Ötən gün hər yanı ildırım sürəti ilə bir xəbər bürüdü: “Röya Ayxan Qazaxda Əsmər nənənin evini təmir etdirəcək”. Bu xəbər nə qədər xoş xəbər olsa da, bir o qədər acı xəbər oldu mənim üçün. Bir anlıq Məmməd Koxanın, Cahandar ağanın, İsrafil ağanın, Qaçaq Kərəmin mərdliyi, səxavəti beynimdə dolaşdı. Dünya param-parça oldu gözlərimdə. Düzdür Röya bir müğənni olaraq xeyriyyəçilik etmək istəyər. Təqdirəlayiqdir. Ancaq düşmən gülləsinə sipər olan bir kənddə bizim o evi təmir etmək imkanlarımız da yetərincədir. Saytlarda verilən xəbərə görə Əsmər xanım videoda evinin təmiri üçün köməklik istəyib və oğlunun şəhid olduğunu da deyib. Xalq artisti Röya da həmin videonu görəndən sonra Əsmər xanıma kömək etmək üçün, daha doğrusu evini təmir etdirmək üçün Bakıdan Qazaxa gedib.
Yəqin məni tanıyanlar, facebookda dostluğumda olanlar bilir. Bu hadisə haqqında bir yazı da yazdım. Həqiqətən ürəyim ağrıdı. Niyə Əsmər xanıma biz özümüz deyil, Bakıdan gələn qonaq kömək etmək istəsin?! Mən öz yazımda onu da qeyd etdim ki, gəlin biz də Əsmər xanımın yanında olaq. İllərdir oğluna şəhidlik statusu ala bilməyən anaya kömək edək. Oğlunun şəhidlik statusu bərpa olunsun. Beləcə bu yolda axtarışa çıxdım. Bir neçə insanla telefon əlaqəsi qurdum. Kənd adamları ilə əlaqə saxladım. Mənə lazım olan məlumat Əsmər xanımın oğlunun şəhid olmasını öyrənmək idi. Bu addımı atmaqda tək bircə məqsədim var idi. Əgər Əsmər xanımın oğlu şəhid olubsa biz birləşib həmin şəhidin haqqını qaytarmalıyıq. Bəli, çox adama müraciət etdim. Quşçu Ayrım kəndinin sakinləri ilə, kənd icra nümayəndəsi Yusif Nəbiyev ilə əlaqə saxladım.
İndi isə bu məsələyə digər tərəfdən yanaşmaq istəyirəm. Qazax rayonunun icra başçısı Rəcəb Babaşov rayonumuza başçı təyin olunduğu ilk gündən şəhid ailələrinə, müharibə veteranlarına, Qarabağ qazilərinə, rayonun sərhəd kəndlərinə xüsusi diqqət ayırır. Rəcəb Babaşov başçı təyin olunan kimi kənd sakinləri həyətlərində rahat gəzsinlər, ölüm hadisəsi olmasın deyə, sərhədyanı kəndlərə istinad divarları çəkdirməyə başladı.
Qazax rayonunda RÜŞVƏTƏ YOX dedi və bu gün də hamının gözü qarşısında o şəffaflıq davam etdirilir. Onun bu şüari bir mənalı qarşılanmadı.
Bunun nəticəsilə rayonda rüşvət alanlar tərəfindən ona əks müqavimətlər göstərilməyə başladı, bu da hamımızın bildiyi kimi internet saytlarında rayon rəhbərinə qarşı yazılan qərəzli yalan və əsassız yazılarda öz əksini tapdı. Vallah, bu yazını oxuyanda fikirləşməyin ki, görəsən Səbinə Yusif niyə Rəcəb Babaşovu tərif edir. Mən tərif yazmıram. Olanları yazıram. Rəcəb Babaşov insanlara rəhbər kimi deyil, insan kimi yanaşır. Bu da sevindirici haldır. Sakinlər problemlərini asanlıqla rayon rəhbərinə çatdıra bilir. Məni də düşündürən o oldu ki, axı şəhid ailələrini hər zaman ziyarət edən Rəcəb müəllim niyə bu ananın oğlunun şəhid almaq statusuna biganə yanaşır? Mən dərhal millət vəkili Kamran Nəbizadə ilə əlaqə saxladım. Kamran müəllim də araşdırdı və Əsmər xanımın oğlunun şəhid olmadığını, vətən uğrunda gedən döyüşlərdə deyil, ordudan təxris olunandan sonra dünyasını dəyişdiyini bildirdi. Bu sözlə də, yenə ürəyim sakit dayanmadı. Yenidən kənd sakinlərinə müraciət etdim, Əsmər xanımın oğlunun harda şəhid olduğunu öyrənməyə çalışdım. Əlaqə saxladığım kənd sakinləri də Əsmər xanımın oğlunun hərbi xidmətdən iki il sonra (2004-cü ildə) xəstəlikdən dünyasını dəyişdiyini söylədilər. Hamımız bilirik ki, mənfur, azğın düşmənə görə sərhədyanı kəndlərdə heç kim rahat evlərdə yaşaya bilmir. Çünki azğın düşmənin atdığı mərmi bir anda həmin evləri darmadağın edir. Ona görə də kənd sakinləri evlərini normal qaydada təmir etdirə bilmirlər. Qazax rayonunun Nərimanov yaşayış massivində Əsmər xanımın evi var.
Əsmər xanım dünyadan vaxtsız köçən oğlunun, anasının məzarına görə, torpağını, ocağını sevdiyinə görə kənddən heç yana getmir. Əsmər xanıma özünün kasıb koması Nərimanov yaşayış massivində tikilmiş ikimərtəbəli evindən daha rahatdır. Rayon icra hakimiyyəti də Əsmər xanımı diqqətdə saxlayıb. Rəcəb Babaşov Əsmər xanımın evi üçün dam örtüyü də göndərib. Ümumiyyətlə, onu qeyd edim ki, bu ilin mart ayında dam örtüklərinin yenilənməsi üçün Quşçu Ayrım kəndinə 193 ailə üçün 2414 ədəd müasir dam örtüyü göndərilib.
Araşdırmamdan belə qənaətə gəldim ki, vətənin dar günündə silaha sarılıb ana torpağını düşməndən müdafiə etməyə qalxan oğul ananın gözündə əbədi şəhidlik zirvəsindədir. Əsgərlikdən gələndən iki il sonra xəstəlikdən dünyasını dəyişən oğlunu şəhid kimi görür bu qeyrətli ana. Nə bilim, bəlkə də Əsmər xanım oğlunun ölümü ilə barışa bilmir və ona görə oğluna şəhid deyir. Bəlkə də Əsmər xanımın oğlu əsgərlikdə mübtəla olub xəstəliyi, elə ona görə də oğluna şəhid deyir. Bəlkə elə o müqəddəs sözdə tapır oğlunu. Elə bilir ki, oğluna şəhid deyəndə oğlu ölməyib, yaşayır!
Əsmər xanım haqqında qısaca arayış yazmağı özümə borc bildim:
Qazax rayonu, Quşçu Ayrım kənd sakini Cəfərova Əsmər Əsgər qızı 1941-ci ildə Quşçu Ayrım kəndində anadan olub. Şəhid ailəsi statusu yoxdur. Vətəndaş hazırda Quşçu Ayrım kəndində yerləşən 1970-ci illərdə tikilmiş, bir mərtəbədən ibarət iki otaqlı fərdi yaşayış evində yaşayır. Bundan başqa ailəyə məxsus Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən fərdi yaşayış evi var. Ə.Cəfərova hazırda təqaüdçüdür.
Rəcəb Babaşov şəhid ailəsinə qarşı diqqətini heç zaman əsirgəmir. Rəcəb Babaşovun diqqət və qayğısı sayəsində Quşçu Ayrım kənd sakini, şəhid anası Məmmədova Gülsəhər Məsim qızının evi təmir olunub.
Bu gün düşmənlə 168 km məsafədə sərhədi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara – 7 kəndi düşmən tapdağı altındadır. Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi kəndləri isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Rəcəb Babaşov yuxarı təşkilatların razılığı əsasında bu sərhəd kəndlərində yaşayanları işıq pulu, qaz pulu ödəməkdən azad etdirmişdir. Həmin vəsait bu gün də dövlət büdcəsinə rayon icra hakimiyyəti tərəfindən ödənilir. Vətənimizin ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın MİLLİ QƏHRƏMANI adına layiq görülən Qazax rayonunda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur. Onların ailə üzvlərinə olan qayğı, diqqət həmişə yüksək səviyyədədir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu gündən atdığı ilk addım məhz şəhid məzarlarını və kəndlərdə olan şəhidlər xiyabanlarını ziyarət etmək oldu. Rayon sakinləri olaraq ilk görüşdüyü insanlar da məhz şəhid ailələri, onların yaxınları, doğmaları oldu. Rayonda aparılan abadlıq və quruculuq işlərinə yenə də həmin müqəddəs məkanlarda – şəhid qəbiristanlıqlarında və şəhidlər xiyabanlarında görülən işlərlə start verildi. Şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırıldı, yeniləndi, əsaslı şəkildə təmir edilərək şəhidlərimizin adına layiq hala gətirildi.
Qazaxda şəhidlərimizə olan sonsuz ehtiram bununla da bitmədi. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı yenidən və əsaslı şəkildə quruldu. Xiyabanda aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkilləri əks olunmuş mərmər lövhənin vurulması, 287 nəfər şəhidin ruhunun bir məkanda toplanması şəhidlərimizə, onların ruhuna ən böyük töhfə oldu.
Son 3 ildə rayonda Aprel şəhidləri kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, əsgər Orxan Əliyevin, Vəfa (Mansurova) Dəmirçioğlunun adlarına şəhərin mərkəzində yeni bulaqların tikilməsi, MİLLİ QƏHRƏMANLARIMIZDAN Alı Mustafayevin, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Şamoy Çobanovun, Aqil Musayevin, şəhidlərimizdən Şahvələd Abbasovun, Qoşqar Qurbanovun, Qaratel Hacımahmudovanın, Səməd Hacıyevin, “Şəhid Polislərin xatirəsinə”, “1 gün 31 şəhidin xatirəsinə” olan bulaqların yenidən qurulması bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin göstərdiyi şücaət, qəhrəmanlıq hər zaman yüksək qiymətləndirilir. Şəhidlərimizin adını daşıyan bu bulaqların yenidən qurulması məhz şəhidlərimizə olan hörmət və ehtiramın bundan sonra da daim yüksəkdə tutulması deməkdir.
Son 3 ildə Aprel döyüşlərində həlak olan şəhidlərimizin il mərasimlərinin (Aprel döyüşləri gedən vaxt Rəcəb Babaşov Qazaxda icra başçısı deyildi) təşkil olunması, mərasimlərin xərclərinin ödənilməsi, qəbirüstü abidələrin düzəldilməsinin hamısını icra hakimiyyəti öz üzərinə götürmüşdür. Şəhid Elvin Süleymanovun qəbirüstü abidəsi icra başçısının razılığı il “Qazax” Xeyriyyə İctimai Birliyinin vəsaiti ilə hazırlanmışdır.
Rayon sakinləri rayona gələn qonaqları ilk olaraq Şəhidlər xiyabanına aparır. Bizim biz olduğumuzu sübut edən Şəhidlərimizin əziz xatirələrinə görə salınmış xiyaban indi hər kəsin ziyarət yeridir. Mənim ən yaralı yerim rayonunun mərkəzində şəhid qızımız Qaratel Hacımahmudovanın adını daşıyan bulağın bərbad vəziyyətdə olması idi. Rəcəb müəllim qeyrətli elqızımızın adına layiq həmin bulağı təmir etdirdi. Oxucumuzu yormamaq üçün siyahanı uzun-uzadı yazmaq istəmirəm. Əlbəttə ki, bu yazdıqlarım görülən işlərin də hamısı deyil, bir hissəsidir.
Bu yaxınlarda yəqin çoxlarımız eşitdik. Rayonumuzda Qazax Bələdiyyəsi tərəfindən 59 nəfər Qarabağ müharibəsi əlilinə, 35 şəhid ailəsinə və ehtiyyatda olan 14 hərbçiyə pulsuz həyətyanı torpaq sahəsi verilmişdir. Bu təqdirəlayiq addım da birbaşa Rəcəb Babaşovun fəaliyyətinin ibrətamiz nümunəsidir.
Məlumdur ki, Qazax mahalının çətin günlərində – 1991-ci ildə yaradılmış “Qazax” Xeyriyyə Cəmiyyəti indi “Qazax” Xeyriyyə İctimai Birliyi adı ilə fəaliyyət göstərir. İB-in fəaliyyətə başladığı ilk gündən Qazax mahalının ziyalılarının, sənət insanlarının, iş adamlarının, şair və yazıçıların dəstəyi ilə daim Qazax mahalının problemləri ilə yaxından maraqlanıb. Həmçinin qarşıya qoyduqları məqsədlərindən biri də hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, Qarabağ qazilərinə, imkansız ailələrə kömək etmək olub. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev mütamadi olaraq Qazax və Ağstafa rayonlarında keçirilən tədbirlərdə olur, bundan başqa digər görüşlərdə də İdarə Heyətinin üzvlərinin iştirakını təmin edir. Bunun sayəsində İctimai Birliklə Qazax Rayon İcra Hakimiyyəti arasında doğma bir bağlılıq da yaranmıdır. İcra başçısı Rəcəb Babaşov mütamadi olaraq “Qazax” Xeyriyyə İctimai Birliyinin hesabat tədbirlərində iştirak edərək ziyalılar qarşısında Qazaxda görülən işlər haqqında hesabat verərək onların istək və arzularını diqqətə alır. Buna görə də “Qazax” Xeyriyyə İctimai Birliyi illik tədbirlər planını Qazax rayon İcra Hakimiyyəti ilə birgə razılaşdıraraq Bakıda və Qazaxda yaşayan, ölkəmizin ictimai-siyasi həyatında, elm və təhsil sahəsində tanınmış şəxslərin yubiley və anım günlərini, əlamətdar dövlət bayramlarını fəaliyyət planına uyğun olaraq birgə həyata keçirirlər.
Türk dünyasının böyük ozanı Dədə Ədalətin abidəsinin hazırlanmasını, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə, Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 illiyinə, Aşıq Ədalətin 80 illik yubileyinə həsr olunmuş yubiley tədbirlərini birgə təşkil etmişdilər.
Noyabr ayında Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş “Alı zirvəsi” filminin təqdimatında Qazax rayon icra hakimiyyətinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndələri birgə iştirak etmişdir.
Həmçinin professor İlham Pirməmmədov mütəmadi olaraq icra başçısı Rəcəb Babaşovla əlaqə saxlayır, təhsillə, sosial məsələlərlə bağlı çətinliklərlə üzləşmiş insanların problemlərinin həlli istiqamətində birgə fəaliyyət göstərirlər. Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına qarşı öz diqqət və qayğılarını əsirgəmirlər.
Fəridə Ləmanın Aprel şəhidləri – kapitan Mühüd Orucova həsr etdiyi “Mühüdüm Şəhidim”, baş leytenant Elvin Namazova həsr etdiyi “Donmuş təbəssüm”, əsgər Orxan Əliyevə həsr etdiyi “Cənnətdən məktublar” kitabları “Qazax” Xeyriyyə İB-nin dəstəyi ilə çap olunmuşdur. Həmçinin Zəminə Xınalının Qazaxdan olan Aprel şəhidlərinə həsr etdiyi “Şanlı aprel döyüşləri” kitabı da “Qazax” Xeyriyyə İB-nin dəstəyi ilə çap edilmişdir. Qazaxda və Bakıda şəhidlərin ailə üzvlərinin iştirakı ilə kitabların geniş təqdimat mərasimi keçirilmişdir.
Tanınmış şairə Fəridə Ləmanın “Mühüdüm Şəhidim” kitabı Bakıda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzində (Mərkəzi Zabitlər Evi) və Qazaxda şəhidlərin ailə üzvlərinin iştirakı ilə kitabların geniş təqdimat mərasimi keçirilmişdir.
Bütün bunları yazmaqda məqsədim odur ki, bizim rayonumuzun rəhbəri də, ziyalıları da, imkanlı şəxsləri də daim şəhid ailəsinin, qazilərin, maddi sıxıntısı olan insanların yanındadır. Siyahanı lap çox uzatmaq olar. Qısaca olaraq onu deyirəm ki, Qazax rayon İcra Hakimiyyəti və “Qazax” Xeyriyyə İctimai Birliyi hər zaman şəhid ailələrinin, Qarabağ qazilərinin, müharibə veteranlarının, bir sözlə hər kəsin yanındadırlar.
Söz Ardı: Quşçu Ayrım kəndi mərd kənddir. Bu kəndin çətin günlərində qadınları da ərləri ilə birgə düşmənlə döyüşüb. Bu kənddə bir şəhid anası var, Gülnarə xanım, el arasında ona “Həcər” deyirlər. Gülnarə xanım deyir ki: “Bağanıs Ayrım kəndinin müdafiəsi üğrunda gedən döyüşlərdə düşmənlə üz-üzə dayandım, heç yana qaçmadım. Əlimə silah alıb düşmənə qarşı vuruşdum”. Quşçu Ayrım kəndinin varlısı da, kasıbı da vüqarlıdır, qürurludur, əyilməzdir. Quşçu Ayrım kəndi məğrurdur. Bu gün kənd sakinləri ilə əlaqə saxlayanda dedilər ki; “gecədən səhərə kimi atışma oldu. Odlu silahlardan açılan güllələr qapıya dolu kimi yağırdı”. Dolu kimi güllərlə ağız-ağıza dayanan insanlara Qazax rayonun başçısı Rəcəb Babaşov və bütün qazaxlılar arxa-dayaqdır.
Bizim üçün Xalq artisti Röya xanım da çox əzizdir, dəyərlidir. Onun ürəyindən gələn istəyi, təpəri hamı kimi mən də alqışlayıram. Amma mən inanıram ki, məğrurluğu ilə hamının sevimlisinə çevrilmiş Əsmər xanımın da evini rayon rəhbəri Rəcəb Babaşov “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədovla birlikdə lazım olan şəkildə təmir etdirəcək. Onların bu addımı atacaqlarına qətiyyən şübhəm yoxdur!
Səbinə YUSİF