İyunun 22-də Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışına həsr olunmuş mərasim keçirilib. mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Səməd Vurğunun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova, AYB-nin mətbuat katibi Xəyal Rza, “Qazax Xeyriyyə” İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Xəzər Televiziyasının əməkdaşı Həmid Herisçi, aktyorlar Kamran Yunis, Xəzər Süleymanlı, Mənzər Məmmədrəsulqızı, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Büstün açılışından əvvəl tədbir iştirakçıları Yuxarı Salahlı kəndində Səməd Vurğun poeziya evində olmuşlar.
Tədbir iştirakçıları Qazax şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsini yad ediblər.
Sonra “Fəxri qazaxlılar” parkında qoyulmuş büstün üzərindəki ağ örpək götürülüb və önünə gül dəstələri düzülüb.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadim, şair Barat Vüsal tədbir iştirakçılarını salamlayıb və tarixi gün münasibətilə bütün ziyalıları, qazaxlıları təbrik edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Vaqif Səmədoğlu yaradıcılığından söz açıb. İcra başçısı görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğunu, onun hər zaman xalq tərəfindən sevildiyini, xidmətlərinin də dövlət tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin zamanında Vəkilovlar ailəsinə verdiyi dəyərdən, göstərdiyi yüksək qayğıdan söz açan rayon rəhbəri bu gün həmin qayğının onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.
Rayon rəhbəri Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhərin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını Qazax ziyalılarına verilən daha bir böyük qiymət kimi dəyərləndirib. İcra başçısı qeyd edib ki, bu addımın atılması bir daha onu sübut etdi ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə olan dövlət qayğısı bütün illərdə olub və bundan sonra da olacaqdır. Ən əsası da şairlərə, yazıçılara verilən qiymət bütövlükdə ədəbiyyatımıza verilən qiymətdir.
Rayon rəhbəri sonda Qazax Müəllimlər Seminariyasının 100 illiyi, Xalq şairi İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə əlaqədar verilən sərəncamlara, bu gün Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyi münasibətilə büstün qoyulmasına görə ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib.
Yuxarı Salahlı kənd sakini, Prezident təqaüdçüsü Kamal Əhmədov çıxış edərək Qazaxda bütün yubiley tədbirlərinin, o cümlədən də Vaqif Səmədoğlunun 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını bir ağsaqqal kimi minnətdarlıq hissi ilə qarşıladığını qeyd edib.
AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək tədbirə toplaşanları salamlayıb və AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayevin təbriklərini çatdırıb. Artıq 9-cu ildir ki, Azərbaycanda qeyd olunan “Şairlər Günü”ndən və bu gün münasibətilə keçirilən silsilə tədbirlərdən söz açıb. Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş tədbirin də həmin günlə əlaqədar keçirilən tədbirlərin davamı olduğunu diqqətə çatdırıb.
“Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Xəzər Televiziyasının əməkdaşı Həmid Herisçi Xalq şairi ilə bağlı xatirələrindən söz açıb, səmimi ürək sözlərini çatdırıblar. Vaqif Səmədoğlunun yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verdiyini, onun yaradıcılığının müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil etdiyini qeyd ediblər. Vaqif Səmədoğlunun xalqını və Vətənini sevən böyük şair olmasından danışıblar. “Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir”, “Mən şair kimi yox, şeir kimi ölmək istəyirəm” deyən görkəmli söz ustadının həmişə şeirə, sənətə böyük önəm verdiyini, poeziyanı daim uca tutduğunu vurğulayıblar.
AYB Qazax filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, AYB-nin üzvü şairə Tamella Poladlı çıxış edərək görkəmli şair haqqında ürək sözlərini bildirib ona həsr etdikləri şeirləri səsləndiriblər.
Bakıdan qonaq olan aktyorlar Kamran Yunis və Xəzər Süleymanlı da Vaqif Səmədoğlu şeirlərini səsləndirərək yubiley töhfələrini təqdim ediblər.
Aşıq Camoy Qurbanovun, Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri Sərxan Vəliyev və Kənan Zeynalovun saz havası üstdə təqdim etdikləri şeirlər də tədbirə daha bir rəng qatıb.
Səməd Vurğun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova çıxış edərək ömür-gün yoldaşına dövlət səviyyəsində verilən qiyməti sonsuz minnətdarlıq hissi ilə qarşıladığını bildirib. Qeyd edib ki, Səməd Vurğun və onun övladları qazaxlıları, Qazaxı hər zaman yüksəkdə tutublar. Bu gün bu tədbirin yüksək səviyyədə təşkil olunmasını və qazaxlıların Vaqifə olan sonsuz sevgisini görən zaman bir daha əmin oldum ki, o, doğrudan da qazaxlıların qəlbində əbədi olaraq yaşayır. Bu gün qazaxlılar təkcə dahi şairimiz Səməd Vurğuna deyil, eyni zamanda, onun övladlarına, o cümlədən də Vaqifə yüksək dəyər verirlər.
Sonda N.Vəkilova büstün qoyulmasında əməyi keçən insanlara, həmçinin, büstün heykəltaraşı olan Kamran Əsədova minnətdarlığını çatdırıb. Tədbirin belə yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə razılığını bildirib.
Yubiley tədbirləri çərçivəsində Qazax Dövlət Dram Teatrının səhnəsində Xalq şairi Vaqif Səmədoğlunun “İntihar” pyesi oynanılıb.
Quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubovun olduğu tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Tamaşanın rejissoru Əməkdar artist Hacı Hacıyev, quruluşçu rəssamı Afiq Məmmədov, rejissor assisenti isə Kəmalə Eyyubovadır.
Tamaşada rolları Allahverdi Musayev (Azər), Zəmanə Dərviş (Məsmə), Xanım Məmmədova (Xeyransa), Aydın Orucov (Samson bəy), Nazilə Məmmədova (Dalila xanım), Sayalı İsmayılova (Kleopatra), Hacı Hacıyev (Elcan Vətənski), İlqar Hacəliyev (Şəkər bədbin), Yusif Qoca (Cabir), Minayə İbrahimova (Ellada), Ema Zeynalova (Qonşu qarı), Nəsimi Aşbazov (lal-kar oğlan), Arif Almədədov (kişi), Zamin Musayev (fəhlə) ifa ediblər.