“Ocaq yeri” Səməd Vurğunun Ev Muzeyində təqdim olundu

0
1986

Martın 16-da Səməd Vurğunun Ev Muzeyində tanınmış alim, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Qazax” Xeyriyyə İctimai Birliyinin layihəsi əsasında nəşr edilmiş “Ocaq yeri” kitabının təqdimatı keçirildi. Tədbiri muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova açdı.

Xalq şairi Nəriman Həsənzadə, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, professor Rüstəm Kamal, şair Zaməddin Ziyadoğlu, BDU-nun Azərbaycan dilinin tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva çıxışlarında diqqəti kitabın əhəmiyyətinə yönəltdilər. Qeyd edildi ki, Səməd Vurğunun və onun övladları – Yusif və Vaqif Səmədoğluların adlarının gündəlikdə saxlanılması, onların yaradıclığı və şəxsiyyəti barədə bu cür tədbirlərin keçirilməsi mədəni həyatımız üçün böyük aktuallıq kəsb edir.


Çıxışlarda XX əsr Azərbaycan poeziyasının yeni bir dövrünün yaradıcısı olan Səməd Vurğunun “Komsomol poeması”nın təhkiyə sisteminin təhlilinə həsr olunmuş elmi məqalənin, Yusif Səmədoğlu ilə bağlı “Biz gəldi-gedərik, sən yaşa, Yusif Səmədoğlu” adlı xatirələrin, Vaqif Səmədoğlu yaradıcılığından bəhs olunan filoloji esselərin, eləcə də müsahibələrin toplandığı kitabın ən böyük məziyyətinin maarifləndirmə olduğu qeyd edildi.
“Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətinə yüksək qiymət verən Nəriman Həsənzadə birliyin həyata keçirdiyi tədbirlərin dövlət əhəmiyyəti daşıdığını vurğuladı və bu cür təşəbbüslərin Azərbaycan mədəniyyəti qarşısında böyük xidmət olduğunu qeyd etdi. Professor İlham Pirməmmədov kitab haqqında fikirlərini söyləyərək qeyd etdi ki, bu tədbir əlamətdar tarixlər ərəfəsində keçirilir: mart ayının 21-i S. Vurğunun, 22-si İ. Şıxlının, 23-ü M. Hüseyinin doğum günüdür. Birlik üzvləri hər il olduğu kimi bu il də Novruz bayramında Fəxri Xiyabanda uyuyan bu bu böyük şəxsiyyətləri, eləcə də orada əbədi ünvan tapmış digər ziyalıları məzarları başında anacaq.
Tədbirdə Səməd Vurğunun seminariya yoldaşı Aşıq Dərya Məhəmmədin nəticəsi Məhəmməd Qocayevin ifası, BDU-nin tələbələri Elnarə Talıbova və Rüfət Qarayevin hazırladıqları Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnılardan ibarət musiqi kopmpozisiyası, gənc şair, BDU-nun filologiya fakültəsinin tələbəsi Cəmil Cəmilbəylinin şeiri tədbirə xüsusi rəng qatdı.
Məti Osmanoğlu muzeyə maraqlı bir eksponat – Yusif Səmədoğlunun 1984-cü ilin mart ayında Ağstafa rayonunun Sadıqlı kəndinə səfərini əks etrirən 21 fotodan ibarət albom hədiyyə etdi.
Tədbirdə beynəlxalq miqyasda tanınan nasir Varis Yolçiyev, BDU-nun Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli, vurğunşünas alim Aslan Salmansoy, AMEA-nın Folklor İnstitutunun dosenti İlhamə Qəsəbova, şair Rəfail İncəyurd, “İstanbul” liseyinin rəhbəri Söhrab Abdullah, tərcüməçi Aliyə xanım Məstəliyeva-Səmədova, rəssam Qafar Sarıvəlli və BDU-nun filologiya fakültəsinin tələbələri iştirak edirdilər.

24 mart, 1984. Ağstafa rayonu, Ağgöl.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here