“Əjdaha” ləqəbli kəşfiyyatçı leytenant Mayis Yaqubovun doğulduğu kənddə -Daş Salahlıda adını əbədiləşdirəcək bulağın açılışı olub.
Tədbirdə Qazax rayon icra Hakimiyyətinin başçısı Rəcəb babaşov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri və rayon ictimaiyyəti Zəfər günündə şəhid leytenant Mayis Yaqubovun döyüş yolundan, qəhrəmanlıqlarından bəhs edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qalib Azərbaycan Ordusunun sayəsində əldə edilən böyük Zəfərdən söz açdılar. Çıxışlarda qeyd edildi ki, döyüş yoldaşları Mayisə qorxmazlığına və igidliyinə görə “Əjdaha” ləqəbi vermişdir.
Tədbirdə məktəblilərin ifasında şeirlər də yer aldı.
Bütün şəhidlərimiz kimi igid Vətən oğlu Mayis Yaqubovun da adı əbədiləşdirilərək Daş Salahlı kəndində Avey dağının ətəyindən süzülüb gələn göz yaşı kimi duru bulaqlardan borular vasitəsilə çəkilib gələn bulaq kəndin mərkəzində inşa edilib. Qeyd edək ki, Şəhidimizin adını daşıyan bu bulaq “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən inşa edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin adını daşıyacaq bulaq şəhidimizə olan hörmət və ehtiramın bariz nümunəsidir.
P.S. Şəhid Yaqubov Mayis Rəhim oğlu 1998-ci il aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 8-ci sinfə kimi Qazax rayonu Ş.Cəbiyev adına Daş Salahlı kənd tam orta məktəbində təhsil alıb. Uşaqlıqdan dərslərini əla qiymətlərlə oxuyan Mayis həm də vətənpərvər şagird idi. Körpəlikdən hərb sənətinə böyük sevgisi olub. Əlbəyaxa döyüş növləri ilə məşğul olub.
Həmçinin Mayis sərrast atıcı idi. Nişan aldığı hədəfə dəqiq atəş açmaq bacarığı var idi. O, hər gün xobbi kimi turnikdə idman edir, ağır çəki daşları ilə, qantellərlə məşq edirdi.
Hərbçi olmaq arzusu ilə 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə imtahan verir, yüksək nəticə əldə edir. Hərbi liseyi bitirdikdən sonra 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur və arzusunda olduğu ixtisası seçir. Oxuduğu müddətdə müəllimlərinin və komandirlərinin hörmətini qazanmış, qrup yoldaşları ilə dost, qardaş münasibətində olmuşdur. Rus və erməni dilini öyrənməyə xüsusi diqqət göstərirdi. Soruşanda ki, Mayis o dilləri niyə öyrənirsən? Deyirdi: Əsl kəşfiyyatçı düşmənın dilini yaxşı bilməlidir. Hətta Mayisə AHM-də erməni dilini tədris etmək üçün müəllimi kimi işləmək təklif olunur. Ancaq Mayis bu təklifdən imtina edir və deyir: Mən bu dili müəllim işləmək üçün yox, yaxşı kəşfiyyatçı olmaq üçün öyrənmişəm. 2019-cu ildə AHM-i bitirir və XTQ-də ilk altı aylıq mərhələdən keçmək üçün təlimlərə qatılır. Lakin zədə aldığı üçün son mərhələdən keçə bilmir. Mərhələni bitirmədən təyinatını Naxçıvan MR-ın Şahbuz rayonuna “N” saylı Hərbi Hissəyə verirlər. Doqquz ay Şahbuzun qarlı dağlarında xidmət edir. Sonra Şahbuz rayonundakı “N” saylı Hərbi Hissədən XTQ-ə dəyişdirilir və orada xidmətini davam etdirir. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Mayis Naxçıvandan ilk döyüşə gələn XTQ-in tərkibində olur. Hadrutun işğaldan azad edilməsi və əks hücumların qarşısının alınmasında xüsusi olaraq fərqlənir. Sonra Füzulinin bir neçə kəndlərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edir. Oktyabrın 17-də Xocavənd rayonunun Tuğ kəndinin azadlığı uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanır. Cəbhənin qaynar nöqtəsində olduğu üçün beş saata qədər ölümlə mübarizə aparır. Beş saat köməksiz qalan Mayis gülər üzlü siması ilə şəhidlik zirvəsinə ucalır.
Onun nəşi beş gündən sonra böyük çətinliklə də olsa döyüş ərazisindən çıxarılır. Leytenant Mayis Yaqubov oktyabrın 22-si doğulduğu Qazax rayonunun Daş Salahlı kəndinin Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.