Bu gün Azərbaycanın Milli Qəhrəmanı kapitan Alıcanov Rafiq Cəfər oğlunun 55 yaşı tamam olur.
Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir.
Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Ailələri Ağstafa rayonunun Köçvəlili kəndinə köçdüyündən, Rafiq səkkizinci sinfə kimi bu kənddə təhsil alır.
O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini başa çatdıran Rafiq, təyinatla Ukraynanın Dneprodzerjinsk şəhərinə göndərilir və öz ixtisası üzrə xidmətə başlayır.
1988-ci il… O, tez-tez Azərbaycandan həyəcanlı xəbərlər alır. Soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə, ev-eşiklərinin talan edilib yandırılmasına dözə bilməyərək, 1992-ci ildə Vətənə qayıdır. Gənc zabitin hərbi təcrübəsini nəzərə alıb, onu Tovuz rayonunda yerləşən hərbi birləşmələrdən birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edirlər. Bir müddətdən sonra işini başqa yerə – Gəncə şəhərindəki 200 saylı hərbi hissəyə dəyişirlər. Onun şərəfli döyüş yolu Qazax , Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Kapitan rütbəsinə yüksələn Rafiq Alıcanov Füzuli bölgəsində gedən ağır döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində qəhrəmancasına həlak olur. Köçvəlili kəndində dəfn edilmişdir. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qalıb. Hər iki övladı ali təhsillidir.
Rafiq Alıcanovun adına Ağstafa rayonunda park və küçə var. Parkda MİLLİ QƏHRIŞƏMANIN büstü ucaldılmışdır. Doğulduğu Köçvəlili kəndindəki məktəb Rafiq Alıcanovun adını daşıyır.
Azərbaycan Respublikası Prezidenti ulu öndər Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə də büstü qoyulmuşdur.
Milli Qəhrəmanlarımız unudulmurlar. Onların şərəfli döyüş yolu, göstərdiyi igidliklər zaman-zaman xatırlanır, yad edilir. Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Rafiq Alıcanovun doğum günüdür. Yaşasaydı, 55 yaşını qeyd edəcəkdi. Bu münasibətlə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon filalının rəhbərliyi və Qarabağ Əlillərinə QAYĞI İB-nin Ağstafa rayon filialının nümayəndələri ilə birlikdə Milli Qəhrəmanımızın Ağstafa rayonunun Köçvəlili kənd qəbirisanlığnda dəfn olunmuş məzarını ziyarət etdik.
Tədbirdə iştirak edən Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon filalının sədri Mirzahid Hacıyev, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Ələddin Kəsəmənli döyüşlərdə şücaət göstərib qəhrəman kimi həlak olan kapitan Rafiq Alıcanovun ürəklərdə yaşayacağını, həmişə yad ediləcəyini bildirmişlər.
Ələddin Kəsəmənli.
P.S. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə rejissor Kəmalə Musazadənin rəhbərliyi ilə Milli Qəhrəman Rafiq Alıcanovun xatirəsinə həsr olunmuş sənədli filmin çəkilişi də planlaşdırılmışdır. Lakin mövcud koronavirus pandemiyası şəratinə görə bu çəkilişləri həyata keçirmək bir müddət təxirə salınmışdır.
Həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədov Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla danışaraq Milli Qəhrəman Rafiq Alıcanovun xatirəsinin əbədiləşdirilməsi və qəhrəmanlığının gənc nəsil arasında təbliğ edilməsinin vətənpərvərlik ruhunun gənclər arasında yüksək səviyyədə saxlanması baxımından çox önəmli olduğuna diqqət çəkilmişdir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı S.Orucov öz növbəsində qeyd edib ki, Milli Qəhrəman Rafiq Alıcanovun yaşadığı ev təmir edilərək şəhidin adına layiq bir hala gətiriləcək.