Hörmətli cənab Prezident!
Fevralın 7-də tam demokratik, azad və şəffaf keçirilən seçkidə xalqımızın öz iradəsini sərbəst ifadə edərək Sizi Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi yenidən növbəti 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçməsi ötən 20 ildə Sizin yeni dövrün lideri kimi siyasi, diplomatik, iqtisadi, hərbi və mənəvi görüşlərinizə, 44 günlük Zəfər savaşında Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı kimi strateji mövqeyinizə qədirbilən xalqımızın verdiyi qiymətdir.
Sizin şəxsi keyfiyyətləriniz, konstruktiv çıxışlarınız, yüksək bacarıq və təvazökarlığınız, haqq yolunun davamçısı olmağınız, həyatınız boyu topladığınız bütün qiymətli və müsbət təcrübələri faydalı şəkildə öz şəxsiyyətinizdə və əməllərinizdə cəmləşdirmək səriştəniz qalib dövlətin Qalib Lideri kimi tariximizə öz möhrünü vurmuşdur. Siz Azərbaycan xalqı üçün yeni dövrün lideri olmaqla yanaşı, qüdrətli Azərbaycan dövlətinin qurucusu oldunuz.
Zəfər seçkisində xalqın böyük coşqu və ruh yüksəkliyi ilə axın-axın seçki məntəqələrinə gəlməsi, gələcəyimizə səs verməsi böyük tarixi hadisədir. Bayram əhval-ruhiyyəsi ilə keçirilən növbədənkənar seçki müasir tariximizə növbəti şanlı səhifə kimi yazıldı. Müstəqillik tariximizdə ilk dəfə suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün Azərbaycanın layiqli dövlət rəhbərini seçdilər. Dünya dövlətlərinin gözü önündə Azərbaycan xalqının mütəşəkkil şəkildə dəmir yumruq kimi birləşərək növbəti tarixi inkişaf zəfərlərinə imza atmaq üçün onu tarixi torpaqlarına qovuşduran Ali Baş Komandanı yenidən özünə prezident seçməsi həm də xalqın qələbəsidir!
Xalqımızın sevdiyi, beynəlxalq aləmin ehtiramla qəbul etdiyi bir şəxsiyyətin varlığı bütöv Azərbaycan üçün yeni imkanlar, yeni inkişaf erasının başlanğıcı üçün zəmin deməkdir. Bu baxımdan, xalqın Sizi seçməsi Heydər Əliyev siyasi kursuna, ideoloji prinsiplərinə necə məhəbbət bəslədiyini bir daha göstərmiş oldu.
Cənab Prezident!
Sizin yürütdüyünüz daxili və xarici siyasət doğma Azərbaycanımızın hər yanında olduğu kimi tarixi Qazax mahalında – Qazax və Ağstafa rayonlarında da böyük sevgi və sayğı ilə qarşılanmaqdadır. Həyata keçirdiyiniz çoxşaxəli siyasi və iqtisadi islahatlar sayəsində Qazax və Ağstafada əhalinin sosial rifahı gündən-günə yaxşılaşmış, uzun illər müharibə şəraitində yaşamış insanlarda öz doğma torpağına bağlılıq əzmini yüksəltimişdir. Bütün bunlar, cənab Prezident, sizin diqqət və qayğınızın təzahürüdür.
İstər pandemiya dönəmində, istərsə də 44 günlük Vətən müharibəsi şəraitində öz Prezidentinin çağırışlarına dərhal səs verərək onun ətrafında dəmir yumruq kimi birləşən, Qazax və Ağstafa Rayon İcra hakimiyyətləri ilə koordinasiyalı fəaliyyət göstərən “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri həssas sosial təbəqəni təmsil edən ailələrə, cəbhədə döyüşən əsgərlərə öz xeyirxah əməlləri ilə həm maddi, həm də mənəvi dəstək olaraq Qələbəmiz üçün əllərindən gələni əsirgəmədilər.
7 fevral növbədənkənar prezident seçkisində böyük inamla iştirak edən, Azərbaycanın işıqlı gələcəyinə səs verən ölkə vətəndaşlarının səslərinin içində bizim də səsimizin olması ilə qürur duyur, daim böyük tarixi qələbənin yaradıcısına, Azərbaycanı regionun lider dövlətinə çevirən Ali Baş Komandanın ətrafında olacağımıza söz veririk.
Cənab Prezident!
Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizin gərgin və yorulmaz əməyiniz sayəsində regionda lider dövlətə çevrilmiş, dünyada böyük nüfuz sahibi olmuş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. Sizin bu günə qədər siyasət aləmində qazandığınız uğurlar milli siyasət konsepsiyasına əsaslanan mükəmməl bir strategiyanı gerçəkləşdirmək yolundakı müstəsna xidmətlərinizdən doğur. Hər bir azərbaycanlı Sizin öz parlaq siyasi zəkanız və istedadınız sayəsində yeni Azərbaycanın bugünki gerçəkliklərini yaratdığınız kimi, gələcəyə aparan yolları müəyyən etdiyinizə də ürəkdən inanır. Çünki Siz nəyi nə zaman edəcəyinizi yaxşı bilirsiniz!
Tarixi Qazax mahalının – Qazax və Ağstafa rayonlarının əhalisi də bütünlükdə Azərbaycan xalqı kimi ölkəmizin gələcək inkişaf yolunun Sizin bu dövlət üçün gördüyü əməllər əsasında kamilləşəcəyinə əmindir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası Sizin müstəsna idarəçilik məharətiniz sayəsində yeni-yeni uca zirvələr fəth etməkdədir.
Onu da qeyd edək ki, Qazax və Ağstafadan olan yüzlərlə ziyalı, müəllim, alim, siyasətçi, hərbçi, iqtisadçı, aktyor, müsiqiçi, rəssam, heykəltəraş və digər peşə sahiblərinin ölkəmizin inkişafında göstərdikləri xidmətlər Sizin tərəfinizdən yüksək qiymətləndirilmiş, onlar ali dövlət mükafatları, orden və medallarla təltif edilmişlər. Hər bir qazaxlı və ağstafalının Sizin fəaliyyətinizə göstərdiyi böyük rəğbət və məhəbbət həm də bu diqqətin və qayğının qədir-qiyməti, qarşılığıdır.
Hörmətli cənab Prezident!
7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Qazax mahalının ziyalıları adından Sizi bir daha təbrik edir, Azərbaycanın gələcəyi naminə yorulmaz və qətiyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayır, hər bir azərbaycanlının Prezidenti olmağınızla fərəhlənir, Azərbaycan tarixində adınızla bağlı olan yeni Zəfər erasının başlanğıcını şövqlə təqdir edirik.
Sizinlə qürur duyuruq, cənab Prezident!
Dərin hörmət və ehtiramla,
“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov, riyaziyyat elməri doktoru