün, qamətin,

Bir az cavanlığın ətri var üstdə.

Bir ürək umurdun – əlim gəlmədi,

Peşkəşdi gəl indi ömrümü istə.

Ayrılıq söz deyil dərd yonqarıdı,

Daşıdım aylarla, illərlə “qoşa”.

Sən olan ürəyi sənə vermədim,

Sən olan ürəyi döndərdim daşa. Məlumdur ki, klassik poeziyamızın görkəmli nümayəndələri Molla Pənah Vaqifin, Aşıq Ələsgərin yaradıcılığında gözəllərin vəsfinə həsr olunan qoşmalar ünvanlıdır. Yəni qoşmada lirik qəhrəmanın adı çəkilir. (Məsələn! Pəri,Zeynəb, Minayə, Mədinə, Güləndam, Güllü və s.)

Eyni zamanda klassik aşıq yaradıcılığında bunun əksi də var. Belə ki, aşıq şeirinin daha çox təşəkkül tapdığı vətənimizin qərb bölgəsində və Borçalı mahalında ta qədimdən bu günə qədər gəlib çıxmış bir adət var ki, aşiqlər sevgililərin adını çəkməyə həya edirlər, kişi tərəfindən sevdiyi xanımın adını çəkmək, səsləndirmək, çağırmaq ayıb sayılır. Bu etnoadət həm də, folklorda, şeirdə, dastanlarda öz əksini tapmışdır. Dediklərimizə misal kimi “Aşıq Qərib” dastanını yada salmaq olar. Və ya Şəmkirli aşıq Söyünün bu gündə aşıqların və müğənnilərin dilindən düşməyən “Başına döndüyüm toy adamları” qoşmasını misal gətirmək olar.

Başına döndüyüm toy adamları,

Siz də deyin: toya gələn oynasın,

Adını demərəm, eldən ayıbdır,

Filankəsin qızı, filan oynasın.

Avdının məhəbbət mövzusunda yazdığı şeirlərində də belə nümunələr vardır. Şeirlər bir çox hallarda “etnoqrafik məzmun” ( Nizami Cəfərova ) kəsb edir, etnoyaddaşdakı mənəvi – əxlaqi adət-ənənə daşıyıcısına çevrilir.

Bu qədər gözəlin, qızın içində

Söyləmək ar gəlir ahıl yaşıma

Bir köylü gözəlin dəli həsrəti

Tale qapazıtək dəyir başıma.

Avdı Qoşqar bəzən ətrafında baş verən, hadisələrə acıyır, bəzən acı gülüşlərlə gülür, bəzən sarsılır, bəzən də şeirləri ilə insanların laqeyidliyinə,biganəliyinə , cahilliyinə qarşı mübarizəyə qalxır. İndi hər şeyin ap-aydın göründüyü dünyada hər şey göründüyü kimi olmur. Görünən şeylərin “alt qatı”, onun olduğu kimi görünmədiyindən xəbər verir və bu “alt qatı” isə görmək başa düşmək, duymaq lazımdır. Avdı Qoşqar həmin “alt qatı” görəndə sanki Böyük sufi Cəlaləddin Ruminin məşhur deyiminə – “Ya göründüyün kimi ol, ya olduğun kimi görün” kəlamına xitabən yazır:

Heç bir şey olduğu kimi görünmür

Hər şeyin altında bir alt qatı var

Bir azda dərində “gizli çatı” var.

Hər şey olduğu kimi görünmür

…Nə dünya bəyazdı göründüyü tək,

Nə göylər çil – çıraq ulduz yığını,

İnsanın canında qaynayır kələk,?

Gözəlin başına şeytan yığılır,

Heç bir şey olduğu kimi görünmür

Bir həqiqət aydındır ki, tarixin bütün dönəmlərində şairlər cəmiyyətin ağrı-acılarını öz çiyinlərində hiss etmiş, bu ağrı-acıları şeirlə ifadə etmişlər. Bu səbəbdəndir ki, bütün zamanlarda hökmdarların saraylarında şairlərin öz yeri, öz hörməti, öz nüfuz və çəkisi olmuşdur. Bununla belə həm də zaman-zaman həqiqəti söyləyən şairlərin boğazından asıblar, boynunu vurublar, dərisini soyublar. Lakin nə qədər cəza verilsə də onlar bütün zamanlarda həqiqət, ədalət çarçısı olaraq qalıblar. Avdı Qoşqar yazır: “Ədəbiyyatla cəmiyyətin tərbiyyə olunmasına ümidim çox azdır… Ömrüm boyu özümü bir şeyə inandırmağa çalışmışam ki, nə vaxtsa insan cəmiyyətinin çox vaxt özündən qaçdığı ruhi məqama, özündə gizlənən idrak işığına dönüşü başlanacaq. Belə olmasaydı min illik söz ağacının kökü də budaqları da çoxdan quruyub gedərdi.

… Hökm sahibləri söz xiridarlarının külünü göyə sovurardı. Deməli, hələ sözə, onun islah gücünə bərayi ehtiyac var.”

Və onun təsəvvüründə söz çox ucalıqdadır. Hələ mənalı, insanı düşündürən şeirlər yazmaq söz demək deyil. Bu baxımdan “Mən söz əbləhiyəm” deyən şairin “Yazmaq ayrı şeydir – biz yazdığımız şeirdi, qəzəldi, amma söz deyil” misraları maraqlıdır.

Avdının dünyaya göz açdığı məkan Azərbaycanın poeziya kəhkaşanına Aslan Kəmrli, Akif Səməd, Ağamalı Sadiq, Məmməd Dəmirçioğlu (Allah ruhlarını, şad eləsin) Məmməd İlqar, İbrahim İlyaslı, Rafael İncəyurd kimi şairlər bəxş edib.

Bu şairlərin hamısı Hacı Əfəndi ocağını irfan dünyasından su içib. Yəqin hörmətli oxucular və ədəbi ictimayyətin nümayəndələri mənimlə razılaşar ki, Azərbaycan poeziyasında bir İncə dərəsi məktəbi, ənənəsi, yolu var və adlarını sadaladığım və sadalamadığım şairlərin böyük əksəriyyətində bu ənənə özünü qabarıq şəkildə biruzə verir. Bu məktəbin nümayəndələrin hamısı klassik Azərbaycan poeziyasından, folklordan, aşıq şeirindən, bəhrələnmiş şairlərdir. Çünki bu yerin insanları hələ ana bətnində olarkən söz və sazla qidalanmışlar. Gözlərini dünyaya açanda onların ilk dəfə eşitdikləri saz havaları, oxşamalar, bayatılar, qım-qımılar, nağıllar, dastanlar, olmuş, insanların yaddaşı beləcə formalaşmışdır.

Avdının yaradıcılığına bu baxımdan yanaşsaq bir qədər fərqlilik görəcəyik. “Sazı-sözü, aşığı ruh kimi canında əsdirən” Avdı Qoşqar niyəsə “şeirimizin gül xonçası, olan özündə ulu ruhları yaşadan, gülüzlü gəraylılar”dan bir az aralı gəzir

Onun üslubu fərqlidir. Professor Rüstəm Kamal Avdı yaradıcılığını təhlil edərkən yazır:

“Avdı Qoşqarın qafiyələri də rədifləri də aşıq qulağı üçün elə asan deyil, şeirlərinin təhkiyə intonasiyası, poetik lüğəti, ritmik köntöylüyü elədir ki, gəraylısını, qoşmasını aşığın yaddaşı mənimsəyə bilməz”.

Avdının şeirləri ilə tanış olduqca Rüstəm müəllimin qənaətilə razılaşmalı olursan. Hətta o saza müraciətlə yazdığı şeirlərində belə, həmin qafiyələr, rədiflər aşığın qulağına yatmır. Diqqət yertirin.

Ovuda bilmirəm bircə ürəyi,

Qoruya bilmirəm yaz havasından.

Bəhanə axtarır yana yaxıla,

Bir qəmli baxışdan, saz havasından.

və ya

Qan çəkir göylərə sarı,

Sarıl dağdağana, sarıl…

Yarı ürək qanı, yarı,

Sazlardan neylərdən gəlir.

Avdı Qoşqar, publisit yazılarında, şeirlərində tez-tez M.F.Axundova, M.Ə.Sabirə, Cəlil Məmmədquluzadəyə, Əbdürəhim bəy Haqverdiyevə müracicət edir, onları xatırlayır, onlara istinad edir.

O, ətrafında addımbaşı rast gəldiyi laqeyidliyə, biganəliyə, cəhalətə və s qarşı mübarizəyə qalxır, onun öz sözləri ilə desək… “sinirə bilmir.Bu ağrı acının, bu paralanmanın fonunda qəflət yuxusuna bürünüb ömrü xabida başa vuran yurd oğullarının doğma cəhaləti adamı gor evinə qədər yandırır.”

Avdının şeirlərini oxuduqca misralarını arxasından, onu hayqırtısı, hönkürtüsü, etirazı, təəssüfü hiss olunur, eşidilir, və şair yana – yana deyir.

Bu bizik – qapımız, bacamız bağlı

Yurd – yuva sarıdan sinəmiz dağlı

Təbrizli, Muğanlı, Araz qıraqlı,

Çox vaxt qurd ağzına vermişik ağlı,

-onda boy göstərib damarda ağrı,

Susub daşa dönüb torpağın bağrı,-

bu bizik bu bizim həyat tərzimiz.

Son vaxtlar poeziyamızda Türkçülük, Turançılıq mövzusunda yazıların, şeirlərin, publisistik yazıların sayı və ləngəri bir az azalıb deyəsən.

Bəlkə də bu ordan gəlir ki, müstəqilliyimizin bizə verdiyi azadlıq sayəsində istər Türkiyəyə, istər İrana istərsə də digər Turan ellərinə gediş – gəliş asanlaşıb, həsrət azalıbdır.

Mənim fikrimcə əslində indi istər poeziyamızda, istər nəsrimizdə, istərsə də publisistikamızda bu mövzularda türkçülüyü, və turançılığı tərənnüm edən əsərlər daha çox yazılmalıdır.

Avdı Qoşqarın bu mövzuya həsr elədiyi şeirlər çox maraqlıdır, şirindir düşündürəndir. Həm də poetik ifadəsi güclüdür:

Diqqət yetirin:

Ömrüm boyu

adı gələndə

Nar kimi dodağım on yerdən

çatlayan,

ruhumun dərinliyin arıtlayan –

Osmnalı torpağı

ayağımın altındadır.

və ya

Bu nə sevgi, İlahi,

Süzülüb axır üzümə

Baxışlardan leysan kimi

Tökülüb yağır üzümə

Göydən gələn nur selimi,

Tanrı dağının yelimi,

Ya mən ağıldan dəli

Fərəhi sıxır üzümə

Bədii – publisistik yazılarımın birində Avdı Qoşqar şeirlərinin taleyi haqda oxucuya müraciətlə dediyi “…özümün oxucusuz sabahımı görürəm. Heç bir umacağım yoxdu əslində, nə yaşanmağından, nə oxunmağından. Heç yaşamasın, heç oxunan günü olmasın, mənə nə gün verib ki, oxuyana, yaşadana nə gün ağlasın,? “deməsinə baxmayaraq onun “Bu çay bu yatağa sığmaz” kitabı şairin oxucularla növbəti görüşüdür, və bu şeirləri oxuduqdan sonra əmin oldum ki, müəllifin dediyinin əksi olaraq onun şeirləri həm oxunacaq, həm yaşayacaq, həm də yaşadacaqdır. Sözümün bu yerində Avdı Qoşqara sevimli şairimiz Hüseyn Arifin bir sözünü xatırladıram. “Oxucuların sağlam bədii zövqünü oxşayan poeziya geniş yayılır, xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə sevilirlər”.

Və beləcə Avdı Qoşqar yana-yana, yaza-yaza, gəlib çatdı 60 yaşına.

Yetdim altmışa – yenə sadəlövh,

Yenə aldanıram bir uşaq kimi

Yenə bu həyatən sıldırımları –

Dayanıb önümdə “yaraşıq” kimi –

Elə bilirəm ki, basıb keçərəm

Dağı əridərəm qum dənəsi tək

Hələ də o qızın pərvanəsi tək

Beləcə əriyib ölüb gedərəm

***

Beləcə qalacam yüz yaşımda da

Yüz yaşda ələnsə yaşım üstə

Bax beləcə sənə nəbzi “gah aramla,gah sürətlə, gah da şiddətlə” döyünən yüz yaşlı sağlam və şirin şair ömrü arzu edirəm.

Ramiz Göyüşov, YAP Binəqədi rayon Təşkilatının sədri

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here