Sərbəst güləş üzrə əməkdar məşqçi Nəcəf Çöllüyev vəfat etmişdir

0
1204

Azərbaycan idmanına ağır itki üz vermişdir. SSRİ idman ustası, əməkdar məşqçi Nəcəf Çöllüyev 30 yanvar 2022-ci ildə 84 yaşında vəfat etmişdir.

Ötən əsrin 50-60-cı illərində yüksək titul qazanmış idmançılarımızı barmaqla saymaq olardı. Qazax güləş məktəbinin yetirməsi, sərbəst güləş növü üzrə respublika və Ümumittifaq miqyasında böyük uğurlara imza atmış peşəkar idmançı Nəcəf Çöllüyev həmin o illərdə barmaqla sayılan ustad güləşçilərimizdəndir.

Nəcəf Çöllüyev 1938-ci il may ayının 25-də Azərbaycanımıza böyük şairlər, yazıçılar və sərkərdələr bəxş etmiş Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açmışdır.

Əməkdar məşqçi Nəcəf Çöllüyevin 1956-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun bədən tərbiyəsi və anatomiya-fiziologiya fakültəsinə daxil olması onun böyük idmana gedən yoluna işıq saçmışdır. İnstituta qəbul olunduqdan sonra o, adlı-sanlı güləş ustaları, tanınmış məşqçilər İnqilab Novruzov və İbrahimpaşa Dadaşovun rəhbərliyi altında sərbəst güləş növü ilə ciddi məşğul olmağa başlayır. Nəcəf müəllim institutun elə birinci kursundan müxtəlif səviyyəli yarışlarda iştirak etməyə başlayır. Elə həmin illərdə Ümumittifaq miqyaslı çempionatlarda uğurla çıxış edən, ölkəyə qalib olaraq fəxri fərmanlar, diplomlarla qayıdan Nəcəf müəllim hələ institutun ikinci kursundaykən SSRİ idman ustası adına layiq görülmüşdür.

Nəcəf Çöllüyevin 1962-ci ildə Azərbaycan yığma komandası tərkibində İraqın paytaxtı Bağdada səfəri onun idman karyerasında daha əlamətdar olmuşdur. İraq və Azərbaycan güləşçiləri arasında keçirilən sərbəst güləş üzrə yarışda komandasına gətirdiyi parlaq uğura görə dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək 24 yaşlı gənc idman ustasına 8-ci kilometr qəsəbəsində ikiotaqlı mənzil hədiyyə edilmişdir. Nəcəf müəllim özünü İnqilab Novruzovun yetirməsi adlandıraraq, ustad-şagird münasibətlərinin sonralar dostluğa çevrildiyini qeyd edir.

Nəcəf Çöllüyev həm institutda təhsil alır, ustadının təkidi ilə həm də respublika yığma ko-mandasında məşqlər edirdi. Ustad güləşçi 1958-ci ildə Orconikidze (indiki Vladiqafqaz) şəhərində “Burevestnik” Cəmiyyəti Mərkəzi Şurasının SSRİ çempionu olmasında İnqilab müəllimin zəhmətini xüsusi minnətdarlıqla xatırlayır.

Həmin illərdə güləş fəndlərindən biri “Nəcəfin fəndi” kimi çox məşhur imiş. Bir dəfə Batumidə keçirilən SSRİ birinciliyin-də Nəcəf müəllim həmin fəndi işlədərək gürcüstanlı rəqibini ani olaraq “yatıraraq” kürəyini yerə vurur. Gürcülərin məşqçisi bu fəndin mahiyyətini başa düşübmüş. Axşam oteldə Gürcüstan komandasının məşqçisi güləşçilərə sabahkı yarış üçün vaxtında yatmalarını tövsiyə etsə də, güləşçilərdən biri deyilənlərə qulaq asmır və yatmaq istəmir. Məşqçi həmin güləşçiyə deyir: – Bax sənə deyirəm get yat, Çöllüyevi çağıraram səni məcburi “yatırar”.

Onillik güləş təcrübəsindəSSRİ idman ustası Nəcəf Çöllüyev ciddi uğurlara imza atmışdır. Ümumittifaq yarışlarından həmişə qələbə ilə dönən təcrübəli idmançı təkcə 1959-64-cü illərdə milli və sərbəst güləş üzrə açıq birinciliklərdə 13 dəfə respublika çempionu olmuşdur. 1959-65-ci illər ərzində Nəcəf Çöllüyev sərbəst güləş üzrə respublika yığma komandasının “bir nö mrəli” üzvü olub. O, 1963-cü ildə “Azərbaycanın əməkdar idman ustası” fəxri adına layiq görülüb.

Nəcəf Çöllüyevin idman bölməsinə rəhbərlik etdiyi Azərbaycan Memarlıq və İnşaat Universitetində onlarca SSRİ idman ustası, Azərbaycan çempionları və mükafatçıları hazırlanmışdır.

Nəcəf Çöllüyev şəxsən özü bir məşqçi kimi çalışdığı 30 il ərzində 20-dən çox idman ustası, 300-ə yaxın idman ustalığına namizəd, yüzlərcə yuxarı dərəcəli idmançı hazırlamışdır. Əməkdar məşqçi Nəcəf Çöllüyev idmana elmi müstəvidə yanaşmış və gənclərimizin sağlamlığı keşiyində durduğu bu illər ərzində onun bu sahəyə öz elmi-metodik baxışları formalaşmışdır. O, ali məktəblərdə sərbəst güləş üzrə dərslərin təşkilinə və idmançı-güləşçilərin texniki hazırlığına aid bir sıra metodik göstərişlərin müəllifi kimi çıxış etmiş, dosent elmi dərəcəsinə yiyələnmişdir.

Nəcəf müəllim 1964-75-ci illərdə Politexnik İnstitutunda, 1975-ci ildə isə İnşaat Mühəndisləri İnstitutunda (o zaman belə adlanırdı) bədən tərbiyəsi və idman kafedrasında idman müəllimi və məşqçi kimi fəaliyyət göstərib. Ömrünü gənclərimizin sağlam yetişməsinə, cəmiyyətə yararlı olmasına həsr edən Nəcəf Çöllüyevin əməyi yüksək qiymətləndirilmişdir. O,1989-cu ildə “SSRİ bədən tərbiyəsi əlaçısı”, 1994-cü ildə “Azərbaycanın əməkdar məşqçisi”, 1998-ci ildə isə “Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi” kimi fəxri adlara layiq görülmüşdür.

Sərbəst güləşin inkişafında əvəzsiz xidməti olan fəxrimiz Nəcəf Çolluyev 30 yanvar 2022-ci ildə 84 yaşında haqq dünyasına qovuşdu və elin sevgisini qazanmış pəhləvan elinin obasinin çiynində öz doğma torpağında izdihamla dəfn edildi.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax mahalının ziyalıları adından Nəcəf Çöllüyevin vəfat etməsi ilə əlaqədar ailəsinə, doğmalarına və yaxınlarına başsağlığı verir, bu ağır günlərdə onlara səbr, dözüm, dəyanət diləyirlər.

Allah rəhmət etsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here