Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları orden və medallarla təltif edilib. Dörd nəfər hərbi qulluqçu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Onlardan biri Qazax rayonunun Çaylı kənd sakini, baş leytenant Qocayev Aqil Bərşad oğludur.
Qocayev Aqil Bərşad oğlu 01 noyabr 1996-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 2003- cü ildə Qazax rayon V. Göşşiyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbin on birinci sinfini bitirərək C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2015-ci ildə həmin Liseyi müfəvvəqiyyətlə bitirərək H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunlarının “Kəşfiyyat” ixtisasına daxil olub. 22 iyun 2019-cu ildə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə leytenant rütbəsində AAHM-ni bitirib, N saylı Hərbi Hissədə xidmətə başlayıb. 26 iyun 2022-ci ildə Aqil Qocayevə baş leytenant hərbi rütbəsi verilib.
Baş leytenant Aqil Qocayev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Aqil Qocayev “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov baş leytenant Aqil Qocayevlə telefon əlaqəsi saxlayaraq onu Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib. İlham Pirməmmədov Aqil Qocayevi öz adından, İctimai Birliyin üzvlərinin və Qazax mahalının ziyalılarının adından təbrik edib. İlham Pirməmmədov ona gələcək fəaliyyətində uğurlar arzulayıb. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümü ilə əlaqədar olaraq hərbi qulluqçulara diqqət və qayğı göstərdiyinə, onların təltif olunması barədə Sərəncam imzaladığına görə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərinin, Qazax mahalının ziyalılarının adından Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib.