Bu məbədin sahibi BABƏK OSMANOĞLU QURBANOVDUR

Babək Osmanoğlu Qurbanov (26.06.1939 – 28.03.2019)

Sağlığında əməlləri ilə qəlbimizdə şahlara layiq möhtəşəm taxt-tac qurdu ürəyimizdə, qəlbimizdə, xəyalımızda, amalımızda. İndi də yaşayır, ürəyimizdə, qəlbimizdə, xəyalımızda, amalımızda, bu məbədin sahibi. Örnək həyatı ilə, fəaliyyəti ilə nümunə oldu hər kəsə. Nur saçdı bir yaşam boyu hər bir kəsə. Yol göstərdi elm yolunda hər kəsə. Dayaq oldu, arxa oldu imdad diləyən köməksizə. Görməyənin gözü oldu, eşitməyənin qulağı oldu, duymayanın duyğusu, hissi oldu. Qarışıq fikirlərin çözümü oldu. Şam kimi közərdi, həzin-həzin alışdı, pünhan yandı öz içində. Niskilli, qəmli-kədərli yandı-yaxıldı öz dünyasında. Bir kimsəni küsdürmədi, heç kimsənin qəlbinə, ruhuna belə toxunmadı, könül aynasını sındırmadı, həssas yaşadı, pak yaşadı, dumduru, parlaq bir ömür yaşadı Babək Qurbanov. Bu müqədəəs yolun yolçusu idi Babək Qurbanov. Sənət yolunun dərvişi oldu. Bu dərvişə özü yoldaş oldu, sirdaş oldu, qardaş oldu, taytuş oldu, həmdəm oldu ömür yolunu sonadək vəfalı insan olaraq mübarək qədəmləri ilə son mənzilə addımladı ürəyimizdə, qəlbimizdə, xəyalımızda. Məskən saldı, yurd saldı, əbədi məkan saldı çox insanların könül dünyasında. Belə bir örnək ömrün sahibi indi anılarda yaşamaqdadır. Bəzən röyamda görürəm, məsləhət verir, məqalə mövzusu verir ki, çalışam, yazam. Hiss edir ki, məsləhət almağa çox möhtacam, dəyərli fikir almağa ehtiyacım böyükdür, çox-çox böyük. Həyatda bu ehtiyaclarıma səmimiyyəti ilə yön verib yönləndirərdi, dəyərli məsləhətini heç bir zaman əsirgəməzdi. Ağzından çıxan hər kəlmə mənim üçün önəmli idi, qiymətli idi, əziz idi. Boğazdan yuxarı saxta söz deməzdi. Nə deyərdisə inanıb deyərdi, təcrübədən, sınaqdan çıxarıb, min yol ölçüb biçdikdən sonra fikrini izhar edər, tövsiyələrini ərmağan edərdi.

Bir çıraq idi onu tanıyanların əhatəsində. Hər kəs öz işıq payını alardı bu müdrik zəka günəşindən. Ağır xəstə olduğu zaman deyərdi ki: “Hər yerim quruyub. Əlim qolum daha tutmur məqalə yazam. Bircə başım işləyir”. Buna da şükür deyirdi. Şikayət etmirdi. Tək bir gileyi vardı o da yaza bilməmək dərdi. Çox arzu edirdi ki, nəsə yazıb çap etdirib böyük xalqına bəxş etsin. Bu istəyini gerçəkləşdirdiyi zaman onda rahat olurdu. Bunu edə bilməməyin sıxıntısını yaşayır, son aylarda yazıb-yaratmağın xiffətini çox çəkirdi Babək Qurbanov.

 Gözü-könlü tox bir insan olaraq xatirəmdə məskən saldı. Heç kəsə möhtac deyildi. Xəstələndikdən sonra bir tək həkimlərə möhtac qaldı… Şəfa tapa bilməsi üçün qurban demişdim. Fəqət qurbanı kəsə bilmək mənə nəsib olmadı. Sağalsaydı bu qismətim müstəcəb olacaqdı. Heyif olmadı. Niyyətim, diləyim gözümdə qaldı. Həyatın son aylarında soldu gül kimi, fəqət qəlbimdə, xəyalımda, amalımda solmadı əbədi gül kimi. Gül kimi insan idi Babək Qurbanov. Gül kimi ətir saçdı elmimizdə. Rövnəq gətirdi, şərəf gətirdi, başucalığı gətirdi incəsənət dünyamızda. Hər kəs bəhrələndi bu qoxudan. Bu ətirdən hər kəs nəsibini aldı. Xeyir tapdı elm yolunda. Göstərişləri doğru, tövsiyələri sərrast oldu Babək müəllimin. Əsl sənət xiridarı idi Babək müəllim. Elmin hər incəliklərindən baş açan təfəkkürə malik idi. Bu incəlikləri zərgər dəqiqliyi ilə görən gözlərə malik idi. Elmin hər cığırına, hər keçidinə aşina idi. Babək müəllimdə aspirantları öz ardınca çəkə bilmək məharəti var idi. Məqsədyönlü hədəfə doğru düz istiqamətləndirməkdə səriştəsi çox idi, bol idi. Bu səxavətini kimsədən əsirgəməzdi. Təmənnasız bəxş edərdi biliyini, təcrübəsini. Bu xasiyyətindən əl çəkməzdi. Xeyir tapan insanların xoşbəxtliyinə öz uğuru kimi necə də ürəkdən sevinərdi. Bu işindən həzz alardı, ləzzət alardı, zövq alardı. İnsan bağbanı idi Babək müəllim. Örnək idi hər bir kəsə, nümunə idi onu tanıyanlara. Elmin mərkəzində dayanmışdı. Hamını ora cəzb edirdi, maqnit kimi gənc elm adamlarını özünə çəkə bilmək qüdrətinə sahib idi. Xeyriyyəçilik üçün gəlmişdi Azərbaycanımıza. Xeyriyyə əməlləri ilə yaddaşlarda qaldı, dəyər verən ürəklərdə yerini aldı, könüllərdə zəfər marşı çaldı. Ruhun şad olsun əziz insan, doğma qardaş, Vətənimizin əsl alicənab övladı, böyük şəxsiyyət, böyük ziyalı, böyük insan. O dünyaya getsən də, bil ki, bu dünyada bizimləsən. Bizim aramızda, səni sevənlərin əhatəsində, dostların, qardaşların cərgəsindəsən. Haqq dünyasına gedişin mənim üçün ölüm deyil əbədi yaşamaqdı Allahın hüzurunda, Səni tanıyanların, səni ananların qəlbində, könül dünyasında.

Ey böyük insan bu dünyaya pir gəldin, pir getdin, nur gəldin, nur getdin. İnamla gəldin, inamla getdin. Qürurlu gəlib, qürurlu getdin, məğrur gəlib, məğrur getdin, əzimlə gəldin, əzimlə getdin, ipək gəldin, ipək getdin. Könlümüzdə əlvan ipəklərdən, bəzəyi zəngin ilmələrdən yuva qurdun. O yuvanın bülbülü idi Babək müəllim. İndi içi boş qalıb. Kimsə o yuvanı zəbt edə bilməz. O yuvanın bir sahibi var idi Babək Qurbanov ismində. Məkanın cənnət, ruhun şad olsun ey nəhəng alim.

Atan Osman Qağa istəyirdi yüz yaşayasan, fəqət ömrün yetmədi. 20 il borclu qaldınsa da həyatda kimsəyə borclu qalmadın. Sözlərin yadımda, fikirlərin amalımda yaşayıram səssiz-səmirsiz, xiffət çəkirəm sənsiz. Alışıram sənsiz, korun-korun yanıram sənsiz. Bir kimsə bilməz nə çəkirəm. Aşıq Ələsgər demiş: “Dərd əkib, qəm biçirəm”. Bir quşun iki qanadı idik. Biri sındı tək qanadla uça bilmirəm Babək müəllim. Səkə-səkə qalmışam, dərdi-qəmi pünhan-pünhan, için-için çəkə-çəkə yaşayıram, Babək müəllim. Bir zamanlar qoşa gəzdiyimiz yerləri sən olmadan ziyarət edə bilmirəm. O məkanı sənsiz görmək istəmirəm. Mübarək qədəmlərin toxunduğu yeri pisləmirəm. Tək səni görmək istərəm, çox istərəm…

Prof. Dr. İlqar İMAMVERDİYEV,

Gaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi

20 mart 2020-ci il

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here