“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, “Qarabağ” ordenli polkovnik-leytenant Elçin Məmmədov Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı Mini PUA-nın yaradıcısı Səlcuk Bayraktarla görüşüb.

Polkovnik-leytenant Məmmədov Elçin Ziyadxan oğlu 4 avqust 1984-cü ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Orta təhsilini Qazax rayonu Musa Həsənov adına Birinci Şıxlı kənd orta məktəbində aldıqdan sonra 2002-ci ildə Azərbaycan Ali Təyyarəçilik məktəbinə daxil olub. 2006-cı ildə həmin məktəbi təyyarəçi ixtisası üzrə bitirərək Azərbaycan ordusunda xidmətə başlayıb.

Xidməti boyu fərqli vəzifələrdə xidmət edib. Hal-hazırda Eskadrilya Komandiri vəzifəsində xidmətini davam etdirir. Xidməti dövrü bir çox orden, medallarla və Fəxri Fərmanla təltif olunub.
Vətən Müharibəsi başlayanda Hərbi Təyyarəçi olaraq müharibənin ilk günündən sonuna qədər Murovdağ, Ağdərə, Xocavənd, Fizuli, Cəbrayıl, Hadrut, Suqovuşan və Şuşa yaxınlığına kimi cəbhənin bütün istiqamətlərində döyüşdə iştirak edib. Döyüşlərdə Fərqləndiyinə görə Hərbi Hava Qüvvələri tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif olunub. Düşmən mövqelərinə vurduğu zərbələrin bir çoxu Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib, ictimaitə təqdim olunub. Bir çox video kadrlar isə Müdafiə Nazirliyinin arxivində saxlanılır. 4 oktyabr Cəbrayıl uğurunda gedən döyüşlərdə təyyarəçi yoldaşı Vətən Müharibəsi Qəhrəmanı (ölümündən sonra) polkovnik Zaur Nudirəliyevlə eyni vaxtda döyüşlərə cəlb olunub. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Qarabağ” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Vətən müharibəsində ən çox döyüş uçuşu həyata keçirən hərbi təyyarəçidir.

Polkovnik-leytenant Elçin Məmmədovun bu vaxta qədər xidmətləri və müharibədə aktiv iştirakı nəzərə alınaraq Hərbi təhsilini artırmaq məqsədilə Müdafiə naziri cənab Zakir Həsənovun əmrinə əsasən Türkiyə Respublikasının Milli Savunma Universitetinin Hava Harb İnstitutuna göndərilməsi qərara alındı. Bu ali məktəbdə təhsil bacarıqlı pilot üçün çox vacibdir.
Təhsil proqramında Hərbi Sənaye müəssisələrini, idarəetmə məntəqələrini gəzmək kimi proqramlar da nəzərdə tutulub. Bu proqramlardan biri də “Baykar” (1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkəti) şirkəti ilə yaxından tanış olmaqdır. Modern müharibələrin əsasını təşkil edən PUA-ların gələcəkdə daha da vacib element olduğu bütün dünyaya bəyandır. Türkiyədə təhsil alan pilotlar “Baykar” şirkətində pilotsuz uçuş aparatlarının düzəldilməsi, öyrədilməsi və sınaqları ilə əyani surətdə tanış olublar. Ən vacibi isə bu şirkətin necə inkişaf etməsi, Səlcuk Bayraktarın şirkəti yenidən yüksək səviyyədə necə qurması ilə yaxından tanış olublar.
Polkovnik-leytenant Elçin Məmmədov noyabr ayının 7-də proqrama uyğun olaraq Səlcuk Bayraktarla görüşüb. Görüş zamanı qardaş ölkələrimizin hərb sahəsində uğurlu tərəfdaşlığından qürurla söhbət açılıb.
Yaşasın, Azərbaycan Türkiyə dostluğu, qardaşlığı.
Hər iki ölkəyə uğurlar arzulayırıq.
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.

Səbinə Yusif,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here