Vidadi Babanlı onun oxucularının, eləcə də ədəbi cameənin yaddaşına ustad bir nasir kimi köçüb. Bu da təsadüfi deyil. 70 ildən çox yaradıcılığı dövründə “Gəlin” povestindən başlayaraq “Bulanlıq dünya” povestinədək – “Ana intiqamı”, “Müqəddəs ocaq”, “Ömürlük əzab”, “Həyat bizi sınayır”, “İnsaf nənə”, “Vicdan susanda” kimi nəsr əsərləri ilə bütöv bir nəsr xəzinəsi yaratmışdır.

Akademik Nizami Cəfərov onun yaradıcılığını səciyyələndirərkən yazır: “Vidadi Babanlı istər 70-ci, istər 80-ci, istərsə də müstəqillik illərində qələmə aldığı əsərləri dövrün, zamanın ən ağrılı, cəmiyyəti ən çox düşündürən problemlərinə həsr olunmuşdur. Və ustalıqla yazılmış həmin əsərlərin də qəhrəmanı həyatın müxtəlif təzyiqləri qarşısında öz daxili aləmini bütün miqyası ilə nümayiş etdirməklə yaşadığı dövrün “Tərcümeyi-halını tarixləşdirən İnsandır”. Bununla belə, Vidadi Babanlı adı çəkiləndə ilk növbədə yada “Vicdan susanda” romanı gəlir və nəsrimizdə az-az əsərlər var ki, bu qədər populyar olar. Bu roman Azərbaycan ədəbiyyatında ən çox nəşr olunan əsərlərdən biridir. Qəribədir, müəllifə böyük oxucu məhəbbəti, dünya şöhrəti gətirən bu romanına görə onun çap olunması üçün Vidadi Babanlının başı nə qədər ağrılar, bəlalar çəkmişdi. Ancaq sözündən dönməmişdi.

Görkəmli alim, AMEA-nın müxbir üzvü, Vidadi Babanlının dostu Rafiq Əliyev söyləyirdi ki, Moskvada olduğu vaxtlarda bir gün şəhərin məşhur prospektlərindən birində mağaza qarşısında böyük bir növbəyə rast gəlir. O vaxtlar az tapılan mallar mağazalarda satılarkən belə hallar tez-tez olurdu. O da növbə tutaraq nə satıldığını öyrənmək istəyir. Məlum olur ki, növbə Azərbaycan yazıçısı Vidadi Babanlının rus dilində nəşr olunmuş “Vicdan susanda” romanı üçün düzülüb. “Mən qürur və sevinc hissi ilə donub qalmışdım. Romanın rus oxucuları arasında bu qədər populyar olduğunu bilmirdim”.

Müsahibələrindən aydın olur ki, O, “Vicdan susanda” romanını yazmamışdan əvvəl 8 ay Neft-Kimya Prosesləri İnstitutunda kitabxanaçı işləmiş, institutda çalışan alimlərin, aspirantların, əməkdaşların qarşılıqla münasibətlərini, davranışlarını, həyat tərzini öyrənmiş, “Həyat bizi sınayır” əsərini və bu əsər əsasında yazdığı ssenari üzərində işləyərkən isə bir müddət Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi vəzifəsində işləmişdi. Bu iki fakt onun öz yaradıcılığına nə qədər tələbkar yanaşdığını aydın şəkildə sübut edir. Bu səbəbdəndir ki, onun əsərlərində həyat qaynayır, necə varsa elə əks olunur, onun qəhrəmanları canlıdır.

Vidadi Babanlı əsərlərində yaşadığı dövrün ictimai-siyasi və psixoloji problemlərini, bu problemlərin həllinə münasibətdə insan amilini aydın şəkildə təqdim edə bilir. Düşünürəm ki, təkcə “Vicdan susanda” romanı ilə Vidadi Babanlı ədəbiyyat tariximizdə həmişəlik qalacaqdır. Zaman keçir, bu roman öz aktuallığını, öz müasirliyini itirmir. Bu gün də oxucular tərəfindən oxunur, sevilir və güman edirəm ki, nə qədər insanların qəlbində susmayan vicdan var, bu roman oxunacaqdır.

Ədəbiyyatsevərlərə yaxşı məlumdur ki, Vidadi Babanlı yaradıcılığa şeirlə başlamışdır. Hələ 30-cu illərdə, məktəbdə oxuyarkən şeirləri o vaxtkı “Pioner” qəzetində çıxanda, heç kəsin ağlına da gəlməzdi ki, bu kiçik uşaq şeirlərinin müəllifi gələcəkdə Azərbaycanın görkəmli ədəbiyyat adamı-nasiri, dramaturqu, tərcüməçisi, şairi, ssenaristi, publisisti olacaqdır. İlk şeirlərini Vidadi Şıxlı imzası ilə yazırdı. Lakin sonradan özünü nəsrdə tapdı. Nəsrə dönüşünü Vidadi müəllim “Avtoportret” şeirində belə izah edir:

Yoxdur bir kimsədən giley-güzarı,
Yazıb-yaratmaqdır dərdi-azarı.
Gördü ki, tükənir şeirin bazarı,
Sınadı bəxtini romanlarda o.

Ümumiyyətlə, “Avtoportret” şeiri Vidadi müəllimin bütün xarakterini özündə əks etdirməklə həm də onun bütün şəxsiyyətini və yaradıcılığını səciyyələndirir:

Dilinə ömründə yalan dəymədi,
Yaltaqlıq eyləyib üzə gülmədi.
Asan yaşamağı şərəf bilmədi
İşıqlı yol seçdi dumanlarda o.

Döyüşdü, çarpışdı daim həyatla,
Hey qovhaqovlarla, hey çataçatla
Ömür-gün keçirdi bir təmiz adla
Qarışıq, dolaşıq zamanlarda o.

Vidadi Babanlının poeziyasının mövzuları rəngarəngdir. Lakin yaradıcılığında ictimai-siyasi motivlərin daha qabarıq görünməsi onun vətənpərvərliyindən, millət, xalq, dövlət, təəssübkeşliyindən, Vətənimizin taleyi üçün narahatlığından və mənəviyyatından irəli gəlir. Bu mövzuda yazdığı ən yaxşı şeirlərini də Vidadi müəllim ömrünün artıq müdrik çağında, 90-cı illərdən sonra yaratmağa başladı:

Bu gün yola salırıq sizi qanlı döyüşə
İstəyirik dağlara, dərələrə ün düşə.
Dalğalana vüqarla Qarabağda bayrağım,
Dincəlib rahat yata qana batmış torpağım.
Uğur olsun balalar, zəfərlərlə qayıdın.
Dünyanı salamlayan səhərlərlə qayıdın.

Qayıdın ki, ürəkdə qara qanlar durulsun,
Hər məhlədə, hər evdə toy məclisi qurulsun.
Çəkilsin göy üzündən his qoxulu çən-duman,
Sevinməyə, gülməyə qəribsəmişik yaman.
Gözü yolda qoymayın, anaları qayıdın,
Dağılsın mənhus şərin yuvaları qayıdın.

Vidadi müəlli yaxından tanıyan, onun xarakterinə, mənəviyyatına və həm də yaradıcılığına bələd olan adam kimi bilirəm ki, onun məsləki, amalı paklıqdır, haqq-ədalətdir, mərdlikdir, halallıqdır. Onun yaratdığı kişi obrazı ümumiləşmiş Azərbaycan kişisinin obrazıdır. Elə bu səbəbdən də Vidadi müəllimin əsərlərində, o cümlədən, şeirlərində mərdlik, kişilik, qeyrət qırmızı xətlə keçir. Müəllif bu səpkili şeirləri ilə kişi ömrünün poeziyasını yaradır. “Kişilik haqqında söz” şeiri dediklərimizin əyani və məntiqi sübutudur. Bu obraz xalqımızın mənəviyyatının poetik kodeksidir. Bu şeiri bir çox hallarda kişilik haqqında himn də adlandırırlar.

Əməlində saleh, sözünə bütöv,
Bir az sərt, bir az cod, bir az da köntöy
Kişilər lazımdır xalqa, kişilər,
Rədd olsun boğaza xalta kişilər!

Bu şeirin yazılma tarixindən 30 il keçsə də, bu gün də aktualdır və hələ uzun illər yenə də zamanla səsləşəcəkdi. Bu bir həqiqətdir ki, şair bu sətirləri qələmə alanda məmləkətimizdə kişilikdən əsər-əlamət qalmamışdı, dostla düşməni tanımaq olmurdu, hörmət-izzət sərsəri gündə idi, hər şey satılır və alınırdı, igid oğullarımız ara yerdə qurban gedirdi, Qarabağ alver meydanına çevrilmişdi.

Satqınlar satdılar yurdu-yuvanı,
Batdı ara yerdə igidlər qanı,
Qeyrət unuduldu, namus atıldı,
Halal nəcabətə, haram qatıldı.

Pozub əxlaqları zaya döndərdi,
Siyasət oyunu, vəzifə pulu.
Bir yolluq tükənib bitməzmi bu şər,
Kişilər lazımdı, xalqa kişilər.

Vidadi Babanlının nəsr əsərlərində olduğu kimi, poeziyasında da özünü yazır, onun şeirlərinin əsas qəhrəmanı da onun özüdür. Ədəbiyyatşünas alim, professor Rüstəm Kamal Vidadi Babanlının yaradıcılığını incələyərkən yazır. “Desəm ki, yazıçının bütün əsərlərində avtoportret boy verir, yanılmaram, hətta inanıram ki, “Kişilik haqqında söz” şeirinin də ilk bəndi özündən bəhs edir”. Çox düzgün vurğulayır Rüstəm müəllim. Vidadi müəllimin təkcə həmin şeiri yox, çox şeirlərinin arxasından özü boylanır. Onun əsərlərini oxuduqca həyatı, tərcümeyi-halı ilə yaxından tanış olursan, həyatının nə qədər keşməkeşli, çətin, mübarizələrlə dolu bir kişi ömrü yaşadığının şahidi olursan.

Bağladı dilimi zamanın zəhmi,
Yüzdə bir sözümü deyə bilmədim.
Əyil, keç dedilər, saqqal altından,
Qürurlu qəddimi əyə bilmədim. 

Məhəbbət mövzusu Vidadi Babanlının yaradıcılığında xüsusi yer tutur. Onun məhəbbət şeirləri orijinaldır, özü kimi mərdi-mərdanə və səmimidir, segisini necə yaşayırsa, elə də ifadə edir, hisslərini aydın şəkildə oxucuya çatdırır. Bu şeirlər həm də klassikdir. Şeir səsləndikcə sanki aşıqların ifasında qoşmaları dinləyirsən.

Mən səni sevirəm qüdsiyyət ilə,
Rəbbim mələkləri sevdiyi kimi.
Müqəddəs əhd ilə, qətiyyət ilə,
Qəbrə aparacam bu saf eşqimi.

Qoy naşı bəndələr gizlin gülərək
Ömür nəşəsini qaxmasın başa.
Hələ alovlusa, odlusa ürək,
Könül sevdasının nə dəxli yaşa.

Bununla bərabər, onun təbiət mövzusunda yazdığı şeirlər də maraqlıdır, cəlbedicidir, təkrarsızdır, özünəməxsuzluğu ilə fərqlənir, rəssam kimi mənzərə çəkir. Bu şeirlərdə elat yaddaşı yaşayır. Vidadi müəllim artıq 70 ildən çox müddət şəhərdə yaşamasına baxmayaraq, onun elat yaddaşı, etnik yaddaşı sanki içinə hopub qalıb və istənilən an müəllifin yaddaşını tərpədə bilər. Şeirlərində bir sujet xətti var, şeiri oxuduqca sanki gözlərinin qarşısında hadisə, proses canlanır. Bu baxımdan onun “Yaylaq gecəsi” şeiri çox maraqlıdır.

Günəş batır, şər qarışır, naxır dönür örüşdən,
Duman gəlir, binə üstə, sallanıb qarşı döşdən.
Yaxınlarda göy gurlayır, şimşək çaxır anbaan,
Sellər, sular axır çaya şırhaşırla hər yandan.

…Artır yağış, coşur külək, qatılaşır çən duman,
Çadırlardan o tərəfdə qoçaq, cəsur bir çoban,
İt çağırır, haray salır, sayıq durur bu gecə,
Keşik çəkir sürüsünə tufan ötüb keçincə.

2006-cı ildə Vidadi Babanlının 80 yaşı tamam olanda “Doxsana doğru” adlı bir şeir yazmışdı. Həmin şeirin birinci bəndində deyirdi:

Deməyin, səksəndə təbim sönəcək,
Daha əl-ayaqda itəcəyəm mən.
Məsləkim eşqinə son nəfəsədək
Ötkəm bülbül kimi ötəcəyəm.

Bu yaxınlarda Vidadi müəllim ömrünün 94-cü ilinə qədəm qoydu. Yaşının ixtiyar çağında olmasına baxmayaraq, o, bu gün də yazmaq-yaratmaq eşqi ilə yaşayır:

Tamam düşməmişəm hələ həvəsdən,
Gözüm cavan görür gidi dünyanı.
Könlüm vəcdə gəlir sevdalı səsdən,
Heyif ki, həyatın boşdur bir yanı. 

Düşünürəm. Böyük sənətkarlar ona görə Böyük olurlar ki, onların yaratdığı əsrlər zamanın sərt sınaqlarından keçərək, qərinələrin sərhədlərini aşır, onun fövqündə dayanır və xoşbəxt o sənətkarlardır ki, onların sevgisi də, məhəbbəti də, nifrəti də səmimidir. Bir də onun şəxsiyyəti, həyatı və yaradıcılığı vəhdət təşkil edir, yanaşı addımlayır. Vidadi Babanlını şəxsiyyəti, həyatı və yaradıcılığı kimi.

Ramiz GÖYÜŞOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here