Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 gündə qazandığı böyük Zəfər hərb tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazandığımız və bu gün qürurla səsləndirdiyimiz həmin tarixi Qələbə ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 8 noyabrda ilk dəfə Zəfər Günü kimi qeyd edildi.
Respublikamızın hər yerində olduğu kimi, 8 Noyabr – Zəfər Günü Qazax rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Rayonda keçirilən silsilə tədbirlərə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarətlə start verilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Sonra şanlı Zəfərə həsr olunmuş yürüş təşkil edilib. Şəhərin girişindən başlanan yürüş prospekt boyunca Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin qarşısına kimi davam edib.
Şanlı Zəfər münasibətilə təşkil olunmuş yürüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, “Tərəqqi” medalı laureatı, “Əməkdar Jurnalist” Akif Aşırlı, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, gənclər, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhid ailələrinin və qazilərin də iştirak etdiyi bayram əhval-ruhiyyəli yürüşdə “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”, “Bir millət, iki dövlət, Azərbaycan-Türkiyə”, “Yaşasın Azərbaycan!”, “Yaşasın Ali Baş Komandan!” şüarları səsləndirilib.
Əllərində, üçrəngli Azərbaycan Bayrağını, qardaş Türkiyə dövlətinin al qırmızı rəngli bayrağını, şanlı Zəfərimizə həsr olunmuş plakatları tutan gənclər 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd ediblər.