Dərviş Osman haqq dünyasına qovuşmuşdur

0
1848

Türk dünyasına ağır itki üz verib. Tanınmış ictimai xadim, şair-publisist, Gürcüstan Aşıqlar Birliyinin sədri Dərviş Osman Əhmədoğlu vəfat etmişdir.

Dərviş Osman Əhmədoğlu Borçalıdan Anadoluya, Anadoludan Ərzruma, Ərzrumdan Dərbəndə, Dərbənddən Təbrizə, Təbrizdən Azərbaycana – ayaq qoyduğu hər qarış Türk torpağına səcdə etdi, baş endirdi. O hər çıxışında milli adət-ənənələrimizi, sazımızı, sözümüzü, millətimizin ucalığını onu dinləyən auditoriyaya çox böyük sevgi ilə çatdırdı. Borçalı Aşıq məktəbinin inkişafında və təbliğində Dərviş Osmanın misilsiz xidmətləri olmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, millət vəkilləri akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar mühəndis Qasım Abdullayev, Məmməd Musayev, professor Mustafa Babanlı, professor Əhməd Vəliyev, Fuad Hacıyev, Vidadi Bayramov, general-mayor Mahmud Həmzəyev, polkovnik Namiq İsmayılov, Fikrət Hacıyev, Roman Nağıyev, Ramiz Göyüşov, Əməkdar məşqçı Firdovsi Umudov, Bəhruz Əliyev, Kamal Axundov, Labidə Batıyeva, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, professor Salatın Əhmədli, Yusif Alıyev, Səbinə Yusif İctimai Birliyin bütün üzvləri, Qazax-Ağstafa mahalının ziyalıları adından Osman Əhmədoğlunun dünyasını dəyişməsindən kədərləndiyini bildirir, ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirlər.

P.S. Osman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik məktəbi oxumuş, sonra isə qonşu Kəpənəkçi kəndində orta təhsilini davam etdirmişdir. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1968-1973). 10 il doğma Keşəli kənd orta məktəbində müəllim işləmiş, Borçalı rayon mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.

2009-cu ildə “Borçalı Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin üzvü seçilmişdir.

Gürcüstan Respublikasının prezidenti Eduard Şevardnadzenin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. 

Bədii yaradıcılığa erkən yaşlarından başlamışdır. İlk şeiri məktəbli ikən “Azərbaycan pioneri” qəzetində çıxmışdır. “Gürcüstan”, “Azərbaycan gəncləri”, “Şərq qapısı”, “Elimiz.Günümüz” və s. qəzetlərdə, “Çeşmə”, “Dan ulduzu” almanaxlarında, “Azərbaycan” jurnalında şeirləri və publisist yazıları dərc olunmuşdur. Onun şeir, poema və məqalələri dövri mətbuatda “Osman Keşəli”, “Osman Əfəndi”, “Dərviş Osman” imzaları ilə verilmişdi. Son illər “Osman Əhmədoğlu” imzası ilə çıxış etmişdir. Gürcüstanda nəşr olunan “Dədə Qorqud” və “Yazı” dərgilərinin redaktoru, “Yeni yol” və “Elimiz.Günümüz”qəzetlərinin baş redaktor müavini işləmişdir. “Meydan” dərgisi redaksiya heyətinin fəal üzvlərindən biri idi.

“Borçalıda yanan ocaq” (şeirlər), “Başkeçid qolunu saldı boynuma… Elat dastanı” (Z.Məmmədli ilə birlikdə. Şeirlər və poema), Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş “219-cu auditoriya” (publisistika) və digər şeir və nəsr kitablarının müəllifidir. Həyat və fəaliyyətindən bəhs edən “Bu yerlərin öz Osmanı burdadı…”, “Elat fədailəri: Mədəd Coşqun – 80; Osman Əhmədoğlu – 70” kitabları işıq üzü görmüşdür.

Osman Əhmədoğlu fəaliyyətinin başında sevgi dayanırdı – Vətən sevgisi, yurd sevgisi, Türk sevgisi, Turan sevgisi. Addım atdığı hər qarış Türk torpağında Turan deyib insanları bir araya toplayardı. Onun odlu-alovlu çıxışları Türk dünyasında ayaq üstə alqışlanıb. Dərviş Osman insanları bir-birinə bağlayan etibarlı körpü idi. Babası Osman Hacı Mahmud Əfəndinin ən yaxın köməkçilərindən olub. Xalq şairi Nəriman Həsənzadə Seyyid Həmzə Nigariyə həsr etdiyi “Şeyx Nigari Türbəsi” poemasında Cındır Osmandan və Dərviş Osmandan söz açıb, onların millət qarşısında təmənnasız qulluqlarını yüksək dəyərləndirib.

Uca Allah rəhmət etsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here