SÖZ BAYRAGI  (Barat Vüsal)

0
1089

Fevralın 18-də ad günü olan, Ustadım, Xalq şairi Nəriman Həsənzadənin 90 illiyi münasibətilə

Allah məsləhət bildiyi

Dindən, imandan gəlirəm.

Kim hardan gəlir, bilmirəm,

Mən Nərimandan gəlirəm!

Ustadlı-şagirdli sanki

Bizi bir ana doğubdu.

Şairlərin söylədiyi

Sözü bir ana doğubdu.

Qardaşlıq düşdüm ondakı

O ilahi təcəssümlə!

Hər şeirimi yazdım onun

Üzündəki təbəssümlə!

O, nəyə nail olmayıb,

Keçəndə özündən keçib.

Kür hardan keçirsə keçsin,

Onun da köksündən keçir!

Heç vaxt dəyişik düşmədi,

Əliynən, Vəliynən gördüm.

O, hər dəfə yeriyəndə,

Aveydağı, Göyəzəni

Axır ki, yeriyən gördüm.

Nadanları qandırmağa

Hər vaxt Haqq səsi bəs etdi.

Ocağımı yandırmağa

Quru nəfəsi bəs etdi!

Sevənlərin ürəyində

Saza döndü, sözə döndü.

Təbriz Təbrizdə deyildi,

Təzədən Təbrizə döndü!

Dözmədi nifrəti, kini,

Qəsd eylədi qəsdə, uçdu.

Qarabağı alan zaman

Adı mərmilərin üstə

Uçdu, düşmən üstə uçdu!

Əsgər qanıyla torpağa

Axdı… axdı isti qanı.

Onun da qələmi ancaq,

Bircə söz söylədi, bircə:

“Azərbaycan İstiqlalı!”

Bütün dünyada yellənən

Söz bayrağı var əlində.

Vətəndən ötrü əbədi

Öz bayrağı var əlində!

Yanında dayanıb odur,

Nə vaxtdı Nuru Paşanın.

Vətənə, yurda gərəkdir,

Şair vüqarı Şairin,

Paşa qüruru Paşanın!

Necə öyünməyim, necə,

Yurda dair ustadımla!

Fəxr edirəm həm qəhrəman,

Həm də şair ustadımla!

Ustadıma minnətdaram,

Sinəmdə şair ürəyi.

Süfrəmi bəzəyir hələ

“Nabat xalanın çörəyi!”

Barat Vüsal,

AYB Qazax filialının sədri, Əməkdar İncəsənət Xadimi!

14.02.2021-ci il

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here