Məlumdur ki, yanvar ayının 20-də Azərbaycanda entoqrafiya, arxeologiya elminin inkişafında müstəsna xidmətləri olmuş, özünəməxsus böyük elmi məktəb yaratmış, ictimai-siyasi xadim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, akademik Teymur Əmiraslan oğlu Bünyadovun 90 yaşı tamam olmuşdur.
Yubiley münasibətilə və həmçinin Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə Teymur Əmiraslan oğlu Bünyadov 18 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilmişdir.
Bu münasibətlə ilk olaraq 7 fevral 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli tarixçi-etnoqraf alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda arxeoloji və etnoqrafik araşdırmalar” mövzusunda elmi sessiya keçirilmişdir. Sessiyada millət vəkilləri – Fəttah Heydərov, akademik Ziyad Səmədzadə, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, professorlar – Maisə Rəhimova, Qəzənfər Paşayev, Şirindil Alışanov, şair Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova və digərləri çıxış edərək yubilyarı təbrik edib, xatirələrini bölüşüblər.
Fevral ayının 17-də isə “Qazax Xeyriyyə” İctimai Birliyinin (Qazax Xeyriyyə Cəmiyyəti) təşəbbüsü və təşkilatçılığı ilə “Xarı bülbül” sarayında “Şöhrət” ordenli, Əməkdar elm xadimi, “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, akademik Teymur Əmiraslan oğlu Bünyadovun 90 illik yubileyi və cənab Prezident tərəfindən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təntənəli formada böyük tədbir keçirilmişdir.
Yubiley mərasimində ölkənin tanınmı
ş ictimai-siyasi xadimləri, elm xadimləri, yazıçı və şairləri, çoxsaylı ziyalıları və akademik Teymur Bünyadovun ailə üzvləri, yaxınları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov tədbir işçtirakçılarını salamlayaraq, akademik Teymur Bünyadovun yubiley tədbirinə dəvəti qəbul edib gəldiklərinə görə onlara təşəkkürünü bildirdi. Professor İ.Pirməmmədov sonra “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Teymur Bünyadovun “Şərəf” ordeni ilə təltif etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvləri və Qazax mahalının çoxsaylı ziyalıları adından təşəkkürünü və minnətdarlığını bildirdi. Professor İ.Pirməmmədov həmçinin onu da qeyd etdi ki, akademik Teymur Bünyadov həm “Qazax” Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olaraq, Cəmiyyətin inkişafına, fəaliyyətinə köməkliklər etmiş, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu illərdə də Cəmiyyətin üzvləri ilə birgə daim Qazağın sərhəd kəndlərində, səngərlərdə olaraq, ermənilərlə üz-üzə dayanmış əhaliyə mənəvi stimul vermişdir. Bir sözlə bir qazaxlı kimi el-obaya əsl ağsaqqallıq etmişdir. Buna görə də “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Teymur Bünyadov Birliyin “Əli ağa Şıxlinski” mükafatı ilə də təltif edilmişdir.
Daha sonra akademik Teymur Bünyadovun keçdiyi şərəfli və mənalı həyat yolu haqqında çıxış etmək üçün söz professor Mahmud Allahmanlıya verildi. Professor M.Allahmanlı akademik Teymur Bünyadovun həyat yolundan, Azərbaycan etnoqrafiya və arxeologiya elminə gətirdiyi yeniliklərdən, uğurlardan bəhs edərək, həmçinin onun ədəbi yaradıcılığı haqqında da tədbir iştirakşılarına geniş məlumatlar verdi.
Sonra Azərbaycanın xalq artisti Mənsum İbrahimov da yubliyarı təbrik edərək gözəl bir musiqi ərmağanı ilə tədbir iştirakçılarına xoş ovqatlar bəxş etdi.
Sonra akademik Nizami Cəfərov çıxış edərək akademik Teymur Bünyadovu həm tarix elmində müstəsna xidmətləri olan bir alim kimi, həm də onu ədəbiyyatımızda, folklorumuzda böyük işlər görmüş xalqşünas alim kimi təqdim etdi.
Sonra Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramovun ifasında gözəl bir mahnı səsləndirildi və rəsqlər oldu.
Sonra şıxış etmək üçün söz “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyevə verildi. Profesor Əhməd Vəliyev akademik Teymur Bünyadovun elmi fəaliyyətindən, onunla bağlı olan xatirələrindən danışaraq sonda “Odlar Yurdu” Universitetinin Elmi Şurasının qərarı ilə akademik Teymur Bünyadova “Odlar Yurdu” Universitetinin “Fəxri Professor”u adının verildiyini bəyan etdi. Daha sonra akademik Teymur Bünyadov səhnəyə dəvət olundu və “Odlar Yurdu” Universitetinin Fəxri mantiyası və “Fəxri Professor” diplomu ona təqdim edildi.
Sonra tanınmış aşıqlar Aşıq Avdı və Aşıq Şaiqin ifasında gözəl saz havaları səsləndirildi.
Daha sonra akademik Ziyad Səmdəzadə çıxış edərək akademik Teymur Bünyadovun şəxsi keyfiyyətlərindən, ictimai-siyasi fəaliyyətindən danışaraq yubilyarı təbrik etdi.
Sonra respublikamızın tanınmış müğənniləri Sahib İbrahimov və Eldar Ələkbərov da yubilyarı təbrik edərək, repertuarlarından gözəl musiqilər səsləndirdilər.
Sonra qazaxlıların sevimlisi, dostu, akademik Teymur Bünyadovu təbrik etmək üçün Qazaxdan gəlmiş Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bütün qazaxlılar adından tədbir iştirakçılarını salamlayaraq, Teymur müəllimə ən xoş arzu və diləklərini yetirdi. O qeyd etdi ki, Teymur Bünyadov Azərbaycan elmində elə böyük zirvədir ki, hər kəs o zirvə ilə fəxr edir. Ona görə də bu yubiley tədbirinin davamı dünyaya dahilər bəxş etmiş, Teymur müəllimin ata yurdu Qazaxda daha geniş və təntənəli şəkildə qeyd ediləcək.
Daha sonra Teymur müəllimin yaxın dostu, sabiq Maliyyə naziri Əvəz Ələkbərov çıxış edərək akademik Teymur Bünyadovun bir sıra elmi, ictimai fəaliyyətindən danışdı.
Qeyd edək ki, “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin iclasında akademik Teymur Bünyadovun 90 illik yubileyi münasibətilə “Dəli Kür” qəzetinin Xüsusi buraxılışı hazırlanması da qərara alınmışdır. Bu münasibətlə də “Dəli Kür” qəzetinin fevral nömrəsində jurnal formatında 52 səhifədən ibarət nəfis şəkildə xüsusi buraxılış çap edilmişdir. Jurnalda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Teymur Bünyadovun “Şərəf” ordeni ilə təltif etməsi haqqında imzaladığı sərəncamı, Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbovun təbrik məktubi ilə yanaşı, Qazax rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun, Ağstafa rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin, Ağcabədi rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədovun da təbrik məktubları verilmişdir. Həmçinin jurnalda ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm xadimləri, şair və yazıçıları və digər tanınış insanlarının akademik Teymur Bünyadov haqqında sanballı və əhatəli məqalələri də çap olunmuşdur.
Sonra “Dəli Kür” qəzetinin qeyd edilən Xüsusi buraxılışı, Teymur Bünyadovun təkrar nəşrdən çıxmış “Göz yaşları” romanı və digər kitabları tədbir iştirakçılarına hədiyyə edildi.
Tədbirin sonunda professor İlham Pirməmmədov çıxış etmək üçün sözü akademik Teymur Bünyadova verdi. Akademik Teymur Bünyadov ilk olaraq onun əməyinə verdiyi yüksək qiymətə və dəyərə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Sonra “Xarı bülbül” sayarında baş tutan möhtəşəm tədbirin təşkil edilməsində əməyi olan hər kəsə, şəxsən “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədova dərin təşəkkürünü bildirdi. Daha sonra dəvəti qəbul edib tədbirə gələn insanların hər birinə, onun haqqında söz deyən hər kəsə, “Dəli Kür” qəzetinin Xüsusi buraxılışını hazırlayan kollektivə, orada onun ünvanına təbrik göndərən, məqalə yazan bütün insanlara, onun haqqında verilişlər hazırlayan televiziya əməkdaşlarına dərin minnətdarlığını bildirdi. Akademik Teymur Bünyadov qeyd etdi ki, məni yaşadan da elə bu sevgidir, xalqa, dövlətə, el-obaya, sizlərə olan sevgimdir.
Akademik Teymur Bünyadov sonda hər kəsi fevral ayının 22-də Beynəlxalq Muğam Mərkəzində Muğam Mərkəzinin və AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutacaq yubiley gecəsinə dəvət etdi.