Xalq şairi Nəriman Həsənzadənin müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun sayəsində əldə edilən böyük Qələbəyə həsr etdiyi yeni poemasından bir hissə.

Ordu kənardan yeridi, bilmədik, hardan yeridi.

Yüz min əlisilahlı can, yüz min qəhrəman yeridi.

Top yeridi, Tank yeridi topların, tankların üstə

Üçrəngli bayraq yeridi.

Dağlıq Qarabağ üstünə, Aran Qarabağ yeridi.

Sıralandı nəsil-nəsil, düz on milyon xalq, yeridi.

Yuxulu-oyaq, yeridi

Ölkə-ölkədən yeridi, paytaxt-paytaxtdan yeridi.

Dedilər, möhkəm dayanın bu dəfə torpaq yeridi.

Dedilər, otuz il keçir, daha gecdi, vaxt yeridi.

                      II.

Qoşunların qabağında sən yeridin bayraq kimi.

Əsən küləklər, yaydılar, bir səs kimi, soraq kimi,

Özün də bir silah kimi, sözün də bir silah kimi.

Neçə dildə hər tarixi müsahibən,

Səngəriydi, yanında xalq bir də vətən.

Öz yazdığı Bəyanatı, nə Millətlər Təşkilatı, nə başqa bir diplomatı,

Bizcə, açıb-ağartmadı, gündəliyə çıxartmadı,

Qoşun-filan yeritmədi.

Bu nüfuzlu şəxsiyyətlər, nüfuzlu bir iş görmədi.

İşğalçının susdu himayədarları nə ölmədi, nə itmədi

Zaman-zaman sınamışdın sən onları.

Geyib hərbi paqonları “Yox” deyənə sən “Hə” dedin,

Hökmünü hökümlə dedin:

Uçan mərmilər dilində,səngərdə-səngər dilində.

Birinci-əsgər dilində,

Deyilənlər qızdırdı könlümüzü,

Könlümüzdə: Ağdam, Şuşa, cıdır düzü!

Könlümüzdə: Sən Ərdoğan.

İki qardaş iki sirdaş.

Türkün möhkəm dayaqları, bayrağı və bayraqdarı!

O “Bir millət, iki dövlət!”,

Ulu Öndərə min rəhmət!

                    III.

Sənin bu zəfər yürüşün, fəlsəfi dünyagörüşün,

Nə istəyir zəmanədən, açıq deyir ya zamandan,

Cənab Ali Baş Komandan:

Böhtandan, yalandan uzaq, bir açıq söz, bir İttifaq.

Ədavət demir, ədalət, tamam real bir cəmiyyət!

Kişidən – əsl kişilik!  (Biz kişinin öz dilindən eşitmişik).

Plutarxı çağırıram, qədim dünyaya üz tutub.

Qarabağ Azərbaycandı!, deyin, məni bu söz tutub.

O əvəzsiz vəsf elədi ötən hərbi yürüşləri.

Azərbaycan, İlham olsun qoy sonuncu şah əsəri.

Millətimin adı olsun, bu döyüş ovqatı olsun.

Onun yaşamaq həvəsi,

İlk Vətən müharibəsi.

Milli birliyə səsləmək,

“Gücümüz-birliyimizdi!” – bu sözü də belə demək!

Əynində əsgər paltarı, (Geyinmədin hər paltarı).

Ürəyində məhəbbətin, haqq yolunda qətiyyətin.

Nə pələng dərisi geydin, nə qılınc qalxan gəzdirdin.

Nə tac qoydun, hər yanı daş-qaş içində.

Anıldın da Şərqdə-Qərbdə, şərəfli tay-tuş içində.

Tariximi yazan-pozan az olmadı,

Başdan divan tutulanda, yerdən etiraz olmadı.

Ər oğullar, danıldılar.

Qədim şahlar şahzadələr, od içində qan içində döyüşdülər.

Bizi şahdan, şahzadədən irzikdirib, döndərdilər.

Bizi başqa gedər-gəlməz, o yollara göndərdilər.

Birindən – bircə bayatı, birindən -bircə soyadı,

Birindən – bircə söz qaldı,külün altında köz qaldı.

Demədilər, gizlətdilər hər dəfə hünərimizi.

Biz özgədən istədik öz yerimizi.

Tək yerimi?! Baxtımızı!

İndi də torpağımızı.

O gün dedim bir əsgərə, qoruyun bir-birinizi.

Təyyarələr görə bilər yerdə sizi?

– Görə bilər, dönə bilməz amma geri.

Belə dedi, ordumuzun sıradakı bir əsgəri.

Yadımdadı rusiyalı jurnalistin bir söhbəti,

Heyif, özü eşitmədi.

O deyirdi:  hələ belə İgid insan,

Görməmişəm insanları tanıyandan.

Azərbaycan əsgəriydi, adı Vəzir, özü əsir.

Məğruruydu bu biri də, o biri də.

Xilas edib gətirmişdi yaralı bir əsiri də.

Get! – dedilər, ona çıx, get!  düşmənləri, ermənilər.

Əfv eləyin, dedim onda, elədilər.

Get! – dedilər, ona yenə ermənilər.

O gedirdi, yanındakı kölgəsiylə ikiydilər.

Nə qədər  də güc olsaydı, ayağında,

O cür yeriyə bilməzdi, Şekspirin qəhrəmanı,

O güllələr qabağında.

Bir yəhudi jurnalisti, tamam başqa bir söz dedi:

“Azərbaycan əsgərinə,fikir verin,

Çatmaz ona heç ilahi qəhrəmanı, Şekspirin!”

Cənab Ali Baş Komandan,

Sən dedin ki, dahi xalqdır, Azərbaycan!

Varaqladın, varaq-varaq bu tarixi,

Sən yaz daim biz oxuyaq, bu tarixi!

(Yerdə millətim qoruyur, Allahım, göydə sən qoru.

Gözdən ya nəzərdən qoru.

Böhtandı, şərdi – düşməni o böhtandan, şərdən qoru.

Yerdən başqa yerimiz yox, bəşəri bəşərdən qoru.)

                                        IV.

Şəhidləri basdırmırıq, biz əkirik, o, bitəcək.

Yerdən qisas göyərəcək.

Qayıdacaq, o gələcək!…”

Yer üzündə hansı ana, belə-xeyir dua verib,

Şəhid gedən balasına?!

Bəlkə bu son laylasıdı belə donan bu göz yaşı?

Ana-bala harayıdı, ya bu hücum çağırışı?!

Başqadır Qələbə, Uğur – milləti tanımaq olmur.

İndi vətən – vətən boyda bir səngərdi.

Millət – on milyon əsgərdi.

Millət şəhid atasının, bir də şəhid övladının əlindədi.

Qələbəmiz –  Kəlbəcərə gedən yolun eşitdim əvvəlindədi.

Dəyişibdi böyüyümüz, uşağımız.

Topların ağzından çıxır Qarabağ İntibahımız!

Asta yeri, ziyarətə gələn gəlin,

Yer altdakı o naməlum bir heykəlin,

Oyaq ruhu yer üstündən nigarandı.

Harda Şəhid qəbri gördün,

Ora Fəxri Xiyabandı.

                     V.

Cənab Ali Baş Komandan,

Qarşındakı bayaq dedim:

Aravuran intriqan, o da düşük, o da düşmən!

Danışırdı bir görüşdə, tanış əsgər:

“Qovlamışdıq, əclafları, getmişdilər.

Sonra mərmi yağdırdılar uçurdular, taladılar, dağıtdılar.

Yer tapmadıq, sancmağa bayrağımızı.

Əyildim, öpdüm, ağladım, yaralı torpağımızı…”

                VI.

Mən sevindim, qürurlandım, çəkiləndə sənin adın.

Rus deyir: “QİMO” məktəbi!

Moskva, paytaxt təhsili, öz biliyi, bir sərkərdə aliliyi!

Müəlliməm, alqışladım, müəllimin  ürəyini.

Məndən sonra başqasına danışırdı o, rəyini.

“Ulu Öndər məktəbidi”

Bunu burda biz deyirik, elə biz də düz deyirik.

Qızıl Arslan Atabəyin, varisidi hələ yolun yarısıdı.

Dünya özü bir az səbir, bir az möhlət dünyasıdı.

“Asəfi-Kəf” möcüzəsi!

Bir eşq içib, ülfət içib, ilahi bir qüvvət içib,

Bu da bir Tanrı töhfəsi!

Burda ana laylasına yatan uşaq,

Sonra Ata çağrışına oyanıbdı, səndən qabaq, məndən qabaq.

Zaman  deyir, tarix deyir:

Ermənilər, istədilər, – sərhədləri pozulsun,

Orda, hardasa qalxsın böyük rus ordusu.

Dalınca, başqa ölkələr,

Fəlakətlər, təhlükələr, daha nələr!

Tilsim qırdı, düyün açdı, sirli düyün.

O nə bir eşitdiyim, nə sənin bir yol gördüyün!

O sərkərdə! O qəhrəman!

Şahidmi?

Biz:  Tarix, Zaman.

Oğul, deyib, yollar – izlər öpdü onun ayağını,

O da öpdü, Ana deyib,Qarabağda, Azərbaycan torpağını.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here