Yaşadığı hər günün, hər anın qiymətini biləndə, həyatı yaxşı işlərə, xeyirxah əməllərə, paklığa həsr edəndə, insan ömrü daha mənalı və dolğun olur. Bu zaman insan necə-necə adamın həyatında iz qoyur, qəlbində özü boyda bir abidə ucaldır.
Az yaşayıb, əməlləri ilə dostlarının qəlbində özünə möhtəşəm abidə ucaldan əziz dostumuz Qaravəliyev Ralis Əkrəm oğlu 1962- ci ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində ziyalı ailəsində anadan olmuşdur.
Vətənin üstünü qara buludlar alanda şair Aslan Kəmərlinin və Rövşən Babanlının rəhbərliyi ilə Qazax Xeyriyyə Cəmiyyətinin ən fəal üzvüləri kimi Ralis Qazağın bütün kəndlərini gəzər, əsgərlərə silah-sursat və ərzaq apararaq igid vətən müdafiəçilərinin yanında olardı.
Min illər boyu insanın yaranmasından qiyamətə qədər onu izləyən, ölümün ölümsüzlüyünə inansaq da, inana bilməzdim ki, əziz dostumuz Qaravəliyev Ralis bizi belə vaxtsız tərk edəcək, dostları Rövşən Babanlı, Valeh Nəsibli, Hacivəli müəllim, Qərib müəllim, Səməd müəllim və başqaları yarımçıq ömrünə çox məyus oldular.
Ralis Qaravəliyevin vaxtsız ölümü, sanki kol dibində günəşin şəfəqindən yenicə boy atmağa başlayan bənövşəyə və sonda xəzana düşmüş gülə bənzəyirdi.
Bütün bunlara baxmayaraq, Qaravəliyev Ralis bizim qəlbimizdə ömürlük silinməyəcək bir iz qoydu.
Qəlbi ilə, ruhu ilə Qazağa bağlı olan onlarla eloğullarımızdan olan, Aslan Kəmərli, Akif Səməd, Ağamalı Sadiq Əfəndi, Yolçu Rəfiyev, Süleyman Osmanoğlu, Salman Poladov, Xəlil Xəlilov, Vidadi Bayramov, Mürsəl Həkimov, Fərman Eyvazlı, Çingiz Axundov və hər zaman geniş ürəyi, halal süfrəsiylə böyük səxavət sahibi olan, onu tanıyan hər kəsin qəlbində məhəbbətini yaşadan Tacəddin Pirməmmədovu, “Bura Qazaxdır, oğlum” deyən ustad şair Eldar Nəsiblini və sonda Ralis Qaravəliyevi də əlimizdən aldı bu fani dünya!
Ralis Qaravəliyevə Ulu Tanridan rəhmət diləyirəm!
ALLAH RƏHMƏT ELƏSİN!
Gəlimli-gedimli qoca dünyadan,
Sinəmdə sızlayan qanlı yaradan.
Ayrılıb getdiyin eldən-obadan,
Bir vida harayı qopdu ağladıq!
Firudin Orucov.