Bu məqalə 2016-cı ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin mətbu orqanı “Dəli Kür” qəzetində dərc olunmuşdur. Çox dəyərli həmyerlimiz Sübhan Kamal oğlu Bəkirova bu günlərdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə həm yeni yüksək hərbi rütbə (kontr-admiral rütbəsi) verilməsi, həm də Müdafiə Nazirinin sərəncamı ilə onun Hərbi Dəniz Qüvvələri komamdanı təyin olunması hamımızı çox sevindirdi. Bu münasibətlə İctimai Birliyimizin sədri professor İlham Pirməmmədov Sübhan Kamaloğlunun şairliyi haqqında olan bu yazını indi də öz saytımızda yerləşdirməyi məsləhət gördü. Və biz də böyük məmnuniyyətlə həmin yazını Sizin diqqətinizə təqdim edir və Sübhan müəllimi bir daha ürəkdən təbrik edir, Ona bu şərəfli və məsuliyyətli işində uğurlar diləyirik.

Bu yaxınlarda xalqımızın çox dəyərli ziyalısı, “Qazax” Xeyriyyə İctimai birliyinin sədr müavini Rövşən Babanlı söhbət əsnasında mənə özünəməxsus heyrətlə bildirdi ki, Valeh, bəs bilməzsən, təzəlikcə bir eloğlumuzla tanış olmuşam: hərbçidir, polkovnikdir, həm də çox gözəl bir şairdir, mənə 3 şeir kitabını verib, oxudum, xoşhal oldum. Onları sənə gətirəcəm, baxıb bir fikrini bildirərsən. Dedim, Rövşən müəllim, nə fikir bildirəcəm, əgər siz bəyənmisizsə, deməli, əsl şairdir (bilirdim ki, qağam hər adamı bəyənmir, çox yenilməz tənqidçidir). O saat da maraq məni götürdü: dedim, görəsən bu eloğlumuz kimdi, niyə biz onu indiyə qədər tanımamışıq? Elə buna görə də dedim, amma kitabları gətir, mən də oxuyum, tanış olum. Ertəsi gün Rövşən müəllimdən kitabları aldım, gətirdim evə. Elə bir işim yox idi, divanda yerimi rahatladım, sellofan paketdən kitabları çıxartdım və birini götürüb üzünə baxdım. Elə o andaca məni kitabın üzündəki müəllifin gözləri çəkdi, apardı. Nələr yox idi bu gözlərdə?! Sanki dünyanın bütün dərdi-səri, qəmi-qüssəsi dolmuşdu bu gözlərə. Arxasındakı dərya kimi dərin xəyallara dalmış bu gözlərdən anladım ki, bu adam anadangəlmə şairdir. Xəyalımda onu üstündəki hərbçi paltarından çıxardıb bir nimdaş şair paltarı geydirdim ona, saçını uzatdım və qarşımda bir el şairini canlandırdım.

Kitab Sübhan Kamaloğlunun “Dənizçi ömrü” kitabı idi. Bu onun oxucularla artıq dördüncü görüşü idi. Kitabı açıb içinə nəzər saldım. Tanınmış alim, professor, əməkdar jurnalist Nəsir Əhmədlinin ön söz əvəzi xoş sözlərini oxudum, keçdim şeirlərə. Elə birinci şeiri oxumağa başlamışdım, sanki bir gözəl dağ çayının axarına düşdüm, dürlü-dürlü qoşmalar, gəraylılar məni bu axara saldı, birnəfəsə gətirib çıxartdı kitabın sonuna. Sonra digər iki kitabı (“Səni axtarıram” və “Sevgisiz ömür”) bir sərin bulaq suyu kimi içdim. Əvvələ qayıdıb düşündüm ki, fikrimdə yanılmamışam. Elimin-obamın yüzlərlə yazarları, söz ustaları arasında Sübhan Kamaloğlu adında bir şair də var imiş…

Fikrimcə, ən böyük sevgi Vətən, yurd sevgisidir, ən böyük insan da kökünə-soyuna, elinə-obasına, doğma torpağına canı-qanı ilə bağlı olan, onu sözdə yox, əməldə sevən insandır. Sübhan Kamaloğlu belə insanlardandır. Onun işi, peşəsi Vətənimizin keşiyində dayanmaq, onu bu torpağa kəm baxanlardan qorumaqdır. O, bir hərbçi kimi bu işdə ən yüksək mərtəbələrdən birinə çatıb. Bütün ömrünü bu müqəddəs və şərəfli işə həsr etmişdir. Boş vaxtlarında isə şairlər vətəni Qazağın bir oğlu kimi oturub şeir yazmışdır: uşaqlıq illərini, böyüyüb boya-boşa çatdığı doğma kəndini, ilk sevgisini, məhəbbətini, dəfələrlə suyundan içib “oxay” dediyi Damcılını, vüqarı ilə öyündüyü Göyəzəni, şöhrət-şanı ilə qürur duyduğu Qazağını yada salmış, nəzmə çəkmişdir.

Sazlı-sözlü bir diyarda göz açdığından elə şeirlə, bayatıyla danışan bir elin içində böyüdüyündən, günlərlə aşıqların məclislərində iştirak elədiyindən Sübhan Kamaloğlu əsasən qoşma, gəraylı üstündə öz ürək sözlərini söyləyir.

Nə olar, çox gözəl! Elə Azərbaycan-türk poeziyasının ana xətti, şah pərdəsi qoşma deyilmi? Xalq qəhrəmanlarımız, alp ərənlərimiz əlində qılınc, dilində qoşma, gəraylı “Misri” ilə, “Ofşarı” ilə düşmən üstə yeriməyiblərmi? “Dilqəmiylə”, “Dübeytiylə”, “Ruhahiylə” laylamız çalınmayıbmı?…

Kitablarda neçə şeir onun doğulduğu və tarixi düşmənlərimiz, nankor qonşularımızla sərhəddə yerləşən qayım-qədim Ürkməzli kəndinə (yəqin bu sözün kökündə də “ürkməyən”, “qorxmayan” feli sifəti durur) həsr olunub. Onların birində:

“Göyəzən dağının zirvəsi duman,

Baxanın papağı düşür başından.

Dağları seyr edir qartal yuvadan

Çox sinə gəribdi yellərə kəndim,”

– deyə ürkməzliləri qartala, düşməni isə yelə bənzədir şair Sübhan.

Neçə şeirində Azərbaycanın qərb qapısı, dünyaya dahilər-dühalar bəxş etmiş, canından çox sevdiyi Qazax mahalı vəsf olunur:

Dumandı, çiskindi hey başın sənin,

Doğmadır hər qayan, hər daşın sənin,

Qədimdir tarixin, yaddaşın sənin,

Sirli xəzinəylə dolu Qazağım.

Həmişə düşünmüşəm ki, biz tərəfin dağları başqa dağlardan nə iləsə fərqlənir: onlar elə bil ki canlıdır, hərəsi bir qocaman şairdir, yazıçıdır, ərdir, ərəndir. Ona görə də bütün şairlərimiz, aşıqlarımız onlarla görüşür, danışır, onlarla dərdlərini bölüşür, onlara pənah gətirirlər. Görək Sübhan Kamaloğlu nə deyir bu dağlara:

Elə kövrəlmişəm, elə dolmuşam,­­

Elə saralmışam, elə solmuşam,

Ömrün payızında tənha qalmışam.

Bil, səni özümə həmdəm bilmişəm.

A dağlar, qoynuna qonaq gəlmişəm!

Qazağın qeyrət, dəyanət, mərdlik rəmzi Göyəzən dağına belə müraciət edir şair Sübhan!

Mənim ilham pərim, laləm, nərgizim,

Varmı səndən doyan, Göyəzən dağı?!

Körpəlikdə sığınanda qoynuna,

Sən olmusan həyan Göyəzən dağı.

“Damcılını” haqlı olaraq bütün bulaqların gözü, gözəli sayır (görünüb ki, bulaq yerdən qaynayar, bizim “Damcılı” göydən tökülür):

Dünyada nə qədər bulaq görmüşəm,

Yoxdu başqa yerdə səndən, Damcılı!

Görən bulaq varmı sən gözəllikdə,

Hərdən düşünürəm, hərdən Damcılı…

Zənnimcə, insan öz doğulduğu torpağı, eli-obanı nə qədər çox sevərsə, bir o qədər də bütövlükdə Azərbaycanı, bütün xalqını sevər. Sübhan müəllim də bu kəslərdəndir. O, yüksək rütbəli bir hərbçi kimi, bir şair kimi Azərbaycanı belə sevir, ona belə deyir:

Əyilmə düşmənə, məğrur dayan sən,

Ulu bir millətin ümid yerisən.

Sübhanın ilhamı, sözü, şeirisən,

Yenilməz bir ordum, Azərbaycanım!

Mənim ana yurdum, Azərbaycanım!

Sübhan Kamaloğlunun məhəbbət şeirləri də başqa bir aləmdir. Hiss olunur ki, o da çoxları kimi ilk eşqindən, sevgisindən yarımayıb, bu eşq, bu sevgi də indiyə qədər onun qəlbində qövr edir, onu yandırıb-yaxır.

Ayrılıq odunda hər gün yanıram,

Salmır bircə dəfə O yada, heyif

Mən onun dərdindən Məcnun olmuşam,

Meylini tez saldı O yada, heyif…

yaxud:

Kaş o gün olaydı, sən çağıraydın,

Mən də quş tək uçub gələ biləydim.

Sevinci, şadlığı, eşqi, sevgini

Əzizim, səninlə bölə biləydim…

və ya:

O maral duruşlum, o şux yerişlim,

Qəlbimdə yaşayan pünhan hardadı?

Neçə vaxtdı görəmmirəm onu mən

Ürəkdə sızlayan kaman hardadı?

və ya:

Həsrətindən bu dünyadan gedirəm

İstər ömrün boyu ağla, nə fayda?

İstər qəh-qəhə çək, oyna, danış, gül.

İstərsə qaralar bağla, nə fayda?..

Nə gözəl! Nə yaxşı ki, vüsala çatmayan ilk sevgi, ilk məhəbbət var. Yoxsa bu cür gözəl poeziyaya həsrət qalardıq.

Sübhan Kamaloğlunun üz tutduğu digər mövzular da cəlbedici və aktualdır: ata-ana məhəbbəti, doğma torpağının yalına-yamacına, gülünə-bülbülünə, ceyranına-cüyürünə, dünyanın min bir sirrinə, insanın həyata nə üçün gəldiyinə, nə qoyaraq getdiyinə, vicdan, münasibət saflığına həsr olunmuş bütün şeirlər mənaca dolğundur, məzmunca düşündürücüdür. Onların dilinə gəldikdə isə, bu dil çox rəvandır, axıcıdır, melodikdir. Səslər, hecalar, qafiyələr bir-birini çox gözəl müşayiət edir. Oxuyanda ağzın əyilmir, yorulmur. Çoxlu sayda folklor elementlərindən, təşbehlərdən, frazeoloji birləşmələrdən istifadə olunub.

Əlbəttə, bir həvəskar şairin yaradıcılıq məhsulu kimi, bu kitablarda xırda qüsurlar da var (hansı gözəlin eybi yoxdur?). Bu barədə müəllifin özü ilə danışmaq olar. Amma rəhmətlik Asif Ata demişkən, “nə deyirsən de, ürəkdən de, ürəkdən deyilən söz gözəl olar”. Əsas odur ki, Sübhan Kamaloğlunun böyük və gözəl ürəyi var, nə də deyir ürəkdən deyir. Allah ürəyinə görə versin, bütün arzularına çatsın. Yazsın, yaratsın, biz də oxuyaq, bərəkallah deyək!

Valeh Nəsibli

Filologiya üzrə elmlər doktoru,

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here