Hər il 28 May günü müstəqil Azərbaycanın Respublika günü kimi böyük təntənə ilə qeyd edilir. Bu günü hər bir Azərbaycan vətəndaşının qeyd etməyə böyük mənəvi haqqı vardır. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək “Müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir”.
Qısa ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixində 28 May tarixi qədər önəmli tarixlərdən biri də 15 sentyabr – Bakının qurtuluş günü kimi qeyd edilən tarixi gündür. Əminliklə söyləyə bilərik ki, bugünkü müstəqil dövlətimizin təməli Bakının işğaldan azad olunması günündən başlayır. Qərbdən Ermənistan, şimaldan Rusiya, cənubdan İranla sərhəd olan ölkəmizə bu səmtlərdən daim təhlükəli küləklər əsib. Həmin təhlükə anlarında bütün məsələlər şərqdən – Bakıdan idarə olunub. Gəlin bir anlıq Bakını ən yaxşı halda anklav bir ərazi kimi təsəvvürümüzdə canlandıraq. Yox, canlandıra bilmədik. Çünki Bakı Azərbaycanın və türk dünyasının tacıdır. Demək ki, Bakı Azərbaycan üçün olduqca önəmlidir. Tək neftə görə deyil, elə bütün parametrlərinə görə. Bəs elə isə Gəncədən Bakıya üç ay şərəfli döyüş yolu keçərək Bakını düşmən işğalından azad edən Qafqaz-İslam Ordusu haqqında düşüncələrimiz nədən az olsun?
Bəzən səhv olaraq deyilir ki, Osmanlı dövlətinin Azərbaycan üçün imperialist maraqları vardı. Məncə, yalandır!
Türk ordusu işğal altında olan Azərbaycanı, Bakını işğaldan azad edərək tarix yazdı. Ona görə də düşünürəm ki, heç olmasa biz də bu tarixi hadisələri doğru qiymətləndirib yaza bilək.
Osmanlı dövləti hərtərəfli ənənəsi olan böyük imperiya olduğundan, Qafqazda söz sahibi olmaq onun siyasətinin tərkib hissəsi ola bilərdi. Amma gəlin hadisələrin mahiyyətinə obyektiv qiymət verək. Osmanlının dövlət marağının nə olmasından asılı olmayaraq, türk ordusu işğal altında olan Azərbaycanı, Bakını işğaldan azad edərək müstəqil Azərbaycan ordusu ilə birlikdə şərəfli tarix yazdı.
1918-ci ildə nələr baş verirdi? Bizim üçün Nuru paşa kimdir? Tək Bakı fatehi, yoxsa?
Yazdığım məqalədə əsasən bu suallara qısa da olsa cavab verməyə çalışacağam.
28 MAY 1918-ci il…
Zaqafqaziya Seyminin dağılması ilə Seymin Azərbaycan türklərindən ibarət üzvləri “Azərbaycan Milli Şurası”nı yaradaraq 6 bənddən ibarət bəyanatla dünyaya Azərbaycan Cümhuriyyətinin müstəqilliyini bəyan etdilər. Lakin imperialist güclərin yeni müstəmləkələr uğrunda qanlı müharibələr apardığı bir zamanda həssas coğrafi məkanda, zəngin neft səltənətində yeni müstəqil dövlətin yaranması heç bir tərəfin marağında deyildi. Qığılcıma bənd Qafqazın ən təhlükəli və acınacaqlı durumda olan bölgəsi Azərbaycan idi.
Trabzon konfransında Brest-Litovsk müqaviləsinin qərarları rədd edildiyindən Osmanlı dövləti Batum konfransına tam gücü ilə girişdi. Konfransda türk heyətinin istəyi bu cür ifadə olunmuşdu: “İngiltərə ilə müharibə davam edəcəyi müddətcə Cənubi Qafqazdakı bütün dəmir yollarından Osmanlı dövləti maneəsiz istifadə edərək Cənubi Azərbaycana sərbəst daşınmasını təmin etmək üçün Qars-Gümrü-Eçmiədzin-Naxçıvan-Culfa dəmir yol xəttinini nəzarətə götürür”.
Avropa, Asiya və Afrikadakı ərazilərini itirən Osmanlının Qafqazda güclənməsinə qarşı müxtəlif istiqamətlərdən təzyiqlər başlamışdı. Çiçerin Batum konfransı iştirakçılarına nota göndərərək, Rusiyanın qəbul ediləcək qərarları tanımayacağını bildirdi. Müttəfiq Almaniya da türklərin Qafqaza nəzarət etməsinin əleyhinə idi. Gürcüstan hökuməti isə ərazisindəki dəmir yollarına nəzarəti himayəsinə sığındığı Almaniyaya həvalə etmişdi. Əlverişli şəraitdən yararlanmaq istəyən Almaniya Bakı neftinə sahiblənmək məqsədilə bölgədə hərbi gücünü artırmağa başlamışdı. Azərbaycan torpaqlarına iddialı olan gürcü hərbi qüvvələri Tiflisdəki alman hərbi birləşmələrinin komandanı general fon Kressin köməkliyi ilə aprel ayının əvvəllərində Qırmızı körpü sərhəd məntəqəsindən Ağstafanın Poylu dəmiryol körpüsünə qədər əraziləri Gürcüstan əraziləri hesab edərək, inzibati binalarda gürcü bayraqları asmışdılar. Hadisələrin şahidi olmuş Muxtar Hacıyevin “Qazaxda anarxiya və Saniyevin komissar təyin olunması” adlı əsərindən: “Saniyevin və onun başındakı dələduz adamların müşayiəti ilə aprelin 30-da Tiflisdən gəlmiş toplu-tüfəngli gürcü hərbi hissəsi Ağstafa stansiyasını və Qazax şəhərini tutur. Məmməd Mahmudov və silahlı dəstələri Aveyə çəkilir. Qazaxda mülki idarələrdə gürcü bayrağı altında Saniyev və gürcü məmurlar əyləşirdilər…”.
Bakıda isə Leninin inandığı Şaumyan əliyalın Azərbaycan türklərinə qarşı kütləvi qırğınlar həyata keçirirdi. Daşnaqlar martın 23-dən aprelin 2-dək Bakıda 25 min dinc insan öldürərək soyqrım həyata keçirmişdilər. Qırğının miqyası genişlənərək, Qubaya, Şamaxıya, Kürdəmirə qədər gedib çıxmışdı. Sözdə elan olunmuş Cümhuriyyətin düşmən qarşısında dura biləcək nizami hərbi birləşmələri yox idi. Hökumətin və xalqın tək ümid yeri qardaş Osmanlı idi.
Mövcud şəraiti dərindən anlayan, Milli Şura üzvləri xilas üçün ömrünün qürub çağlarını yaşayan qardaş Osmanlı dövlətinə üz tutdular.
Nuru paşa – gerçəklər və xatirələr
Azərbaycandakı durum hərbi yardımın tez bir zamanda göndərilməsini tələb edirdi. Fəqət göndəriləcək ordunu təşkil etmək çox çətin idi. Orduya komandanlıq üçün əsas diqqət Ərzurum cəbhəsində ermənilərə və ruslara qarşı döyüşən Kazım Qarabəkir paşaya yönəlmişdi. Lakin paşa apardığı mücadilənin hələ sona yetmədiyini önə çəkərək, Azərbaycana göndəriləcək ordunun vaxtının ertələnməsini istəmişdi. Çarəsiz halda qalan Ənvər paşa orduya komandanlıq üçün Fərrux adlı gənc zabit seçmişdi. Azərbaycandan İstanbula danışıqlar üçün getmiş Nağı bəy Şeyxzamanlı həmin zabitlə görüşmüş və müşahidələr əsasında bu gənc zabitin hər axşam “Pera Palas” otelinin salonunda içki içib rəqs etməsi ona olan ümidləri söndürmüşdü. Buna görə Azərbaycana göndəriləcək orduya sərt, tələbkar, eyş-işrətdən uzaq, qəhrəman Nuru paşanın rəhbərlik etməsini Ənvər paşadan şəxsən xahiş etmişdi. Ənvər paşa bu təklifə tərəddüd etsə də son anda razılaşmışdır. (4 iyun 1918-ci ildə Batumda Osmanlı və Azərbaycan nümayəndə heyəti arasında imzalanan müqavilə ilə bu razılaşma rəsmiləşdirildi. Belə ki, Osmanlı dövləti Azərbaycanda asayişi qorumaq üçün silahlı hərbi yardım edilməsinə dair öhdəlik götürdü).
İstanbulda hərbçi ailəsində doğulmuş, şərəfli bir zabit bioqrafiyası olan 29 yaşlı Nuru bəyə yarbaylıqdan birbaşa general-leytenant rütbəsi verilərək mart ayında Qafqaz İslam Ordusuna komandan təyin olunur və birbaşa Gəncəyə göndərilir.
…May ayında ilk olaraq yarbəy Cəmil Cahid bəyin alayı xalqın coşqun sevgisi ilə Qazağa daxil oldu. Qazax sakini, şair Abbas ağa Nazirin yazmış olduğu şeirdə bu sevinc əks olunub:
…Çəkibsən rəncü zəhmətlər, əziyyətlər, məşəqqətlər,
Bu niyyətlə ki, qövmü-türk sahibi-iqtidar olsun.
Daha göstər həmiyyət, ərşə yüksəlt türk torpağın,
Səninçün izzü şövkətü izzət, bizimçün iftixar olsun.
Edəməm şərhi-övsafi-Cəmilin etməyə cürət,
Budur ki, təbi-qasir aciz, şərmsar olsun.
Bu tazə məsnədin təbrik birlə gözlərim ümmid,
Əhali içrə asayiş, müəssis bərqərar olsun…
Qazağın şairi Abbas Qayıbzadə Nazirdən
Səmimi qəlbdən ərzi-salami bişümar olsun.
Cəmil bəy Qazaxda 1890-1899-cu ildə doğulanların ordu sıralarına cəlb edilməsi haqqında göstəriş vermişdi. Böyük ruh yüksəkliyi ilə orduya yazılaraq, Azərbaycan Cümhuriyyətinin ilk nizamlı hərbi birləşməsini təşkil edən 200 nəfərə yaxın gənc qısa müddətli təlimlərdən sonra Gəncəyə, ordan isə düşmənə qarşı savaşa göndərilmişdir.
Cümhuriyyət ordusunun əsgəri kimi şərəfli döyüş yolu keçmiş Ağqırax Məmməd oğlunun xatirələrini qeydə almış tarixçi İmrayıl Aliyevin arxivindən: “…Yuxarı sərhədlərdə ermənilərlə, aşağıda isə gürcülərlə hər gün atışma gedirdi. Yaylağa çıxmış elimizə silahlı hücumlar olurdu. Çaşqınlıq içində olan xalq may ayında Cəmil bəyin başçılığı ilə Qazağa girən türk ordusunu böyük sevinc hissi ilə qarşıladı. Qısa bir zamanda ordu toplamağa başladılar. Bizim kəndə bir çavuş və 3 əsgər gəlmişdi. 20 nəfərə yaxın gənc könüllü orduya yazıldıq. “Çoyuş Əhməd” və əsgərlər bizə 7 gün təlim keçdilər. “Çoyuş Əhməd” iri gövdəli, burmabığ bir pəhləvan idi. Üzü gülməyən, çox sərt insan idi. Təlimdə səhv nəticə göstərərkən, bizə həmin tapşırığı 10 dəfə təkrar etdirərdi. Hər bir hərbi tərifi əzbərlədərdi. Məsələn, heç yadımdan çıxmayan bir tərif: “Nişangahla arpacığın bir hizaya gətirilərək hədəfə düzgün tüşlanmasına “vurdum” deyilir”. 7 gündən sonra bizi Qazaxdakı qərargaha gətirdilər. Daş Salahlı, İncə dərəsi, Şıxlıdan xeyli tanıdığım əsgər vardı. Bizi türk əsgərlərlə birgə Gəncəyə gətirərək, oradan birbaşa səngərə göndərdilər. İsti yay günlərində ağır döyüşlər gedirdi. Ərzaq çatsa da içməli su problemi yaşayırdıq. Sursat azlığından qəfil hücumlara üstünlük verilirdi. Hər gün 15-20, bəzən də 30 km irəliləyirdik. Nuru paşanı ön cəbhədə tez-tez görürdük. Ordu hücuma keçən zaman itkilər böyük olurdu. Sıra düzülüşündə gedərkən isə uca səslə ruhlu əsgər marşları oxuyaraq, qələbəmizlə qürurlanardıq. Həmin marşları oxuyarkən indi də gözlərim yaşarır:
Türküz, yaranmışıq daim iftixar,
Xilqətdən başlanan tariximiz var,
İləri, iləri, Türkün əsgəri!
Allahdan utansın dönənlər geri!
Əldə sancaq, öndə süngü, qəlbdə Tanrı
Biz dünyanın hakimi olmaq istəriz.
İləri, iləri, Türkün əsgəri!
Allahdan utansın dönənlər geri!…
Azad olunmuş kəndlərdə şahid olduğumuz erməni vəhşiliyi ağlımızı başımızdan çıxarırdı. Bakı üzərinə birinci hücmdan sonra, 10 avqustda bizi Qarabağa göndərdilər. Burada ermənilər dinc əhaliyə divan tutmuşdu. Elə kəndlər vardı ki, əhalisi ilə birgə Yer üzündən silmişdilər. 7 gün ərzində Şuşanı, Əsgəranı erməni daşnaqlarından azad etdik. Sonra bizi Naxçıvana göndərdilər. Orada da yerli ermənilər qonşu kəndlərin sakinlərini süngüdən keçirmişdilər. Naxçıvanın Şahtaxtına kimi döyüşmüşdük, burada bizə dedilər ki, ruslar Bakını tutublar, Nuru paşa da həbs edilib. Biz bu xəbərdən sonra dağılışmaq zorunda qaldıq. Cümhuriyyət zabiti Gülül ağa və Osman ağa Gülməmmədovlar Türkiyəyə keçdilər. Mən isə xəstə eloğlumu da arxama alıb Qarabağa səmt qayıtdım…”.
Bakıya doğru…
Nuru paşa, Xəlil paşa və general Alı ağa Şıxlınskinin birlikdə hazırladıqları uğurlu döyüş əməliyyatları nəticəsində Qaraməryəm döyüşündə düşmənə sarsıdıcı zərbələr endirən türk ordusu qısa zamanda Kürdəmiri, Ağsunu, Şamaxını, Salyanı düşmən qüvvələrindən təmizləyərək başkənd Bakı ətrafına yetişdilər.
Osmanlı dövləti sonuncu şansını əldə bərk tutmuşdu. Böyük Türküstana gedən yolun Bütöv Azərbaycandan keçdiyini anlayan Osmanlı Bakını tez bir zamanda işğaldan azad etməli və Azərbaycanın sərhəd təhlükəsizliyini təmin etməli idi. Bu böyük amal uğurunda türk ordusu Bakı üzərinə hücuma keçdi. Lakin ordunun silah-sursat, ərzaq, su və canlı qüvvə çatışmazlığı səbəbincə 5 avqust – birinci Bakı hücumu uğurlu alınmadı. Nuru və Xəlil paşalar tərəfindən hazırlanan ikinci hücum planı uğurlu oldu. 13 sentyabrda səhərə yaxın Qurd qapısı, Biləcəri, Xırdalan istiqamətindən düşmən üzərinə yeriyən türk hərbi qüvvələri mərmi və sursat qıtlığı səbəbindən süngü savaşına girərək, 60 min nəfərlik düşmən qüvvələrini pərən-pərən saldı. Bakı yüzlərcə şəhidin qanı bahasına 15 sentyabr 1918-ci ildə, müqəddəs bir gündə – Qurban bayramında düşməndən azad olunmuşdu.
Həmin gün Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət paytaxt Bakıya köçürüldü. Qələbə sevincini Azərbaycan şairi Salman Mümtaz “Öyün millət!” şeirilə bölüşmüşdür.
Təfaxür eylə, ey millət, muradın hasil oldu,
Daha əflakə yüksəlməz əninü-ahu-əfqanın,
Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,
Tuturdu şüşəyə hər dəm şərabi-nab tək qanın.
Qızılgültək aşıl, gül, gör ki, Türkün şanlı ordusu
Rəvvaqi-ərşə nəsb etmiş böyük Osmanlı ünvanın,
Bütün mümtaz ellərdən olar türk milləti mümtaz,
Sürər bundan sonra türklük şərəfli şanlı dövranın…
Şəhərə daxil olan türk ordusu qısa müddətdə möhkəm qayda-qanun yaratdı. Milli zəmində olan qarşıdurmalara son qoyuldu. Tiflisdəki alman ordusu Bakıya girmək üçün bəhanə axtardığından şəhərdə qətliam törətməkdə şübhəli bilinən ermənilərin nə özlərinə, nə də əmlaklarına toxunulmadı. Lakin alman ordusunun qərargah rəisi polkovnik Qoltz türklərin Bakıya girişindən sonra şəhərdəki xristian əhaliyə divan tutulması barədə şayiələr yayaraq, Bakıdakı alman əhalinin qorunması üçün bir batalyon əsgər göndərəcəyini bildirmişdi. Bu istəyə Nuru paşa və Azərbaycan hökuməti etiraz edərək, kiçik nümayəndə heyəti ilə birgə Qoltzu Bakıya dəvət edirlər.
Bakı zəfərindən sonra türk ordusu Mahaçqalaya qədər irəliləmişdi. Az sonra hərbi-siyasi durum dəyişdi. Osmanlı dövləti I Dünya savaşında məğlub olduğundan qoşunlarını Şimali və Cənubi Azərbaycan, Dağıstan və Mosuldan çəkmək məcburiyyətində qalmışdı. İngilislərin də Azərbaycan hökuməti qarşısında qoyduğu tələbə görə, Nuru paşa Azərbaycanı tərk etməli idi. Nuru paşa Osmanlı ordusundakı vəzifəsindən istefa verərək Azərbaycan ordusunda xidmətə qəbul olunmaq üçün müraciət etsə də, ingilis general Tomson şəxsən Nuru paşadan Bakını tez bir zamanda tərk etməsini tələb etmişdi. Nuru paşa: “Mən Azərbaycan hökumətinə tabeyəm. Azərbaycan hökuməti vuruşmağımı istəsə, vuruşaram, getməyimi istəsə, gedərəm” cavabını vermişdi.
Siyasi vəziyyəti gərgin olan Azərbaycan hökuməti Nuru paşanın şərəfinə təşkil etdiyi vida ziyafətində qəhrəman türk oğluna xoş sözlər deyərək ondan halallıq almışdı. Nuru paşa Batum-Ərzurum-Trabzon yolu ilə İstanbula dönmüşdü.
Acı sonluq…
İngilislər yolboyu paşanı təqib edərək İstanbula yetişərkən onu həbs edərək Batuma gətirmişdilər. Nuru paşanı Bakı yürüşündə “minlərlə erməninin öldürülməsində” suçlayırdılar. Heç bir güzəştə gedilmədən paşanın edamına hökm verilmişdi.
Xəbər Bakıya çatdıqda Baş nazir Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanovun qarşısına paşanın həbsdən azad edilməsini məqsəd qoymuşdu. 1919-cu ilin martında xüsusi hazırlanmış silahlı dəstə Batumda həbsxanaya basqın edərək qurbanlar bahasına olsa da paşanı oradan qaçırmışdı…
***
…Nuru paşa yenidən Azərbaycana döndü. Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra ermənilər sərhəddə baş qaldıraraq qırğınlar törətmişdilər. Nuru paşa 1920-ci ilin iyununda Qarabağda bolşevik idarəsini devirmiş, “Qırmızı ordu”ya və ermənilərə ağır zərbələr endirmişdi. Fəqət qüvvələr qeyri-bərabər idi və bu cəsur paşa tabeliyindəki qüvvələrlə Osmanlı sərhədlərinə doğru geri çəkilməyə məcbur qaldı…
Azərbaycanın işğalından sonra Almaniyada yaşayan Nuru paşa alman əsirliyindəki 200 min türküstanlı əsiri məhvolma təhlükəsindən xilas etmişdi. Müharibədən sonra Türkiyəydə silah fabriki açan Nuru paşa 1948-ci ildə ərəb-İsrail savaşı zamanı Misirdən böyük miqdarda silah-sursat sifarışi alır. Böyük müqavilənin sevinci ilə fabrikə gələn 60 yaşlı Nuru paşa 2 mart 1949-cu ildə saat 16:30-da fabrikdə baş verən müəmmalı partlayışın qurbanı olur. Nuru paşa da daxil olmaqla 27 nəfərin cəsədi parça-parça olaraq əşyalarla birlikdə ətrafa səpələnmişdi. Azərbaycan fatehi, Bakı qəhrəmanının dəfn olunmaq üçün bədəninin bir parçası da ələ gəlmədi.
Nəticə
Bu gün dünyada hansı tarixçinin Nuru paşaya, Ənvər paşaya nə cür qiymət verməsindən asılı olmayaraq, bu adlar Azərbaycan türkləri üçün doğma və əzizdir.
Birinci Dünya savaşında ərazilərinə düşmən basqını olduğu halda, bir millətin qardaş harayına yetməsi, onu məhvolma təhlükəsindən azad etməsi, dünya xalqlarının qavraya biləcəyi bir davranış və mərdlik forması deyildir. Bunu ancaq türk milləti edə bilər. Çanaqqala savaşında, Türkiyənin İstiqlal mücadiləsində isə Azərbaycandan edilən təmənnasız köməkliklər qardaşlıq bağlarını daha da möhkəmləndirmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sözdə deyil, hər zaman əməldə özünü göstərmişdir, göstərir, göstərəcək də!
Yusif Alıyev (Afşar),
fizika üzrə fəlsəfə doktoru, dosent