“ÇİNAR-50” KİTABLARINI SEVƏ- SEVƏ TƏRTİB ETDİM. HALALIN OLSUN, ƏMİNƏ XANIM!
ƏMİNƏ DİLBAZİ – 100
BİZİ DÜNYAYA TANIDANLAR –
RESPUBLİKANIN XALQ ARTİSTİ, “İSTİQLAL” ORDENLİ ƏMİNƏ DİLBAZİ
Respublika Prezidenti İlham Əliyev Azərbaycan milli rəqslərinin məşhur ifaçısı,tədqitatçısı və təbliğatçısı Xalq artisti Əminə Dilbazinin 100 illiyinin keçirilməsi haqqında sərəncam vermişdir.
Sərəncama əsasən Xalq artistinin 100 illik yubiley təntənəsi Heydər Əliyev Sarayında dekabr ayının 16-da keçiriləcəkdir.
…Xalq artisti Əminə xanım Dilbazi Qazax mahalında 1919-cu il, dekabr ayının 26-da dünyaya göz açıb. Balaca Əminənin 5 yaşı olanda qardaşı Cavanşirin xəstəliyi ilə əlaqədar Bakı şəhərinə köçüblər. Sonralar da onların Qazax mahalı ilə əlaqəsi kəsilməyib. Hər il atası Paşa bəy, anası Xeyransa xanım Paşa bəyin qardaşı Çingiz bəyin evinə gedir, oradan isə Dilican yaylaqlarına köç edərdilər. Əminə xanım o gözəl günlərin köç dəm-dəsgahını belə xatırlayırdı: ”Yaylağa köçürük deyəndə evdə bir neçə gün əvvəl xüsusi hazırlıq, tədarük görülərdi. Ləyənlərlə qatlama, fəsəli, yuxa bişirilər, halva çalınardı. Ən qəribəsi bu idi ki, biz yaylağa köçəndə güçlü yağış yağar, sellər-sular oynayardı. Hətta camaat içində belə bir məsəl yaranmışdı ki, yəqin Dilbozlar yaylağa köçür. Yaylağa köçmək bizim üçün hədsiz sevinc idi. Elə ki, furqonumuz yola düşürdü sanki yerlə göyün arasında bir əlaqə yaranırdı. Yağış damlaları furqonumuzu döyəcləyir, mən isə bu səsdə bir musiqi duyurdum. Fikirləşirdim ki, bəlkə göylər yolumuza su səpir. Hələ yolboyu çay məclisimiz- samovarın zümzüməsi nə gözəl idi. Təsəvvür edin ki, biz hansı vaxt yaylağa köçürdük-təbiətin oyanan vaxtı. Yazın gəlişi ilə başlanan bu oyanışı əvvəldən axıradək müşahidə edirdim. Ala-torandan məni çadırda tapmaq mümkün deyildi, çəmənliyin içində, güllərin arasında, kolluqların dibində olardım. Küləyin çəməndəki otlara çəkdiyi sığala, qara xallı lalənin yırğalanmasına, zərif boynunu çəmənə əyməsinə, çiçəklərin öz bükümündən yavaş-yavaş necə açılmasına tamaşa edərdim. Lalənin hürkəkliyi məni lap təəccüb qoyurdu. Əl dəyən kimi ləçəkləri tökülürdü.
Dərədə şır-şırla axan çayın nəğməsi məni valeh edirdi. Nazlana-nazlana burulan ləpələr incəbelli bir gözəlin rəqsinə bənzəyirdi. Baxışlarım bu gözəllikdən sonsuz səmaya dikilirdi. Quşların süzməsi, qanad çalması baxışlarımı öz arxasınca aparırdı.
Bu gün mən öz rəqsimdə kimsənin görə bilməyəcəyi duyğularımı göz önümə gətirib rəqs edirəm. Gülün açılması təbəssümümü, yarpaqlarda bərq vuran şehlərin parıltısı göz ifadəmi, qol açıb süzməyim quşların qanad çalmasını ifadə edir.
…Qarabağlı Əşrəf Səfərov 1934-cü ildə milli rəqs ansamblı yaratmaq təşəbbüsündə oldu. Müsabiqə elan edildi. Mən müsabiqədə adını bilmədiyim “Horsa” (Ləzginka – Ləzgihəngi) rəqsi ilə (bu rəqsin adını sonra öyrəndim) müsabiqənin qalibi oldum. Beləliklə, məndə rəqsə maraq oyandı. Bir müddət sonra sıralarımız daha daböyüdü, filarmoniyanın mahnı və rəqs ansamblına çevrildi. Bu ansamblda tanınmış rəqqaslar, rəqqasələr yetişdi. Sənətkar kimi ad qazanan Əlibaba Abdullayev də bizimlə ansamblda iştirak edirdi.
Sənətdə püxtələşdikcə yeni bir ansambl yaratmaq fikrinə düşdüm. Həkimlik sənətinə, həkimlərə sevgimdən istəyirdim ki, bu ansamblı Azərbaycan Dövlət Tibb İnstitunda yaradım. Bu iş çox uğurlu alındı. Ansamblın adını “Çinar” qoyduq. Bu ad böyük mənalar-ucalıq, uzun ömürlülük, gözəllik, məhəbbət rəmzidir. Və bu adla ansambl elə yarandığı ucalıqla, yarandığı gözəlliklə fəaliyyət göstərir.
Kremlin sütunlu salonundan başlamış, bütün dünyanı dolaşan “Çinar” ansamblı yurdumuza başucalığı gətirib.”Yallı “ rəqsi ilə “Şərur” ansamblını Berlinə aparıb qızıl medalla qayıtdım. ”Çinar” bir səfərdə Türkiyənin Soma, Turqutlu, Torbalı, Salehli, Rayandur, Menemen, Pərqamə, Ayvalık, Gördez, və Karşıyaka şəhərlərində 70 konsert proqramı ilə çıxış edib. “Türk ocağı” cəmiyyətinin bu konsert proqramlarının həyata keçirilməsində böyük rolu olub. Türkiyənin istiqlal günü münasibəti ilə “Çinar” gözəl konsertinə görə dövrün sağ qalanlarına, o cümlədən “Nə mutlu türküm deyənə” medalına layiq görülüb. Bu konsertlər rəsmi səviyyədə olmasa da, ansambl İzmirin indiyə qədər bir azərbaycnlı sənətçinin ayağı dəymədiyi yerlərdə şənliyə, şadlanmağa ehtiyacı olan insanlara konsert verib.
Əminə xanım öz ansamblı ilə harada, hansə ölkədə olubsa, doğma Azərbaycanımızın adını göylərə qaldırıb. Əminə xanım 1991-ci il İzmir görüşlərinin birini belə xatırlayır: “Ansambl konserti qurtarandan sonra mən səhəyə qalxıb şəhərlərin bələdiyyə başçılarına, tibb fakültələrinin tələbələrinə minnətdarlığımı bildirməliydim. Hələ ki, konsert davam edirdi, mən otaqlardan birinə girib qapını bağladım. Xeyli güzgüyə baxıb fikrə daldım. Özümlə gətirdiyim geyimimə nəzər saldım, gəncliyim yadıma düşdü. Məni uzun-uzadı alqışlara qarşılayan xalqımın sevgisini xatırladım. Özümə tumar verdim. Və müsiqiçilərə xəbər göndərdim ki, balabanda muğam çalsınlar. Səhnənin bir ucunda göründüm, rəqqasə qızlarımız heyrətdən donub qalmışdılar. “Tərəkəmə”nin şux sədaları altında rəqs etməyə başladım. Alqışlardan sanki zal başıma uçurdu. Üç min nəfərlik zal ayaöa qalxıb alqışlayır, doğranmış gülləri başıma səpələyirdilər. Az qala bütün zal səhnəyə qalxmışdı. Sənətimin mənə bəxş etdiyi cinar ucalığını, çinar qürurunu bir daha dərindən duydum, əvəz olunmaz təbiəti ilə mənə bu gözəl sənəti bəxş edən, torpağıma, yurduma borclu olaraq daxilimdə həvəslə baş qaldıran minnətdarlıq hissini keçirirdim.”
Dəfələrlə Respublika və Ümumittifaq müsabiqələrin qalibi olan Almaniya, Yuqoslaviya, Fransa, İsrail, Türkiyə və s. ölkələrdə bəzilərinin Azərbaycanın milli rəqsləri olmadığı kimi bədxah qənaətləri, Azərbaycan qadınının çadra v ə əsarət altında qaldığı cəfəng fikirlərini Əminə xanım bir-birindən gözəl rəqsləri ilə ifşa etdi. Bu həmin vaxtlar idi ki, Əminə Dilbazi 1947-ci ildə Çexoslovakiyada keçirilən birinci Ümumdünya gənclər festivalının laureatı olmuşdu. Elə bu qələbə ilə də bədxahlara layiqli cavabını vermişdi.
Əminə Dilbazi tale yazısına, birdi bir olan Alaha çox inanırdı.
-1947- ci ildə Moskva şəhərində estrada müsabiqəsi keçirilirdi.. Mən həmin müsabiqədə “Mirzəyi”ni oynamalı idim. Bu rəqsi oynayanda əlimdə stəkanlar olur. Hansı ölkədə bu rəqsi oynamışımsa, stəkanları fırlatmağıma təəccüb ediblər. Götürüb stəkanlara baxıblar ki, bəlkə əlimə yapışdırmışam. Birdən oynadığım yerdə qolum dönmədi. Səhnədən getmək, yarışı tərk etmək olmazdı. Amma tez Allahı çağırdım, gümanım bir sənədi,- dedim. Birdən mənə qüvvət gəldi, qollarım döndü və stəkanları fırladanda zalı alqış səsləri bürüdü.
…1994-cü il iyul ayının 1-də Qazax bölgəsində topçular divizyonunun ikinci ildönümünə Əminə xanım və onun “Çinar” ansamblı ilə getmişdik. Qızların məharətlə ifa etdikləri “Ceyran”, “Yallı”, “Nəlbəki” və s. rəqslərdən sonra Əminə şux “Tərəkəmə “rəqsi ilə meydançada süzməyə başladı. Sanki onun qağayı qanadları altında bütün divizyon rəqs edirdi. Artıq o günlərdən neçə illər keçib, amma xoş xatirələr tarixə dönüb yaşayır. Xalqın tarixindən gələn, tarixindən yaranan onun tarixində yaşayacaq. Siz tarixi yaşatdığınız kimi, tarix də sizi yaşadacaq, Əminə xanım!
Fəridə Ləman