Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyevin doğum günüdür. Onun 62 yaşı tamam olur.
Fuad Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olmuşdur. Ölkəmizdə idmanın inkişafında, Bakıda və Respublikamızın digər bölgələrində müasir tipli idman mərkəzlərinin tikilməsində və istifadəyə verilməsində, beynəlxalq səviyyəli yarışların keçirilməsində və gənclərlə aparılan məqsədyönlü iş sahəsində Fuad Hacıyevin xüsusi xidmətləri vardır.
Bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən nəzərə alınaraq 2015-ci il 2 mart tarixli 1079 nömrəli Sərəncamı ilə gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2021-ci il Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Həmçinin Fuad müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, ölkəsinə və dövlətinə sadiq əsl vətənpərvər insandır!
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.
Fuad müəllim, biz sizinlə fəxr edirik!
P.S. Hacıyev Fuad Hacı oğlu 27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.
1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və “Mühəndis-texnoloq” ixtisasına yiyələnmişdir. 1994-cü ildə ali siyasi təhsil almışdır – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutununu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirmiş və “Politoloq” ixtisasına yiyələnmişdir.
Təhsil aldıqdan sonra istehsalatda mühəndis texnoloq işləmiş, Azərbaycan Komsomol Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. Müstəqillik dövründə Azərbaycan Respublikası Gömrük Xidmətində məsul vəzifələrdə çalışmışdır. 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışmışdır. 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir.