Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park əsaslı təmirdən sonra yenidən sakinlərin istifadəsinə verilib

0
577

2007-ci ilin 30 mayında ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən, Qazax şəhərinin mərkəzində yerləşən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park rayon rəhbərliyi tərəfindən yenidən qurulub.

İyulun 7-də Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park əsaslı təmirdən sonra yenidən rayon sakinlərinin istifadəsinə verilib.

Əlamətdar gün münasibətilə parkda keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, Səfirliyin inzibati-təsərrüfat məsələləri üzrə müdiri Nurlan Yerkojaulı və ailə üzvləri, tərcüməçi Şamil Əlibəyov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, qardaşı Fərrux Şıxlı və digər ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Xalq yazıçısının abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, əlamətdar gün münasibətilə səmimi ürək sözlərini çatdırıb, tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib. İcra başçısı qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı Respublika Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncam təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət deyil, bütövlükdə, qazaxlılara, rayon ziyalılarına verilən ən böyük dəyər oldu. Bu Sərəncam ölkə başçısının öz tarixinə, ziyalılarına, tanınmış insanlarına olan diqqət və qayğısının əyani təzahürüdür. Ümumilikdə, Azərbaycanda təhsilə, elmə, biliyə, mədəniyyətə, eləcə də digər sahələrə verilən qiymətdir. İcra başçısı Sərəncama əsasən Xalq yazıçısının 100 illik yubileyinin Qazaxda da silsilə tədbirlərlə qeyd olunduğunu bildirib.

Rayon rəhbəri qeyd edib ki, İsmayıl Şıxlı şəxsiyyətinə verilən ikinci böyük qiymət o oldu ki, ölkə başçısının, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində görkəmli şəxsiyyətin adını daşıyan Kosalar kənd tam orta məktəbi əsaslı şəkildə yenidən quruldu. 2021-ci ilin 11 sentyabrında məktəbin qarşısında görkəmli şəxsiyyətin büstünün açılışı oldu. Rayon rəhbəri bu gün Xalq yazıçısının adını daşıyan parkın əsaslı şəkildə təmir olunmasını görkəmli şəxsiyyətə verilən qiymətin daha bir bariz nümunəsi, görülmüş işlərin davamı kimi qiymətləndirib. İcra başçısı çıxışının sonunda tədbir iştirakçılarını və qonaqları bir daha əlamətdar gün, İsmayıl Şıxlı bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Milli Məclisin deputatı Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görkəmli şəxsiyyət haqqında fikirlərini bölüşüb. “İsmayıl Şıxlı qazaxlı olaraq hər zaman Vətən sevgisi, yurd sevgisi ilə yaşayıb, Qazaxı bütün dünyaya layiqincə təqdim edib. Vətənpərvərliyini ən yüksək səviyyədə sübut edib”, – deyən millət vəkili Xalq yazıçısının hər kəsin fəxr, qürur yeri olduğunu qeyd edib. Qazaxın bundan sonra da şairlər, aşıqlar, ziyalılar yetişdirəcəyini, gələcək nəsillərin İsmayıl Şıxlı kimi şəxsiyyətlərdən örnək götürəcəyini bildirib. Parkın təmirinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirən millət vəkili bunu Xalq yazıçısına verilən böyük dəyər kimi qiymətləndirib.

Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov çıxış edərək Qazaxıstan xalqının qucaq dolu salamlarını çatdırıb. Xalq yazıçısının adı ilə bağlı olan tədbirə dəvət olunduğuna görə razılığını ifadə edib. “Biz qazaxıstanlılar bilirik ki, Qazax rayonu türk dünyasına çox böyük dahi şəxsiyyətlər bəxş edib. Həm siyasi baxımdan, həm hərbi sahədə, həm də digər sahələrdə tarixi şəxsiyyətlər yetişdirib. Biz dərin dost köklərə mailikik və mən burada ulu kökləri, Qazaxla Qazaxıstan arasında əlaqələri daha da inkişaf etdirməyə gəlmişəm”, – deyən səfir bugünkü görüşün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, parkın əsaslı təmirinə görə ziyalılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. B.Vüsal İsmayıl Şıxlı kimi şəxsiyyətlərin gələcək nəsillərə miras qoyduğu kişilik məktəbinin illər ötsə belə hər zaman öyrəniləcəyini qeyd edib. “Bu gün Azərbaycanda hər şey yüksək səviyyədədirsə, bu, Ulu Öndər Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin, İsmayıl Şıxlı kimi böyük şəxsiyyətlərin əməyinin sayəsindədir”, – deyən B.Vüsal buna görə ziyalılar adından təşəkkürünü bildirib.

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə heyətinin üzvü, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi, filologiya üzrə elmlər doktoru Valeh Nəsibli çıxış edərək İctimai Birliyin sədri professor İlham Pirməmmədovun adından tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, professor İlham Pirməmmədov digər vacib tədbir səbəbindən bu tədbirdə iştirak edə bilmədiyindən Birliyin rayon üzrə bütün nümayəndələrinin tədbirdə iştirakını təşkil etmişdir. V.Nəsibli qeyd etdi ki, bu gün kişilik taxtı mərdlik üzərində qurulan İsmayıl Şıxlının adını daşıyan parkın ağsaqqalların, ziyalıların, eləcə də rayon ictimaiyyətinin istirahət mərkəzinə çevrildiyini qeyd edib və buna görə ziyalılar adından təşəkkürünü çatdırıb.

Xalq yazıçısının oğlu Elçin Şıxlı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdıraraq atası ilə bağlı xatirələrindən danışıb. İstər atasının adını daşıyan məktəbin əsaslı təmirinə, istər məktəbin həyətində büstünün qoyulmasına, istərsə də parkın abadlaşdırılmasına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə öz adından və ailəsi adından minnətdarlığını bildirib. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Son illər Qazaxın gündən-günə inkişaf etdiyini, simasını dəyişdiyini qeyd edən E.Şıxlı atasının adını daşıyan parkın əsaslı şəkildə yenidən qurulmasını rayonda görülən abadlıq işlərinin davamı kimi qeyd edib.

Sonra tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimova aşıq, ozan sənətinin simvolu sayılan saz və digər xatirə hədiyyələri təqdim olunub. 

Tədbirin bədii hissəsində Aşıq Samir Cəlaloğlu Eldar Nəsibli Sibirelin “Bura Qazaxdır oğlum”, Aşıq Yaşar Gülümcanov Zəlimxan Yaqubun “İlk andımız, son andımız Turandır” şeirini saz havaları üstə ifa edərək tədbirə xoş ovqat qatıblar.

Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Qənirə Musayevanın səsləndirdiyi Eldar Nəsibli Sibirelin “Hardadır İsmayıl Şıxlı”, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Nərgiz Səttərovanın səsləndirdiyi Barat Vüsalın “İsmayıl Şıxlını mən hardan alım” şeirləri alqışlarla qarşılanıb.

Məlumat üçün qeyd edək ki, Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsinə salınmış parkın ümumi sahəsi 3561,53 kv.m-dir. Parkın tikintisinə 2006-cı ildə başlanılmışdır. Parkda geniş abadlıq işləri aparılmış və görkəmli ədibin qranit postament üzərində 4,2 metr hündürlükdə abidəsi ucaldılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2007-ci il mayın 30-da Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkın və ədibin abidəsinin açılışında iştirak etmişdir.

Xalq yazıçısının adını daşıyan parkda əsaslı təmir və yenidənqurma işlərinə 2022-ci ilin may ayından start verilmişdir. Qısa bir vaxtda parkın ərazisinə 1506 kv.m tamet döşənib, 417 m uzunluğunda bardür düzülüb, 22 ədəd işıq dirəyi quraşdırılıb, 120 metr uzunluğunda suvarma üçün pvc boru xətti çəkilib, hasarlara 225 kv.m fasad kabançik daşları vurulub. Parkda yaşıllıq salınaraq 600 ədəd dekorativ gül, 340 ədəd qızılgül, 256 ədəd ağac əkilib. Parkın ərazisinə 12 ədəd konstruktiv hissəsi dəmir materialdan olan taxta oturacaqlar qoyulub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here