İyunun 2-də Moskvada – Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə “Puşkin medalı” ilə təltif edilmiş yazarlara medallar təltif olunmuşdur.
Təltif olunanlar içərisində Azərbaycanın tanınmış yazarı, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Varis Yolçuyev də var.
Mükafatlandırma böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220-ci ildönümü münasibətilə düzənlənən təntənəli mərasim Moskvanın Hökumət evində baş tutmuşdur. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial “Rus prozası antologiyası” və “Rus poeziyası antologiyası” nəşrlərində dərc olunan yazarlar laureat adını qazanmışlar.
“Puşkin medalı” laureatlara 2 dərəcə üzrə təqdim olunub: 1-ci (qızıl-gümüş tərkibli) və 2-ci (neyzilber tərkibli) dərəcəli. Həmyerlimiz Varis Yolçuyev 1-ci dərəcəli “Puşkin medalı” ilə mükafatlandırılıb. Mükafatlandırma mərasimində Rusiyanın yüksək ranqlı dövlət məmurları, nüfuzlu mədəniyyət xadimləri və media nümayəndələri iştirak edib.
İyunun 4-də isə Varis Yolçuyev Moskvanın Qızıl meydanında keçiriləcək ənənəvi Kitab festivalında ayrıca stendlə təmsil olunacaq. Stenddə yazıçımızın Rusiyada çıxan kitabları, o cümlədən 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatına layiq görülmüş “Yanvarın 13 günü”, habelə 2018-ci ildə ona Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl laureatlıq gətirmiş “Metamorfoz” romanları nümayiş olunacaq.