Qazax Ölkəsi xanlarının, sultanlarının şəcərəsinə dair

0
3528

Peşəkar jurnalist, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin elmi işçisi İsmayıl Umudlunun təqdimatında Qazax mahalının tarixi keçmişinə aid maraqlı araşdırma.

Elmi ədəbiyyatda ilk orta yüzillərdə Suvarlar Ölkəsi, orta yüzillərdə Qazax ölkəsi deyə xatırladılan, Güney Qafqazın mərkəzi coğrafiyası ilə lokallaşan, xeyli geniş bir bölgəni əhatə etmiş, Hunan qalası, Dilican qalası, Lori qalası, Ağcaqala kimi inzibati mərkəzlərdən idarə olunmuş tarixi Qazaxın təqribən son 300-350 ildəki el başçılarının şəcərəsi əsasən bəlli olsa da, daha öncəki çağların hakimləri, xanları və sultanları, onların şəcərəsi barədə məlumatlar kasaddır və bu məsələ ciddi araşdırma tələb edən mövzu olaraq qalır.

Tarixi Qazax, dəqiq deyilsə, 576-cı ildən Monqol istilasına qədərki təqribən 650 illik bir dönəmdə xristianlığı qəbul etmiş Suvar Türkləri (savirlət/sabirlər), daha sonra Xəzərlər, ərəb istilasının gedişində burada müəyyən dərəcədə yerləşmiş ərəb etnik elementləri və XI yüzildən bu bölgədə görünən müsəlman Oğuz-Türkmən və Qıpçaq varlığı ilə bəzən qarışıq, bəzən əvəzləyici etnik toplum şəklində məskun idi. Bu dönəmdə Aranın bu bölgəsi mənbələrdə “Xəzərlərin vilayəti” [1, s.18], Suvarların yaşayış ərazisi isə Bizans, ərəb qaynaqlarında Sevordiya, Savardiya və ya Sivurdiya, eləcə də Sabarta (Suvarlar Ölkəsi anlamında) adlanırdı [1, s.48]. Elmi ədəbiyyatda daha çox Savir/Sabir kimi işlədilən etnonimi Mahmud Kaşğari məhz “Suvar” deyə işlədir, onların Ruma (Bizansa) yaxın (qonşuluqda) yerləşdiklərini, dillərinin Oğuz və Qıpçaq dilinə bənzədiyini göstərməklə, bu dildən “sözlərin sonu kəsilib qısaldılmış Türk dili” deyə bəhs edir [2, s.105].

Suvarlar burada öncə Sasanilərin, Albaniya çarlarının, Bizansın, sonra isə Xilafətin vassalı olaraq yaşasalar da, belə görünür burada öz daxili müstəqilliklərini saxlamışdılar və öz başçıları tərəfindən idarə olunurdular. Lakin bu başçılar və onların şəcərələri barədə qaynaqlar susur. Bu baxımdan Aranda Xilafətə qarşı üsyanın Buğa əl-Kəbir (Böyük Buğa) tərəfindən yatırıldığı 851-ci il hadisələrinin gedişində bu ölkənin tutulub buxovlanaraq Dəməşqə göndərilən əyalət knyazları sırasında adı çəkilən, Suvar knyazları soyundan gələn və xristian adı daşıyan Stefan Kon istisnadır [16, c.1, s. 218], [17, s.104]. Ölkənin mühüm şəxsləri sırasında onun adı çəkilsə də, tarixi qaynaqlarda onun əcdadları və ya törəmələri (şəcərəsi) barədə bilgiyə rast gəlinmir.

Gürcüstan çarı IV David (1089-1125) tərəfindən qıpçaq (poloves) ordusunun Don sahillərindən qayınatası Atrak xanın başçılığı altında 1118-1120-ci illərdə Gürcüstana gətirilməsi (“Matiane Kartlisa”) və onların burada 1125-ci ilə qədər sürmüş 7 illik mövcudiyyəti həmin çağda öz hərbi-siyasi yüksəlişini yaşayan Gürcüstanın etnik spektrinə Suvarlardan sonra ikinci bir türk elementi əlavə etmişdi.

Qıpçaqların başçısının şəcərəsinə gəldikdə, Rus salnamələrində poloveslərin başçısı Şarukanın (Saru xan?) iki oğlu qeyd olunur: Atrak xan və Sirçan.Tarixi Qazax torpaqlarında məskun olan Atrak xanı Don sahillərindəki əzəli yurda qayıtmağa onun yanına gəlmiş qardaşı Sirçan təhrik edir. Salnamələrdə Atrak xanın bu torpaqlarda yurd salmaq istədiyi, lakin Sirçanın qoynunda gətirdiyi Qıpçaq çölü yovşanının ətrinin onu bu fikrindən daşındırdığını yazırlar (türklərdə məşhur “Qıpçaq çölünün yovşanı” ifadəsi buradan gəlir). Atrak xan gürcü knyaz qızı ilə evlənmişdi və bu evlilikdən doğulan qızı Quranduxt (gürcü adıdır) çar IV Davidin zövcəsi, onun oğullarından Vaxtanqın anası idi. Atrakın oğlu Kolçan isə “İqor polku haqqında dastan”da xatırlanır. Qaynaqlarda Kolçanın bir oğlu və bir qızı – Yuri və Nastasya göstərilir [18]. Monqol yürüşləri əsnasında Atrak xanın şəcərəsi qaranlığa qarışır.

Bundan başqa, çar III Georginin (1156-1184) dönəmində (1177) baş verən hadisələrdə bölgədə elbəyi olan, xristian dininə keçmiş Qıpçaq Kubasarın adı çəkilir.

Bütün bu dövr ərzində – XIII yüzilin başlarına qədər gürcü tarixində qıpçaq əsilli böyük dövlət adamlarının, qoşun başçılarının, məmur şəxslərin adları keçir və onların şəcərələrinin davamı haqqında gürcü şəcərəçiliyində çox şey bəllidir. Məsələn, kumık şəcərəçisi Kamil Aliyev gürcü cografiyaçısı Vaxuştiyə isnadla türk mənşəyinə malik 44 gürcü knyaz soyadının şərhini vermişdir [18]. Yəni, bu məsələ biz azərbaycanlıların deyil, artıq gürcü və Quzey Qafqazın türk şəcərəçilərinin araşdırma sahəsidir və onların tərəfindən xeyli dərəcədə işlənmiş mövzudur.

Suvarlar ölkəsi, yaxud Qazax ölkəsi deyə tanınan bu tarixi inzibati vahid Kürün sağ sahilində indiki Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonlarının, indiki Ermənistan Respublikasının qonşu Şəmsəddin (Berd), Karvansara (İcevan), Çəmbərək (Qaraqoyunlu, Krasnoselo), Qarakilsə (Kirovakan, Vanadzor), Hamamlı (Spitak), Barana və s. bölgələri, tarixi Borçalını, eləcə də Kürün sol sahilində Alazan çayına qədərki ərazini əhatə etmişdir və Ağqoyunlu, Səfəvi, Osmanlı və Gürcüstan çarlarının idarəçiliyi dönəmlərində kiçik düzəlişlərlə demək olar dəyişilməz qalırdı. Xristian qıpçaqların 1319-cu ilin dağıdıcı zəlzələsindən sonra Rumeli və Ukrayna trpaqlarına köçüb getməsindən sonra müsəlman Oğuz-Türkmənlər bölgədə dominant etnik ünsürə çevrilmişlər. Teymurilər, Qaraqoyunlu və Ağqoyunlu hakimiyyəti dönəmlərində etnik dominantlığın onların xeyrinə olaraq bu şəkildə qaldığını tarixi qaynaqlar təsdiq edir. Lakin onların idarəçiləri barədə şəcərəvi bilgilər cüzidir.

XV yüzil və XVII yüzilin əvvəllərində hakimiyyətdə təmsil olunmuş Qazax xanları, sultanları və onların şəcərələri barədə müəyyən məlumatlara Əbdi bəy Şirazi [3] və İsgəndər bəy Türkman Münşidə [4], eləcə də “Lori əyalətinin icmal dəftəri”indəki qeydlərdə [5] rast gəlirik. Burada məskun olan ellərin tərkibindən irəli gölməklə, bölgə XV yüzildə “Qazax-Qaraman” da adlanmışdı və Şah İsmayılın hakimiyyətə gəlməsində Qaraman nisbəli xanlar, Ustaclı, Şamlu əmirləri qədər önəmli rol oynamışdılar və onların adları bəllidir. Bu dönəmdə Qaraman, Qazaq, Qazaq-Ustaclı, Qazaqlar/Qazaqlu və Şəmsəddinlu nisbəsi ilə bir neçə xan nəslindən (Həmzə sultan Qazaq-Ustaclı, Nəzər xan Ustaclı-Qazaqlar, Dəli Məhəmməd xan Şəmsəddinlu) söhbət gedir [4, k.2, s.1297, 1698].

 Qazax torpaqlarında XV yüzilə qədər el başçıları olmuş xanlar və bəylər barədə tarix “xəsislik” edirsə də, XV yüzilin sonlarından, tarixçiliyə ciddi yanaşmanın qərarlaşmasından (Həsən bəy Rumlu, Əbdi bəy Şirazi, İsgəndər bəy Türkman və s.) etibarən şəcərəvi məlumatların çoxaldığı müşahidə olunur.

1489-90-cı il hadisələrində Ağqoyunlu qoşun başçılarından Vəli xan bölgədə idi və Tiflis qalasını fəth etmişdi [6. s. 27]. XVI yüzildə bu bölgə “Qazaqlar ölkəsi”, xalqı isəQazaqlar tayfası” (İsgəndər bəy Türkman) adlanırdı, inzibati mərkəz Dağlıq Qazaxda yerləşən Lori qalası idi. “Qazaqlar tayfası” o qədər güclənmişdi ki, Kartli və Kaxeti hakimləri ilə rəqabət apara bilirdi [4].

XVI yüzilin ortalarında Qazax ölkəsinin başçısı Dönməz sultan idi. Dönməz sultan şah I Təhmasibin vəfatı əsnasında Gəncə-Qarabağda Şahverdi xan Ziyadoğluya tabe olan əmirlər sırasında idi [7, s. 62]. Şamaxı yaxınlığında 1578-ci ilin noyabrında baş verən döyüşdə qızılbaşlardan digər hərbi başçılarla bir sırada həlak olan Dönməz sultanın (Dönməz xan) [8, s. 331] 1590-cı ilə aid “Lori vilayətinin icmal dəftəri”ndə Bədrəddin adında oğlu 3 kənd üzrə zəamət sahibidir [3, s.17]. Belə görünür, Bədrəddin də digər Qazax başçıları kimi Osmanlıların tərəfinə keçibmiş.

Dönməz sultanın atası Bədrəddin xan barədə “Qazaqların xanı və şahzadələri”, “sünniligi məşhur”, “pək yigit və sofu bir kişi” deyə bəhs olunur və bu səbəbdən (inancına görə) I Təhmasib tərəfindən həbsə atılmışdır [8, s. 362]. Beləliklə, onların şəcərəsi Vəli xan – Bədrəddin xan – və onun iki oğlu: Dönməz sultan və Nəzər sultan xətti ilə gəlir. Dönməz sultanın bir oğlunun – Bədrəddin bəy və Nəzər sultanın 4 oğlunun adları bəllidir.

Şah I Abbasın əmri ilə Qazaqlar tayfasının bir hissəsi 1589-cu ildə Məhəmməd xan Qacar Ziyadoğlunun başçılığı altında Gəncə-Qarabağ əhalisi ilə birlikdə Arazın o tayına adlamışdı və 1607-ci ilə qədər orada oturub geri – əski yurda dönməyə şahdan icazə gözləmişdilər [8, s.378]. Digər hissə isə Osmanlı təbəəsi olmağa razılaşaraq yurdda qalmışdı. Qazax eli Osmanlı İmperiyasının tərkibində olduğu 1584-1609-cu illərdə elin başçısı Ustaclı əsilzadələrindən Nəzər sultan idi.

Bədrəddin xanın oğullarından biri, Dönməz sultanın qardaşı, “Nəzər xan ünvanlı Qazax xan” [9, s.15] bu vəzifədən əvvəl 1565-ci ildə Şah Təhmasibin oğlu Mustafa mirzənin lələsi təyin olunmuşdu [3, s.118]. 1584-cü ildə Lori və Ağcaqalanı fəth edən Osmanlı ordusunun səfər katibi Sübhi Talikzadənin “Tarixçə”sinə isnadla, Qazaxlar oymağının başçısı Nəzər xan “padişahzadə” adlandırılır [9, s.14]. Görünür, bu status Qazax Ölkəsinin Kartli və Kaxetiya kimi daxili müstəqilliyi formal olaraq saxlanılmaqla, irsi hakimlər tərəfindən idarə olunduğuna görədir.

Qazax Osmanlı hakimiyyətində olduğu dönəmdə elin böyük qismi və onun başçıları – Nəzər xan (Nəzər sultan) və onun qaynaqlarda adı çəkilən dörd oğlu – Xəlil xan, Məhəmməd xan (Məhəmməd sultan), Mustafa xan (Mustafa sultan) və Şəmsəddin xan (Şəmsi xan) paşa rütbəsində Osmanlıya xidmət etdiyinə görə, Şah I Abbas tərəfindən ağır cəzalanmışlar: Nəzər paşa həbs edilib zindana salınır, Məhəmməd xan və Mustafa xan isə şahın gizli əmri ilə bir-birinin ardınca aradan götürülür [4, k.2, s.1577]. Məhəmməd xanın (Qazax xan) gürcü Luarsabın əli ilə xaincəsinə qətlə yetirilməsinin təfsilatında gürcü tarixçisi David Baqrationi İsgəndər bəy Türkman Münşini eynilə təkrarlayır [19, s.147]. Bu hadisələrdən sonra onların yerinə Şəmsəddin xan (Şəmsi xan) Qazaqlar elinə başçı təyin edilməklə, əhali elliklə 1614/15-ci ildə (başqa hesablamaya görə – 1915/16) Fars əyalətinin Darabcərd bölgəsinə (sonralar – Darabgerd, hazırda Darab ş.) köçürülür [4, k.2, s.1578]. “Qazaqlar tayfası” yeddi ilə yaxın orada qalmış, 1622-ci ildə yeni bir əmrlə Osmanlı ilə həmsərhəd Axısqa vilayətinə yerləşdirilmişdilər. Şəmsi xan burada Osmanlı hərbi qüvvələri ilə toqquşmaların birində 1627/28-ci ildə əsir düşmüşdü və bundan sonra onun və oradakı Elin taleyi sarıdan mənbələr susurlar [4, s.1897].

Qazax bölgəsi üzrə XII-XIII yüzillərdə bəzi qıpçaq başçıların və xristianlığı qəbul edərək gürcülərə qarışmış bəzi yüksək vəzifəli şəxslərin türk titulu (məsələn, tarxan) daşıdıqları müşahidə edilir. XVI yüzildə Qazaqlar Elinin hakimləri olmuş Vəli xan Qazaq Türkman, Həmzə sultan Qazaq Ustaclı, Bədrəddin xan (Ustaclı), onun iki oğlu – Dönməz sultan (Dönməz xan) və Nəzər sultan Qazaqlar (Nəzər xan, Nəzər paşa) [9, s. 14-19], öz növbəsində Nəzər sultanın oğulları – Xəlil xan (Xəlil paşa), Lori hakimi Məhəmməd xan (Məhəmməd paşa) [4, k.2, s.1293], Mustafa xan (Mustafa paşa) [4, k.2, s.1533] və Şəmsəddin xan (Şəmsi xan, Şəmsəddin paşa) Qazaqlar [4, k.2, s.1180] siyasi vəziyyətdən və təbəəlikdən asılı olaraq tutullarının dəyişdiyi görülür. Nəzər sultanla başlanan əsilzadə xan (sultan, paşa) soyunun şəcərəsində onun oğullarının (Məhəmməd xan və Mustafa xan) Şah I Abbas dönəmində bir-birinin ardınca aradan götürülmələri və Şəmsəddin xanın 1627/28-ci ildə Axısqada Osmanlılara əsir düşməsindən [4, k.2, s.1897] sonra bir məchulluq yaransa da, aradan 50 il ötəndən sonra Qazaxlar Ölkəsində (mahaldan əvvəlki inzibati status) “şahzadələrin” idarəçiliyinin davam etdiyi üzə çıxır.

Mehdixan Vəkilov mənsub olduğu Qazax əsilzadə soyu Vəkiloğullarının (Kosalı ağaları) mənşəyi barədə qeydində, ulu əcdad Mirzalı ağanın (XVII yüzildə yaşayıb) evliliyi barədə danışarkən “İran xanlarından birinin qızı” ilə evlənmiş olduğunu desə də, ad çəkmir [10, s. 23]. Soy daxilində təkrarlanan “Xanqızı” şəxs adı öz başlanğıcını ondan götürür. Soyun keçmişlər sarıdan bilgili təmsilçilərinin vaxtilə söylədikləri rəvayətlərdə bu ulu nənələrinin adı Fatma deyə xatırladılır. Onun Vəli xanın qızı olduğu barədə rəvayət var. Vəli xan barədə bilgimiz yoxdur. Fəqət Mirzalı ağa Kosalı XVII yüzildə yaşamış olduğundan, deməli, Qazax idarəçiləri arasında yeni bir Vəli xan (ulu babanın adını daşıyan) olmuşdur. Maraqlıdır ki, Qazax xanlarının qış iqamətgahının yerləşdiyi Xanlıqlar kəndi yaxınlığındakı (yay iqamətgahları əksərən Lori qalası idi ) ötən yüzillərdən qalma “Vəlixan meşəsi” drinonimində yaşayır [11, s. 21].

1653-cü ildə Lori və Ağcaqalanın hakimi olaraq İsa xanı görürük [6, s. 35]. Şardənin həmin dönəmə təsadüf edən səfərnaməsində (1671-1677) bu Ölkənin idarəçiliyində yeni bir ad – Qamçı xanın adı çəkilir. Şardən yazır: “Dilican şəhəri, onu altı lyölük (təqr. 24 km – müəllif) əhatə edən bütün ərazi (şimaldan, cənubdan Dilicanı əhatə edən və şərqdən, qərbdən çox irəli çıxan ölkə) Qamçı xana aid olub, Qazax Ölkəsi adlanır. O da Gürcüstan kimi Səfəvilərdən asılıdır, ona tabedir. Gürcüstanda olduğu kimi, burada da hakimiyyət yerli şahzadələr tərəfindən irsi olaraq, atadan oğula keçmək şərtilə idarə olunur. Birinci Şah Abbas bütün bu ölkəni Gürcüstanla eyni vaxtda fəth etmişdir [12, s.16]. Bizə görə, Qamçı xan Nəzər xan Qazaqların nəvələrindən biri olmalıdır. Əcnəbi səyyah Qazağın əhalisini ”məğrur və sərt təbiətli dağlılardan ibarət” olduğunu, onların “mənşə etibarı ilə Xəzər dənizinin şimal-şərqindəki dağlarda yaşayan kazak tayfalarından törədiklərini” də qeyd etməyi unutmur. Hər vaxt təfərrüatlara diqqət yetirən səyyah Şardenin bu yol qeydində Qazaxla bağlı onlardan başqa heç bir məskun etnik ünsürün adı çəkilmir. Qazax xanların şəcərəsinin sonrası barədə bəlli olan yalnız budur ki, 1 oktyabr 1667-ci ildə vəfat edən, “şahın əyanları arasında cah-cəlalda və zənginlikdə tayı-bərabəri olmayan, əvvəllər 1663-cü ilə qədər İrəvan xanı olmuş Şamaxı xanı” Nəcəfqulu xanın vəfat etdiyini qeyd edərkən onun “Qazax xanın oğlu” olduğu xatırladılır [20]. Bu halda konkret hansı “Qazax xan”dan söz gedir, hələlik müəyyən deyildir.

Yalnız aradan hardasa 65-70 il ötəndən sonra – 1735-ci ildə Naibüs-səltənə Nadir xan Avşar tərəfindən xan mənsəbinə yüksəldilməklə, Qazağın idarəçisi (divanbəyi) təyin olunan Sübhanverdi xanı görürük [13, s.42-43], [14]. Baxmayaraq ki, bu titul onun soyunda irsilik qazana bilmir. Belə ki, onun “Sübhanverdixanov” soyadı daşıyan əsilzadə soyu Qazax qəzası üzrə nəsillikcə bəylər/ağalar kateqoriyasında idi.

Şıxıoğullarının (Şıxlinskilər) əcdadlarından – Qazax vəkili olmuş Əhməd ağa Şıxıoğlu bəzi mənbələrdə “Əhməd sultan” kimi də qeyd edilir [15, s.69]. Şıxıoğullarının (Şıxlinskilər) və Vidadov-Müftizadələrin şəcərəsi əvvəldə adı çəkilən Həmzə sultan Qazaq-Ustaclıya gedib çıxır. Onun soyundan gələnlər də bəylər/ağalar kateqoriyasında idi. XVIII-XIX yüzillərdə Qazax mahalında/qəzasında sultan titulunda heç kəsə rast gəlinmir. Qazax mahalının və ellərinin başçıları vəkil titulunda (Vəkil Kazım ağa, Vəkil Kərim ağa, Vəkil Səfixan bəy, Vəkil Əhməd ağa, Vəkil Pənah ağa, Vəkil Alı ağa, Vəkil mayor Mustafa ağa) göstərilirlər. Halbuki qonşu mahalların başçıları sultan titulunda idi. Məsələn, Şəmsəddin mahalının başçısı mayor Nəsib sultan idi [21, c.6, h.1, s.706]. Dəmirçihasanlı və Bozçalunun Baydar elinin başçıları da sultan titulu daşıyırdılar. Dəmirçihasanlı başçıları İsa sultan Əhməd sultan oğlu (1242-1826/27-ci ildə vəfat edib) və onun oğlu Hacı Əhməd sultan İsa sultan oğlunun (1304-1886/87-ci ildə vəfat edib) mənsəbləri məzar daşlarına bu şəkildə həkk edilmişdir. Beləliklə, onlardan üç sultan – Əhməd sultan – İsa sultan – Hacı Əhməd sultan irsi olaraq bu mənsəbdə izlənir [22, s.125-126] [23, s.13, s.v. 8717].

 

Ədəbiyyat:

1.Vəlixanlı N.M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974. 224 s.

2. Kaşğari Mahmud. Divanü lüğat-ü-türk. 4 cilddə. Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər. I cild. Bakı: Ozan, 2006. 512 s.

  1. Şirazi Xacə Zeynalabdin Əli Əbdi bəy. Təkmilətül-əxbar. (Fars dilindən tərcümə, müqəddimə və şərhlər – Əbülfəz Rəhimli). Bakı: Elm, 1996. 200 s.

  2. Münşi İsgəndər bəy Türkman. “Dünyanı bəzəyən Abbasın tarixi”. Fars dilindən tərcümə – Şahin Fazil. I kitab. Bakı: Şərq-Qərb, 2010. 1144 s.; II kitab, Bakı: Şərq-Qərb, 2014. 1400 s.

  3. Lori vilayətinin icmal dəftəri. (Ön söz, mətnin tərtibi, tərcümə və qeydlərin müəllifi Şahin Mustafayev). Bakı, Nurlan, 2004. 87 s.

  4. Məmmədli Ş.B. Alın yazımız. Tbilisi, 1997. 104 s.

  5. Bayramlı Z.H. Azərbaycan Səfəvilər Dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu. Bakı: “Avropa”, 2015. 348

  6. Kırzıoğlu M.Fahrettin. Osmanlıların Kafkas ellerini fethi (1451-1590). Ankara: Türk Tarih Kurumu Basım evi, 1998. 550 s.

  7. Bünyadov Z.M. Qarapapaqlar. Bakı: “Borçalı” dərgisi, N 1. s. 14-19

  8. Mehdixan Vəkilov. Ömür dedikləri bir karvan yolu. Yazıçı. Bakı, 1986. 191 s.

  9. Umudlu İ.B. Vəkiloğulları. Əsilzadə soyun tarixi və şəcərəsi. (təkmilləşdirilmiş nəşr). Ön söz – akademik Teymur Bünyadov. Bakı: Apostroff, 2016. 584 s.

  10. Şardən. Parisdən İsfahana səyahət. Fransızcadan tərcümə – Vaqif Aslanov. Bakı: Elm, 1994. 96 s.

  11. Əl-Cari Molla Məhəmməd. Car salnaməsi. Bakı: “Səda” nəşriyyatı. 1997. 146 s.

  12. Umudlu İ.B. Abdulla bəy Divanbəyoğlunun nəsil şəcərəsi // Azərbaycan Milli Elmlər Akademiyası. Xəbərlər. Humanitar elmlər. N 1, 2016. S. 57-61.

  13. Umudlu İ.B. Şıxlinskilər. Etno-tarixi və genealoji rakurs. Ön söz – akademik Teymur Bünyadov. Bakı: Apostroff, 2015. 676 s.

  1. Буниатов З.M. Избранные сочинения в трех томах. Азербайджан в VII-IX вв. Том I. Баку: Элм, 1999. 468 с.

  2. Всеобщая история Вардана Великого. Москва: 1861. http://www.vostlit.info/ pdf.

  3. Алиев К.M. Кумыки и их предки в истории Грузии // Сайт kumukia.ru со ссылкой на газету«Времена» 21, 28 декабря 2012 г., Махачкала: “Йолдаш» 11, 18 января 2013 г.

  1. Багратиони Д. История Грузии. Мецниереба. Тбилиси, 1971.

  2. Закарий Акулисский. Дневник Закария Акулисского. https://history.wikireading.ru

  3. Aкты Собранные Kавказского Aрхеологического Kомиссиею. В 12 томах. Том VI, часть I, Тифлис, 1874. 941 c.

  4. Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Том V, Баку, “Elm və Təhsil”, 2011. 240 с.

  5. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. Fond 289.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here