Əziz ziyalılar, dəyərli insanlar, qardaşlar və bacılar!
Hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, səadət və xoşbəxtlik, həyat və fəaliyyətinizdə uğurlar arzulayıram!
Məlumdur ki, Novruz bayramı Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri arasında, həmçinin çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutur. Milli bayramımız olan Novruz bayramı ulu əcdadlarımızın bizə gözəl yadigarıdır. Azərbaycanda bu bayram çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunur. Xalqımız yazın gəlişini ilaxır çərşənbələrindən Novruz axşamınadək müxtəlif şənlik və mərasimlərlə qarşılayır. Təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulayır. Novruz bayramı həm də xalqımızın gələcəyə olan inam hissini, ürək açıqlığını, qonaqpərvərliyini, mehribançılıq və dostluq duyğularını ifadə edir. Novruz bayramında insanın fikri, əməli və istəyi təzələnir, ürəklərdə səmimi insani hisslər, saf duyğular, nəcib arzular oyanır.
Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan Novruz bayramı eləcə də mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı özündə təcəssüm etdirir. Tarix boyu heç bir qüvvə Novruz bayramını xalqımızın əlindən almağa, onu insanlarımızın qəlbindən, yaddaşından çıxarmağa nail ola bilməmişdir. Qədirbilən böyük xalqımız Novruz bayramı ilə bağlı adət-ənənələri çətinliklər yaşasalar belə, göz-bəbəyi kimi qorumuş və onları yaşadaraq bugünümüzə çatdırmışdır.
Novruz bayramı Azərbaycanımızın digər gözəl bölgələrində olduğu kimi dahilər yurdu Qazax mahalında da böyük coşqu və təmtəraqla qeyd olunur. Təbiətin oyanışı, yazın gəlişi ilə başlayan bu bayram günlərində sanki uca Tanrı bu gözəlliklərlə bərabər, xalqımıza mənəvi sərvətimiz hesab etdiyimiz dahiləri də bəxş etmişdir. Belə ki, 21 martda Azərbaycan xalqının böyük oğlu, xalq şairi Səməd Vurğun, 22 martda isə xalq yazıçısı Mehdi Hüseyn, xalq yazıçısı İsmayıl Şıxlı anadan olmuşdur. Bu tarixlərin hər biri Qazax mahalı üçün, ümumən Azərbaycan xalqı üçün çox önəmlidir. Çünki bu dahi şəxsiyyətlər Azərbaycan ədəbiyyatına, Azərbaycan elm və təhsilinə böyük tövhələri vermişlər. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə fəaliyyət planına uyğun olaraq hər ilin 21-22 mart tarixlərində Novruz bayramı ilə yanaşı, bu dahi şəxsiyyətlərin məzarları ziyarət olunur, onların xatirələrinə həsr olunmuş tədbirlər təşkil edilir.
Dövlət başçımız cənab İlham Əliyevin son vaxtlar imzaladığı sərəncamlar, fərmanlar, qəbul etdiyi qərarlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir. Ölkə rəhbərliyinin dəqiq düşünülmüş, cəmiyyətin tələb və reallıqlarını nəzərə alan siyasəti Azərbaycan vətəndaşlarının rifah halının yüksəlməsinə, xalq-hakimiyyət birliyinin daha da güclənməsinə əlverişli şərait yaradıb. Yüksək rifaha xidmət edən çevik və mütərəqqi sosial siyasət ölkə vətəndaşlarında böyük məmnunluq yaradıb. Ölkədə aparılan islahatların miqyasının genişlənməsi bizim qarşımızda yeni mühüm və məsuliyyətli vəzifələr qoyur. Qarşımızda dayanan əsas vəzifələrdən biri təhsilin beynəlmiləlləşdirilməsi, tədris planlarının beynəlxalq standartlara uyğun yenidən işlənilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsidir. Biz bu vəzifələri uğurla həyata keçirmək üçün vahid komanda halında əzmlə, ləyaqətlə, fədakarlıqla fəaliyyət göstərməliyik.
Hər zaman ölkənin hər bir yerində olduğu kimi Qazax mahalının dəyərli insanları da Azərbaycanın adını hər yerdə ucalara qaldıraraq ölkəmizin inkişafına böyük töhfələr vermişdir. Qeyd edim ki, “Qazax” Xeyriyyə İctimai Birliyi də ictimai təşkilat olaraq ölkəmizin milli maraqları naminə aparılan daxili və xarici siyasəti dəstəkləyib, bütün sahələrdə həmrəylik nümayiş etdirərək həmişə prezident cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşmişdir.
“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri ötən il ərzində böyük uğurlar əldə etmişdir. Əlbəttə ki, bu uğurlar bizi sevindirdiyi qədər də gələcək uğurlu nailiyyətlərə səsləyir. Qazax mahalının ayrılmaz hissəsi olan Qazax və Ağstafa rayonlarında böyük quruculuq, abadlıq, sosial-iqtisadi inkişafla yanaşı, insan kapitalının inkişafına da xüsusi diqqət yetirilmişdir. Son illərin statistik təhlilləri göstərir ki, Qazax və Ağstafada təhsil sahəsində, mədəniyyət sahəsində, iqtisadiyyat sahəsində dinamik inkişaf nəzərəçarpacaq dərəcədə artmışdır. Təbii ki, burada bir nüansı da qeyd etməliyik ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin əməyi danılmazdır.
Əminliklə deyə bilərik ki “Qazax” Xeyriyyə İctimai Birliyi bundan sonra da öz yolunda dövlətə və dövlətçiliyə sədaqətlilik yolu ilə gedərək, ölkəmizin inkişafında öz tövhələrini verəcək. Həmçinin ölkə rəhbərliyi tərəfindən Azərbaycanda insan kapitalının inkişafına xüsusi diqqət yetirildiyindən biz də fəaliyyətimizdə bu prinsipləri rəhbər tutacağıq. Cəmiyyətdə sağlam düşüncəli, peşəsinə, sənətinə bağlı, ölkəmizin inkişafina, bayrağımızın ucaldılmasına çalışan, lakin bu yolda bəzi çətinlikləri olan hər bir kəslə birgə olacağıq. İnanırıq ki, hər birinizin dəstəyi ilə bu il də əvvəlki illərdə əldə olunan böyük nailiyyətlərin sırası davam edəcək. Ölkəmizin inkişafı naminə yorulmadan, usanmadan böyük işlər görəcəyik.
Bir daha “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin və bütün üzvlərin adından milli bayramımız – Bahar bayramı münasibətilə Azərbaycan xalqını, Qazax mahalının insanlarını təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm! Bayramınız mübarək!
Dərin hörmətlə “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov.