Əziz dostlar, mən Sizlərə bir qazi oğlumuz və ona ilk gündən həm maddi, həm mənəvi dəstək olan bir türk qardaşımız haqqında məlumat verəcəm.
Qazimiz Qənbərov İlkin Elşən oğludur. 27 yaşı var, ailəlidir, Nilay adlı bir balaca qızı var. Əslən Qazağın İncə dərəsinin Aslanbəyli kəndindəndir. Sumqayıtda kirayə evdə yaşayır. Ailənin tək oğludur. Müharibə başlayanda ailəsinin, ata-anasının etirazına baxmayaraq, könüllü surətdə cəbhəyə yollanmışdır. Onu bu müqəddəs və şərəfli səfərə işlədiyi “Radi Delyuks” MMC-nin kollektivi çox böyük hörmət və ehtiramla yola salmışlar. Bu Cəmiyyətin rəhbəri türkiyəli əziz qardaşımız, böyük ürəkli İnsan Fuad Kayhandır. O, İlkinə öz xeyir-duasını verib, ailəsindən narahat olmamağını söyləmişdı. İlkin Tərtərdən başlayıb Ağdərə istiqamətində düşmənlə ölüm-dirim savaşına atılmışdır, kəşfiyyatçı kimi arxa cəbhəyə çox vacib məlumatlar çatdırmışdır. Oktyabrın 6-da yaxınlığında partlayan minamyot mərmisindən xeyli qəlpə yarası almış, sağ qulağı və sol gözü tutulmuşdur. Buna baxmayaraq İlkin kimsə bunu bilsə geriyə qaytarılacağını, xəstəxanaya göndəriləcəyini düşünərək, heç kimə öz vəziyyətini bildirməmiş, yağı düşmənə qarşı mübarizəsini igidliklə davam etdirmişdi. Özünün dilindən deyilənlərdən: İstəyirdim ki, gözümün qabağında şəhid olan dostlarımın qisasını alım, torpaqlarımızın azadlığı uğrunda sonacan vuruşum.
Beləcə İlkin dəhşətli ağrılar içində 15 gün də vuruşur. Lakin oktyabrın 21- də komandiri onun bu vəziyyəti haqda xəbər tutur və onu təcili olaraq Ağdama, sonra Mingəçevirə, oradan da Bakıya hospitala gətirirlər. Burada O, ay yarım müalicə alır və evə buraxılır. Lakin İlkinin yenə də 1 qulağı eşitmir və 1 gözü də yaxşı görmür. Ona görə də O, işləyə bilmir.
İndi isə mən keçirəm Fuad bəy haqqında danışmağa. Qoy hamı bilsin İnsanlıq, Doğmalıq, Mərdlik, Kişilik nə deməkdir. Fuad bəy İlkini yola salandan sonra onun ailəsi, körpəsi ilə mütamadi olaraq maraqlanmış, İlkin yaralanıb qayıtdığı gündən də ona maddi və mənəvi dəstək olmuşdur, onun 1-cə gün belə maaşını kəsməmişdir. Söyləmış ki, neçə ki mən burda varam, sən daimi maaş alacaqsan. İndi baxın, görün bu nə deməkdir, əzizlərim. Fuad bəy Kayhan qardaşımız öz hərəkəti ilə, İlkinə göstərdiyi qayğı ilə bir daha bizim bir millət, iki dövlət olduğumuzu, Türkiyə- Azərbaycan dostluğunun, qardaşlığının əzəli və əbədi olduğunu, bəzi insanlara müdirin, rəhbərin, böyüyün necə olmasını nümayiş etdirir. O gostərir ki, biz Qarabağımızı necə türk qardaşlarımızın, böyük türk oğlu Rəcəb Tayib Ərdoğanın dəstəyi ilə azad etdiksə, indi o torpaqda həyatın bərpasında necə biriksə, o torpağı azad edən Şəhidlərimizin ailələrinə, qazilərimizə münasibətdə də, onların qayğısına qalmaqda da birlik, İnsanlıq nümunəsi göstərməliyik.
Əziz dostlar, mən bunları “Qazax” Xeriyyə İctimai Birliyinin sədri, hörmətli ağsaqqalımız İlham Pirməmmədova söyləyəndə O, çox məmnun oldu və Fuad bəyə bütün Qazaxlıların salamını, dərin təşəkkürünü çatdırmağı tapşırdı. Bildirdi ki, ilk təşkil olunacaq toplantılarımızın birində Fuad bəyi mütləq dəvət edib onu Birliyimizin fəxri üzvü seçəcəyik. Onunla birgə Qazağa, Qarabağa səfərlər edəcəyik. Mən bir daha bütün Qazax mahalının adından və azərbaycanlılar adından Fuad bəy Kayhan qardaşımıza minnətdarlığımızı bildirirərək, var olun deyirəm. Yaşasın Azərbaycan-Türkiyə əbədi qardaşlığı!
P. S. Qeyd edim ki, İlkinlə əlaqə yaratmağı bizdən “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, çox dəyərli ziyalımız Sabir Bayramov xahiş etdi, ondan da bu xahişi onun Xeyriyyəçi qızı, çox hörmətli Aybəniz xanım etmişdir. Hər ikisinə təşəkkür edirik.
Professor Valeh Nəsibli,
“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü