Azərbaycanın xalq şairi, Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib.
Qeyd edək ki, xalq şairinin oğlu uzun illərdir Türkiyənin Qaziantəp Universitetində elmi fəaliyyətlə məşğul olub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun xüsusi tapşırığı və iştirakı ilə Babək Qurbanov bu gün dədə-baba yurdu İkinci Şıxlı kəndində el coşqusu ilə atası Osman Sarıvəllinin və anası Səyalı xanımın yanında dəfn olunub.
Professor Qəzənfər Paşayev “Ədəbiyyat qəzeti”nin 26 iyun 2009-cu il sayında Babək Qurbanovun 70 illiyi ilə bağlı yazdığı məqalədə sonluğu belə tamamlayır:
“Babək müəllimi 70 yaşa çatmağı münasibətilə təbrik edirəm. Alimin atası Osman Sarıvəlli yazırdı:
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
Osman qağa 85 il yaşadı. Yaradandan təmənna edirəm ki, şairin arzusu yüksək mənəviyyatlı, ləyaqətli oğlu Babəkin həyatında çin olsun”.
… Təəssüf ki, Babək müəllim də 100 il yaşaya bilmədi, hələ atasından da az yaşadı, 80 il.
Bu gün bizim Qazağın Şıxlı kəndində 80 yaşlı oğul 85 yaşlı atanın yanına getdi…
Məkanın cənnət olsun, Babək müəllim.
****************